Rəsulzadənin oğlu Heydər Əliyevə: “Bakıya gəlsəydim mənə ev verərdinizmi?” - MÜSAHİBƏ

2-12-2021, 07:04           
Rəsulzadənin oğlu Heydər Əliyevə:
Rais Rəsulzadə: “Heydər Əliyev də atama dedi, “əlbəttə, sizə ev verərdim, niyə vermirdim”
img
“Mən sürgündə doğulmuşam, uşaqlığım sürgündə keçib”

Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri Rais Rəsulzadənin 75 yaşı tamam olub. R.Rəsulzadə ilə 75 illik yubileyi günlərində görüşüb müsahibə götürdüm...

- Rais müəllim, 75 yaşınız tamam olub. Həyat yolunuz keşməkeşlidir, çoxrənglidir, burada ağrı-acının, sürgün adlı məhrumiyyətin, əzab-əziyyətin payı da az deyil...

- Sözün açığı, heç zaman yubiley keçirmək həvəsində olmamışam. 60, 70, 75 olsun, bu yaşa elə də çox fikir vermirəm. Bəzən inanmağım gəlmir ki, mənim 75 yaşım var. Gündəlik işlərimlə məşğul oluram, vaxtın necə gəlib-getdiyini bəzən bilmirəm. Ailəmizin başına böyük faciələr gəlib, məhrumiyyətlər yaşamışıq, Vətənimizdən Qazaxıstana sürgün edilmişik, elə bir ağrı-acı olmayıb ki, onu bizim ailəmiz yaşamasın. Amma bütün bunlara rəğmən çox nikbin adamam. Doğrudur, həmişə deyirlər ki, yaradıcı insanın uşaqlıq dövründə yaşadığı travmalar, hadisələr onun psixikasında dərin izlər buraxır. Bu doğrudur, uşaqlıqda yaşananlar birbaşa psixologiyaya təsir edir. Amma bununla belə mən nikbin adamam.

- Yəqin 75 illiyinizlə tədbirlər, sərgilər olacaq...

- Bəli, dostlar-tanışlar məni sərgi üçün tələsdirirlər.

- Bəs Rəssamlar İttifaqında necə sərginiz təşkil ediləcək?

- Bizdə bir ənənədir 70, 75 və digər yubiley yaşlarında sərgilər açılır. 70 illiyimdə ərizə yazmışdım sərgimin keçirilməsi ilə bağlı. Bu bir yaradıcılıq hesabatı idi. Rəssamlar İttifaqı mənim sərgimi proqrama saldı və sərgi keçirildi. Ümumiyyətlə, sərgiyə ciddi hazırlaşmaq lazımdır. 70 illiyimdə mənim 1 deyil, 4 sərgim açıldı. Bunlardan biri də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda oldu. Ankarada da “Bir dünya rəssamı Rais Rəsulzadə” adlı böyük bir tədbir keçirildi, ABŞ-da da sərgim oldu və sair. 75 illiyimdə də sərgi keçirməyimi istəyirlər. Sərgiyə hazırlaşmaq lazımdır. Əsərlərim var. İşlərimin müəyyən bir hissəsi Amerikadadır, başqa ölkədədir. Bəziləri şəxsi kolleksiyalarda, bəziləri qalereyalardadır, bəzilərini alıblar, bəzilərini hədiyyə etmişəm. 75 illik yubiley üçün sərgiyə kataloq çap etmək lazımdır. Mən sərgi üçün təkliflə razılaşdım və dedim ki, onda monoqrafiya tipli sanballı bir kataloq hazırlanmalıdır. Bu da həm vaxt, həm də vəsait tələb edir...Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyidir və ömrümün təxminən 50 ilə yaxını bu universitetlə bağlıdır, 1978-ci ildən orada dərs deyirəm.

- Rais müəllim, siz necə oldu ki, Bakıya gəldiniz?

- Bilirsiniz ki, ailəmiz Qazaxıstana - Karakandaya sürgün edilmişdi. Mən sürgündə doğulmuşam, uşaqlığım sürgündə keçib. Bakıya Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumaq üçün gəlmişəm, rəssamlıq məktəbini bitirdikdən sonra isə Qazaxıstana qayıtmayıb Bakıda qaldım. Əzimzadəni bitirəndən sonra əsgər getdim...

