Deputat laqeyd dövlət qurumlarına səsləndi: - “Şəhid ailəsi, qazi nə üçün sosial şəbəkədə haqqını istəməlidir?”
21-09-2021, 19:42

Deputat laqeyd dövlət qurumlarına səsləndi: - “Şəhid ailəsi, qazi nə üçün sosial şəbəkədə haqqını istəməlidir?”
Tarix: Bu gün, 17:18 | Çap et
Deputat laqeyd dövlət qurumlarına səsləndi:
Sosial şəbəkələrdə öz problemini işıqlandıran və ancaq bundan sonra dövlət qurumlarının dərhal məsələyə münasibət bildirərək problemi həll etməsinə dair onlarla fakt var.
Məsələ ictimailəşdirildikdən sonra qurumların problemlə müdaxilə edərək münasibət bildirməsi həmin dövlət qurumlarının öz vəzifələrinin öhdəsindən gəlmədiyinə sübutdur.
Hazırda sosial şəbəkələrdə Azərbaycan Ordusunun baş leytenantı, Vətən Müharibəsi döyüşçüsü Qəzənfər Ağayev hazırda xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı məlumatlar əksini tapır. Qəzənfər Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyinin azadlığı uğrunda, Suqovuşanın azadlığı və Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncama əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Eyni zamanda, dövlət başçısının sərəncamları ilə "Ağdamın, Kəlbəcərin və Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Qazi hazırda aldığı travmalara bağlı evdə müalicə olunur. Dövlətdən müalicəsi ilə bağlı heç bir kömək istəmir. Lakin onu tanıyanlar mövzunu ictimailəşdirməyə çalışırlar.
Digər müharibə iştirakçısı, Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Fariz Hidayət oğlu Ağayev də ötən gün sosial mediada yayılan şikayəti ilə gündəm yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazi ilə bağlı məsələni artıq araşdırıb. Ağayevin ailə təsərrüfatının qurulması üçün hələ bu ilin aprel ayında onun özünüməşğulluq proqramına cəlb edildiyi, bunun üçün avqustun 9-da ona iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər (3 inək və 400 kq yem) təqdim edildiyi açıqlanıb. Fariz Agayevin əlilliyinin qiymətləndirilməsinə isə ilk növbədə aidiyyati qurumlar tərəfindən onunla bağlı müvafiq sənədlər (şəhadətnamə və göndəriş) təqdim edildiyi halda həyata keçiriləcəyi deyilib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin həkim-ekspertləri isə Farizi evində əyani müayinə edilib. Nəticəyə əsasən əlilliyin qiymətləndirilməsi üçün sənədləşmə prosesində müvafiq dəstəyin göstəriləcəyi bildirilib.
Ötən aylarda Bəhram Nuriyev adlı qazi də qarşılaşdığı sosial problemlər və səhhəti ilə bağlı lazımı qurumlara müraciət etdiyi, lakin ona müsbət cavab verilmədiyi üçün intihara cəhd etmişdi.
İctimaiyyət isə haqlı olaraq düşünür ki, nə üçün müharibə iştirakçıları savaş bitəndən sonra qarşılaşdıqları problemlər, xüsusən də səhhətləri ilə bağlı sosial şəbəkələrdən müraciətlər ünvanlamalıdırlar? Olmazmı ki, aidiyyəti qurumlar vaxtında problemə müdaxilə etsin, onların travmaları, konkret xəstəlikləri, sosial təminatla bağlı məsələləri ilə məşğul olsun?
Mövzu ilə bağlı Cebhe.info- ya Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev danışıb. O bildirib ki, hər bir Qarabağ qazisi, şəhid ailəsinin üzvü qiymətli insandır və onlara diqqət, qayğı göstərilməlidir:
“Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse- prezident Mehriban Əliyeva dəfələrlə qazilərə yanaşmanı nümunə olaraq göstərib, bununla bağlı çağırışlar ediblər. Şuşa şəhərinin işğaldan azad olunma xəbərini Prezident Şəhidlər xiyabanından elan etdi. Bu, bütün şəhidlərimizə hörmət və ehtiramın əlaməti idi. Müharibə bitəndən sonra, noyabrın 11- də ölkə Prezidenti və xanımı hərbi hospitala yaralılarımızla görüşə getdilər. Bu, dövlət orqanlarında çalışan şəxslər üçün çox ciddi çağırış idi və nümunə olmalıdır”.
Deputat bildirib ki, buna baxmayaraq, zaman- zaman yerli icraedici orqanların öz məsuliyyətlərini dərk etmədikləri müşahidə olunur:
“Nəticədə həmin insanlar diqqətdən kənar qalırlar, onların etirazları olur. Həmin etirazların müəyyən qismini zamanında aradan qaldırmaq mümkün ola bilərdi. Mən hesab edirəm ki, yerli icra hakimiyyəti orqanları, icra başçıları da sözügedən məsələni nəzarətdə saxlamalıdırlar. Hər bir rayon, şəhər icra hakimiyyətinin nəzdində şöbə yaradılıb. Bu şöbə sırf şəhid ailələri və Qarabağ qazilərinin problemləri ilə məşğul olmalıdırlar. Bununla yanaşı, qazilərin problemlərin həll edilməsi üçün koordinasiya mərkəzi də yaradılıb. Bu mərkəz elektron hökumət çərçivəsində öz işini quracaq. Hər bir şəhid ailəsi, hər bir Qarabağ qazisinin şəxsi məlumatları, səhhətindəki problemlər, sosial vəziyyəti haqqındakı məsələlər orda göstərilməlidir”.
Musa Quliyev hesab edir ki, qazilərlə bağlı bü cür hallar çox deyil, amma ümumiyyətlə, olmamalıdır:
“Belə halların qarşısının alınması üçün lazımı tədbirlər görülməlidir. Şəhid ailəsi, Qarabağ qazisi nə üçün sosial şəbəkə üzərindən haqqını istəməlidir?! Qazilərin haqqı özlərinə qaytarılmalıdır və onlara diqqət- qayğı göstərilməlidir”.
Deputat deyib ki, qazilərdə müharibə və postmüharibə sindromu var. Qazilərin və şəhidlərin ailə üzvlərinin daimi psixoloji yardıma ehtiyacı olur:
“Kontuziya alan yaralılarımızın hər biri psixiatrın nəzarəti altında olmalıdır. Həmin şəxslərə ixisaslaşdırılmış və tibbi yardım göstərilməyəndə bu cür problemlər ortaya çıxacaq. Hesab edirəm ki, həm səhiyyə orqanları, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemi, yerli icra hakimiyyəti orqanları bu məsələni daim gündəmdə saxlamalı, həll ediləcək bir nömrəli məsələ hesab etməlidirlər”.
Deputat Musa Quliyev həmçinin əlavə edib ki, ölkə rəhbərliyi tərəfindən bu qəbildən olan insanların sosial, tibbi və digər məsələlərinin həlli üçün sərəncamlar, fərmanlar verilib, yeni qanunlar qəbul olunub. Bundan da yerli strukturlar lazımi dərs götürməlidirlər.