"Biz qanundankənar fəaliyyətlə məşğul deyilik" - Baş prokurorluğa çağırılan müxalifət lideri

23-09-2021, 18:34           
 "Biz qanundankənar fəaliyyətlə məşğul deyilik" -
Vətəndaş və İnkişaf Partiyasının(VİP) sədri Əli Əliyev Baş Prokururluğa çağırılıb. Onun “Youtube” sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr istifadə etməsi, vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə sahəsində dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verməsi müəyyən edilmişdir.

Qeyd edilənlərlə əlaqədar Əli Əliyev 22.09.2021-ci il tarixdə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.

Bu barədə “Sherg.az”a danışan müxalifət lideri mövqeyindən dönməyəcəyini söylədi:

“YAP-ın, o cümlədən həmin partiyanın deputatlarının və onun nəzarətində olan media qurumlarının hücumları ölkədə müxalifətin hansı gücə malik olduğunu göstərir. Biz qanundankənar fəaliyyətlə məşğul deyilik. Sadəcə hakimiyyətin fəaliyyətindəki çatışmazlıqları göstəririk. Çalışırıq ki, ölkəmiz dialoq şəraitində inkişaf etsin. Prezident İlham Əliyev məmurların fəaliyyətindəki nöqsanların üzə çıxarılmasının lazım olduğunu deyir. Biz də bunu edirik. Görünür, bəzi qurumlar çıxışlarımızdan narazıdır. Mənə hədə-qorxu gəlməyə çalışırdılar, amma yanlış yoldadırlar. Fəaliyyətimiz bundan sonra da davam edəcək. Heç bir təhdid bizi yolumuzdan döndərə bilməz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.