- Demək, əsgəri xidmətə Bakıdan yola düşdünüz?

- Bəli, Biləcəridən.

- Orta məktəbdə, yaxud Rəssamlıq Məktəbində, əsgərlikdə sizin kim olduğunuzu, Rəsulzadənin nəvəsi olduğunuzu bilirdilərmi?

- Təbii bilmirdilər. O dövrdə Rəsulzadənin heç adını da çəkmirdilər. Əlbəttə, mən bilirdim Rəsulzadə mənim babamdır, amma onun hansı işlər gördüyünü bilmirdim. Azərbaycana gələndən və ali məktəbə qəbul olandan sonra ali məktəblər üçün yazılan üç cildlik “Azərbaycan tarixi”ndə Rəsulzadə haqqında yazılmışdı. Kitabda babam Sovet hökümətinin düşməni kimi təqdim olunurdu...

- Dostalarınızdan kimsə sizin Rəsulzadənin nəvəsi olduğunuzu bilmirdi? Yoxsa məlumatı olan vardı?

- Mənim Fazil Əliyev adlı bir dostum vardı. Onun qardaşı Azər Əliyev Kommunist Partiyasının Mərkəzi Komitəsində işləyirdi. İdeoloji məsələrə baxırdı. Dostum qardaşından soruşur ki, Məhəmməd Əmin Rəsulzadənin kim olduğunu bilirsən? Qardaşı cavab verib ki, sən onun haqqında haradan eşidibsən? “O, Sovet hökümətinin bir nömrəli düşmənidir” - deyib Azər Əliyev. Dostum ona “Məhəmməd Əmin Rəsulzadə Raisin babasıdır” cavabını verib. Belə şeylər olub.

- Eşitdiyimə görə, ataniz Azər Rəsulzadə hələ “xalq düşməni” “damğa”sından xilas olmamışdan əvvəl Bakıya gəlib qohumlarınızla görüşüb. Bu necə baş verib?

- Repressiya olunanlar “xalq düşmənləri” sayılırdılar. Ona görə də “xalq düşmənləri”nin övladlarını əsgər aparmırdılar. Onları katorqaya, ağır işlərdə, insan sağlamlığı üçün zərərli olan sahələrdə işləməyə aparırdılar, aparsalar da “ştrafnoy batalyona”a aparırdılar və onları minalı sahələrə buraxırdılar, ölən ölürdü, qalan qalırdı. Atamı da 1943-cü ildə Qazaxıstanın Tekeli şəhərinə, Çin sərhədinə ağır işdə işləməyə aparmışdılar. Atam çox ağır şəraitdə insan sağlamlığına zərərli olan işdə işləyirdi. Günlərin bir günündə qəfil atamı çağırıb, paltar və sənəd verib “sən İrana getməlisən” deyiblər. Atamı 1943-cü ildə İranın Məşhəd şəhərinə göndərirlər. Bu da Tehran konfransə ərəfəsində baş vermişdi. Sovet qoşunlarını İran meşələrində yerləşdirmişdilər, onlar gözləmə mövqeyində idilər. Atam Məşhəd şəhərinə gedir. Atam yaxşı tar çalırdı. Şəhərə çıxıb gəzəndə onu orada keçmiş qonşuları görüb tanıyıb və evinə dəvət edib. Deyib ki, tarını götür axşam bizə gəl. O vaxt iranlıları da sürgün edirdilər. Atam tarı götürüb qonaqlığa gedib, yeyib-içiblər, sonra siqaret çəkmək üçün bayıra çıxıb. Onda tanımadığı bir adam ona yaxınlaşıb və “sən Rəsulzadənin oğlusan?”- deyə soruşub. Atam da “hə” deyib. Həmin adam atama deyib ki, istəsən səninlə atanın görüşünü təşkil edərik. Atam da imtina edib. Düşünüb ki, birdən-birə məni Çin sərhədindən İrana gətirib burada atamla görüşümü təşkil etmək təklifinin irəli sürülməsi təsadüfi deyil, burada nə isə var. Atam şübhələnib, ona görə də “yox” deyib. Sonradan bu hadisə haqqında babama deyiblər, o da “düz edib, mən də olsaydım elə edərdim” cavabını verib. 1946-cı ildə atam əsgərlikdən qayıdarkən Bakıya gəlib və İçəri Şəhərə xalasının evinə gedib. Seyid Hüseynin ailəsinə - xalası evinə gəlib. Seyid Hüseynin həyat yoldaşı Ümugülsüm xanım atamın xalası idi. Atam danışırdı ki, içəri təzə girmişdim, oturmuşduq qapı döyüldü. Dedilər ki, pasportlar yoxlanılacaq. Atam şinelini geyib arxa qapıdan çıxıb gedib. Atam Bakıya bir neçə dəfə gəlib...

