Bu təklif İranda türkofobiyanın və məmur savadsızlığının nəticəsidir - FAKT BUDUR!

12-11-2021, 11:04           
Bu təklif İranda türkofobiyanın və məmur savadsızlığının nəticəsidir - FAKT BUDUR!
"Bu sayaq açıqlamalar aranı qatmaq, qarşıdurma yaratmağa hesablanıb və İranda özünü daha qabarıq göstərən türkofobiyanın nəticəsidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Beynəlxalq Multukulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov İranın dövlət televiziyasında çıxışı zamanı bu ölkənin fars dili və ədəbiyyatı üzrə mütəxəssisi, Qeydiyyat İdarəsi nümayəndəsinin türk adlarını "ciddi təhlükə” adlandıraraq, onlara qadağa qoyulması təklifinə münasibət bildirərkən deyib. Həmsöhbətimizin fikrincə, belə çağırışlar xəstə təxəyyülün məhsuludur:

"İnsan adlarının müsəlman və ya qeyri-müsəlman kimi təhrif olunması həddən artıq yanlışlıqdır və məhdud düşüncəli insanların xəstə təxəyyülünün bəhrəsidir. Məgər İslamdan əvvəl Məhəmməd, Abdulla, Rza, Həsən, Hüseyn, Ömər kimi adlar mövcud olmayıb? Mövcud olub. Ona görə bu bölgünün özü qüsurludur. Fars adlarına müraciət etsək, bu adların da bir hissəsi yenə də İslamdan əvvəlki, Sasani adlarıdır. Hətta o adların bir hissəsini ermənilər də özlərinə götürüb. Bu, sərsəm düşüncəli insanın sayıqlamasıdır və ona ciddi əhəmiyyət verməyə də ehtiyac yoxdur. Mənasız insanın mənasız söylədiyi fikirlərdir. Burada əslində "xoruzun quyruğu” görünür”.

İran Qeydiyyat İdarəsi nümayəndəsinin türk dilini moğol-qırğız adlandırmasına gəldikdə, A. Qurbanov bildirir ki, bu hal həmin şəxsin ali təhsil və linqvistikadan, ümumiyyətlə, xəbərsiz olmasının göstəricisidir:

"O, bununla orta statistik İran məmurunun obrazını yaradıb. O, İrandakı azərbaycan türkcəsini qeyri-irani adlandırırsa, heç olmasa ölkəsinin tarixilə tanış olsun. Hətta Tehran şəhərinin 80 faizi azərbaycan türkcəsini bilir”.

Qeyd edək ki, İranın rəsmi televiziyasının qonağı olan bu ölkənin Qeydiyyat İdarəsinin nümayəndəsi fars dili və ədəbiyyatı mütəxəssisi türk dilini "qeyri-İrani" və "moğol-qırqız" dili adlandırıb. Özünü dilçi ekspert kimi təqdim edən şəxs türk adlarının "anlamsız", "qeyri-irani", "qeyri-islami" olduğunu iddia edib. O, türk adlarını "ciddi təhlükə" adlandırıb və sərsəmcəsinə iddia edib ki, türk adlarının yayğınlaşması mədəni problemləri artıracaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.