“Adbaad deyə bilərəm ki, kim kimə neçə milyonu rüşvət verib” - deputat

23-11-2021, 13:05           
“Adbaad deyə bilərəm ki, kim kimə neçə milyonu rüşvət verib” - deputat
"Almaniyada, Amerikada, Yaponiyada iqtisadiyyatın aparıcı qüvvəsi sənaye məhsullarıdısa, bizdə neftdən əlavə ən böyük drayver toylar və tikintidir. Toy bizim iqtisadiyyatımızın ana xətti olmasaydı, bu qədər şadlıq evləri tikilməzdi ki... Xoşumuza gəlməsə də, gerçəkliyimiz budur. İkinci drayver tikintidir".

Cebhe.info xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, tikinti az qala bütöv Azərbaycanı işlə təmin etmək iqtidarındadır:

"Biz bunun birinci tikinti bumunda şahidi olmuşuq. İndi isə tikintilər həddindən artıq çox zəifləyib və iş adamları, aidiyyəti təşkilatlarla söhbətimə uyğun olaraq diqqəti iki məsələyə çəkmək istəyirəm. Birinci məsələ köçmək istəməyən bir və ya bir neçə vətəndaşa görə tikintilərin aylarla, bəzən illərlə gecikməsidir. Bir vətəndaş ayağını yerə dirəyib köçmək istəmir. Kvadratından dəfələrlə çox kvadrat istəyir və ya evini, mənzilini dəfələrlə baha dəyərləndirir. Mən hər zaman vətəndaşların yanında olmuşam, amma bu məsələ bir vətəndaşın ucbatından yüzlərlə vətəndaşa ziyan vurduğuna görə haqqı deməliyəm. İş adamları bezir, vətəndaşlar bezir, iş yerləri bağlanır və digər sərmayəçilər də qorxub qaçır. Qaçıb başqa ölkələrdə tikir. Təklifim budur ki, qanuna uyğun dəyişiklik edək. Əgər sakinlərin 70%-i köçürülmə və şərtlərlə razıdırsa, o zaman qalan 30%-in məsələsi hüquqi müstəvidə 10 gün müddətində həllini tapsın. Mən Parlamentin müvafiq komitəsinin sədri hörmətli Tahir müəllimdən xahiş edirəm ki, bu məsələni komitə olaraq araşdırsın və çox yaxında biz dəyişiklikləri komitələrdə müzakirə edək, plenar iclasa çıxaraq. Bunu gecikdirmək olmaz. Bu səbəbdən bilirsiniz nə qədər iş yeri tormozlanıb? On minlərlə. Bu məsələdə vətəndaşların da maraqlarını insan hüquqları kontekstində daha yaxşı təmsil etmək üçün insan hüquqları komitəsinin üzvü kimi müzakirələrdə iştirak etməyə hazıram".

Deputat əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli Fərmanı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib:

"Bu fərmanı yüksək qiymətləndirir və yaradılan nizam-intizamdan da razıyam. Hərçənd ki, Bakı çox eybəcər tikilib və həlli onilliklər çəkəcək digər problemlər yaradılıb. Hazırki problem budur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi sənədlər havadan asılı qalıb. Çünki Prezidentin yeni Fərmanından sonra yeni standart və qaydalar var. Sənədlər isə köhnə normativlərə görə verilib və iş adamları da köhnə normativlərlə layihə təqdim edib, rüşvət də ödəyib. Adbaad çəkə bilərəm ki, kim neçə milyon və kimə verib. İndi o adamlar vəzifədən alınıb. Amma bu və digər səbəblərdən əlində qanuni sənədi olan iş adamları tikinti apara bilmir. İstəyim budur ki, bu məsələ ilə bağlı həll yolu tapılsın. Təklif edirəm ki, ədalətli həll yolu olaraq ortaq variant seçilsin. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklif etdiyi şərtlərlə Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi sənədlər arasında bir ortaq məxrəc tapılsın".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.