- Eşitdiyimə görə, Heydər Əliyevlə də görüşüb atanız. Bu doğrudur?

- Bəli.

- Görüş necə baş verdi? Nələrdən danışdılar?

- Bu hadisə atamın Bakıya son gəlişində baş vermişdi. 1991-ci il idi. Atam növbəti dəfə Bakıya gəlmişdi. Məktəb dostlarından biri ilə zəngləşib danışmışdılar, görüşməli idilər. Görüşün vaxtına hələ vaxt vardı. Atam mənə dedi ki, gəl Şəhidlər Xiyabanına gedək, şəhidlərimizi ziyarət edək. O vaxt orada 20 Yanvar şəhidləri dəfn edilmişdi. Şəhidlər Xiyabaınında şəhidlərimizi ziyarət etdik. Şəhidlər Xiyabanında heç kim yox idi, ikimiz idik. Birdən atam qoluma toxundu ki, o Heydər Əliyevdir. Mən də baxdım ki, həqiqətən odur. Onun da yanında jurnalistlər var idi. Özü də girəcəkdə idi, müsahibə verirdi. Onların hamısını araladı, düz bizim yanımıza gəldi. Atamla salamlaşdı, dedi ki, “Siz Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərsiniz?” Atam dedi, bəli. Heydər Əliyev dedi ki, “mən sizi bir dəfə televizorda görmüşəm. Necəsiniz? Nə var, nə yox? Eşitmişdim problemləriniz var. Səhhətiniz nə yerdədi?”. Atam da dedi ki, “Necə olacaq, "xalq düşməni" damğasını atmışam, gəlmişəm bura”. Heydər Əliyev də dedi ki, “Mən də "kommunist" damğasını atmışam. Sabah burada Milli Məclisdə çıxış etməliyəm”. Bizim burada 3 evimiz var idi, atam deyirdi ki, o evləri aldılar. Atam Heydər Əliyevdən soruşdu ki, “düzünü deyin, mən Bakıya gəlsəydim, siz mənə ev verərdiniz?”. Heydər Əliyev də atama dedi, “əlbəttə, sizə ev verərdim, niyə vermirdim. O vaxtı “Qlavlit”də müdür, bilikli mütəxəssis lazım idi, adam tapa bilmirdik. Bir gün gəldilər ki, biz adam tapmışıq, amma o olmaz. Dedim niyə? Dedilər, çünki Məhəmməd Əminin qohumudur. Mən də dedim o nə deməkdir ki? Gətirin vəzifəyə həmin adamı. Gəldi, fəaliyyət göstərdi, özünü doğrultdu da həmin adam. Ona görə o vaxt gərək gələrdiniz”. Bizimlə görüşdüyü dönəmdə Naxçıvanda fəaliyyət göstərirdi Heydər Əliyev. Ona görə deyirdi ki, “İndi mənim burada səlahiyyətim yoxdur, amma Naxçıvana gəlin, orada nə şərait istəyirsiniz sizə yarada bilərəm. Qeyd edim ki, orada mənim stolumun üstündə Leninin büstü var idi, onu atdıq, Məhəmməd Əmin Rəsulzadənin büstünü qoymuşuq, onun bayrağını asmışıq. Görüş belə oldu...

- Rais müəllim, sizinlə danışmaq həqiqətən də çox maraqlıdır... Amma nə edək ki, bunların hamısını bir yazıya sığışdırmaq olmaz. Bu yaşda ən böyük arzunuz nədir?

- Arzum budur ki, bütün balalar, körpələr xoşbəxt, savadlı, vətənpərvər böyüsünlər. Müharibə olmasın. Biz müharibə etməliydik. Çünki düşmən torpağımızı xoşluqla azad etmək istəmirdi. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz, oğullarımız düşmənə həddini bildirdi.

İradə SARIYEVA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.