Rus sektorunun bağlanması çağırışına CAVAB

17-09-2021, 16:44           
Rus sektorunun bağlanması çağırışına CAVAB
Azərbaycanda rus dilində təhsillə bağlı müzakirələrimizi davam etdiririk.
Qeyd etdiyimiz kimi, övladlarını rus dilində təhsil vermək istəyən valideynlərin sayı günbəgün artır. Bəzi təhsil ekspertlərinin fikrincə, rus bölməsinə olan bu qədər maraq cəmiyyəti böyük təhlükə ilə üz-üzə qoya bilər. Elə bu səbəbdən də bir çox mütəxəssislər rus dilində təhsilin ləğvi haqqında təklif də irəli sürüblər.

Məsələ ilə bağlı bu dəfə cəmiyyətin tanınmış simalarının fikirlərini öyrənməyə çalışdıq.

Azərbaycan Jurnalistlər birliyinin sədri, Ayna - Zerkalo qəzetinin baş redaktoru Elçin Şıxlının fikrincə, rus dilini bilmək lazımdır, lakin bu dildə məktəbləri və fakultələrin aradan çıxması labüddür.
O, Bizim.Media-ya açıqlamasında fikirlərini belə izah edib:

“Ancaq biz bu dili öyrənməliyik, çünki biz Rusiya ilə qonşuyuq. Düzdür, onlar bizə hər zaman yaxşı münasibət bəsləməyiblər, əsasən buna görə də bizim haqqımızda nə danışdıqlarını, nə düşündüklərini bilmək üçün biz rus dilinə yaxşı yiyələnməliyik. Ancaq birdən-birə bu dildə təhsili dayandırmaq texniki cəhətdən düz gəlmir. İstənilən halda bu tez bir zamanda alınmayacaq. Prosese tədricən getməlidir. Rus dili də xarici dil kimi tədris olunmalıdır”.

Baş redaktor bildirib ki, biz bunların hamısını nəzərə alıb, həm rus, ingilis, alman hətta fars dilini belə öyrənməyə can atmalıyıq.

“Ancaq ümumən rus bölmələri tədricən ləğv edilməlidir. Çünki biz müstəqil dövlətik. Baxın, O vaxtlar, hətta sovet dövründə belə övladını rus məktəbinə verən yazıçı yox idi. Onlar bu haqda belə deyirdilər: “Əgər mənim öz ana dilimdə yazdığım əsərlərimi övladım oxuya bilməyəcəksə, onda mən niyə yazıram?” Bu fikirləri hər zaman atam da deyərdi”.

Məsələ ilə bağlı filologiya elmləri doktoru Qulu Məhərrəmli isə düşünür ki, qus dilində təhsilin ləğv olunması məsələsini bu dərəcə radikal şəkildə qoymaq bir az impulsiv yanaşmadır.

O, Bizim.Media-ya açıqlamasənda vurğulayıb ki, Azərbaycanda rus, ingilis hətta türk dilində də təhsil olmalıdır, lakin bunlar hamısı yardımçı funksiya daşımalıdır:

“Sadəcə olaraq indi qorxulu olan cəhət rus dilində olan məktəblərin sayca artmasıdır. Hər bir ölkədə xarici dilində təhsil verən məktəblər var.

Ancaq bunların sayını 200-300-ə qaldırmaq və bu təhsilə təşviq etmək yolverilməzdir. Bax, bunun qarşısı alınmalıdır. Valideynlər arasında bu səmtdə düzgün maarifləndirmə işləri aparmaq lazımdır ki, könüllü olaraq övladlarını ana dilində təhsil almalarına üstünlük versinlər. Bundan başqa hazırda alman, fransız və ingilis dilində də təhsil alan uşaqlar var, buna qarşı çıxmaq olmaz, çünki bu dünya ilə təmas dilləridir”.

Qulu Məhərrəmli vurğulayıb ki, indiki vəziyyətdə rus dilində təhsilin dərhal dayandırılmasını tələb etmək olmaz. Bundan başqa rus dili “karyeraya aparan yol” kimi də təşviq edilməməlidir.

“Rus dilini belə təqdim etməkdənsə, Azərbaycan dilində karyera qazanmaq imkanlarını artırmalıyıq.

Biz başa düşməliyik ki, Azərbaycan dili dövlət dilidir və onun xüsusi statusu var və ölkədə yaşayan hər bir kəs bu dili bilməlidir. Eyni zamanda da özünü azərbaycanlı adlandıran hər kəs öz ana dilində təhsil almağa üstünlük verməlidir. Mən hesab edirəm ki, biz rus dilini Puşkinin, Dostayevskinin dili kimi öyrənməliyik. Düzdür, xarici dildə danışmaq bacarığı olan gənclərimizi təqdir edirəm, lakin bunların hamısının önündə ana dili – Azərbaycan dili dayanmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.