“İndiki şəraitdə “Ayna-Zerkalo”nun bərpası ağılsızlıq olar” - Elçin Şıxlı
18-03-2016, 14:12
“Hazırkı durumda şərtlər heç də dəyişməyib. Əksinə, bir az da mürəkkəbləşib. Kağız idxalına 18 faiz ƏDV-nin tətbiq edilməsi ilə xərclər bir qədər də artıb”.
Bunu Modern.az saytına jurnalist Elçin Şıxlı redaktoru olduğu “Ayna-Zerkalo” qəzetinin bərpası məsələsi barədə danışarkən bildirib.
O, qeyd edib ki, bu gün qəzet fəaliyyəti üçün normal şərait yoxdur:
“Çünki, ümumiyyətlə, satış, reklam yoxdur. Ona görə də, belə bir şəraitdə qəzetin bərpası barədə düşünmək, yaxud bu işin altına girmək ağılsızlıq, hansısa vəsaitlərin boş yerə, nəticəsiz şəkildə xərclənməsi demək olardı. Hələ ki, belə bir vəziyyətdə qəzetin bərpası qeyri-mümkündür”.
E.Şıxlı “Ayna-Zerkalo”nun onlayn versiyada fəaliyyət ehtimalına da münasibət bildirib:
“Mətbuatın onlayn versiyası hər yerdə olduğu kimi Azərbaycanda da aktualdır. Amma onun da bir əmması var. Əmması odur ki, çap mediasında dolanmaq və qazanmaq üçün iki mənbə var: biri satışdan, digəri isə reklamdan gələn vəsaitdir. Onlayn versiyada isə iki deyil, bir mənbə var ki, o da reklamdır. Təbii ki, bunu normal kommersiya, biznes nöqteyi-nəzərindən deyirəm.
Bizdə onlayn mediadan qazanmaq demək olar ki, mümkün deyil. Onlayn mediada fəaliyyət göstərmək üçün işçilər və həmin işçilərin normal yaşayışını təmin edəcək vəsait lazımdır.O vəsait isə yoxdur. Ona görə də heç bu variantı da düşünmürük”.
1990-cı ilin avqustunda yaradılan “Ayna” və “Zerkalo” qəzetləri 2014-cü ilin may ayının əvvəlində dövriliyini azaltdı. Rus dilində gündəlik nəşr olunan “Zerkalo” həftədə bir dəfəyə keçdi.
Azərbaycan dilində çıxan “Ayna” həftəliyinin isə ayda bir dəfə işıq üzü görməsi qərara alındı. Ancaq nəşrləri bu yolla da saxlamaq mümkün olmadığından hər iki qəzetin nəşrinin dayandırılması barədə qərar verildi.