İranın Azərbaycana güc nümayişi gərginliyi artırır - Daha iki ölkə ordusunu sərhəddə cəmləyir
1-10-2021, 17:44

“İran sərhəd ərazidə keçirdiyi hərbi təlimlə Azərbaycana güc nümayiş etdirir, siyasi təzyiq göstərməyə çalışır”.
Bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev İranın Azərbaycanla sərhəd ərazidə keçirdiyi hərbi təlimləri şərh edərkən deyib.
Onun sözlərinə görə, İran həm də Azərbaycana demək istəyir ki, istənilən vaxtı sizin ərazinizə keçə, istədiyimizi edə bilərik.
C. Nuriyevin fikrincə, İran eyni zamanda Azərbaycana göstərmək istəyir ki, sizin başınız üzərində damokl qılıncıyıq və bizdən qorxun.
Politoloqun qənaətincə, İran tərəfi anlamır ki, “qatarı” çoxdan gedib: “Rəsmi Tehran bunu düşünsə, daha yaxşı olar. Artıq Azərbaycan əvvəlki deyil. Azərbaycanın elə müttəfiqləri var ki, İranın bizə qarşı istənilən addımı bu ölkəyə faciələr gətirər”.
C. Nuriyev əlavə edib ki, İran Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil: “Onları narahat edən həm də odur ki, biz niyə İranla yox, Türkiyə ilə bu qədər yaxınıq. Ancaq İran 30 ildir işğalçı Ermənistana dəstək verdiyinin fərqində deyil. Mənim qənaətimcə, İran səhv yoldadır. Tehran yaxşı düşünməli, atdığı addımların məsuliyyətini dərk etməlidir”.
Artıq Türkiyənin də İranla sərhəddə müəyyən sayda hərbi texnika yığdığını xatırladan C. Nuriyev deyib ki, Pakistan da eyni addım atır:
“İran bizə əzələ nümayiş etdirir. Eyni hərəkəti də Türkiyə ona qarşı edir və göstərir ki, Azərbaycan tək deyil.
Pakistan da bu məsələni gündəmə gətirir. Pakistan artıq Vəzirstan əyalətinə güc toplayıb. İran bundan da narahatdır. Hətta Pakistanın bu addımına görə Azərbaycanı ittiham edir. Anlamır ki, Pakistan bizə qardaş ölkədir. Onlar vəziyyəti görür və belə addım atır. 10 milyonluq Azərbaycan 210 milyonluq Pakistana təsir göstərə bilməz ki, belə addım at. Deməli, Pakistan Azərbaycanı qəbul etdiyi üçün bizim yanımızdadır”.
C. Nuriyev sonda əlavə edib ki, İrandakı molla rejimi hələ də köhnə qaydalarla işləyir və bu, onların faciəsidir.