"Rusiyanın görəcəyi günlər hələ qabaqdadır..." - "Ehtiyat hissələri tükənir, ixrac bazarları yoxa çıxıb"

7-05-2022, 11:45           
"Rusiyanın görəcəyi günlər hələ qabaqdadır..." -
"Rusiya iqtisadiyyatının görəcəyi günlər qabaqdadır".

Bunu Vaşinqtonda yerləşən Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçı müavini Elina Rıbakova "Azadlıq" radiosunun rus xidmətinə müsahibəsində bildirib. Onun sözlərinə görə, sanksiyaların təsiri tədricən başlayır və ölkə çox çətin dönəmə daxil olur.

“Hamının ehtiyat hissələri tükənir, ixrac bazarları yoxa çıxıb, bir çox şirkətlər istehsalı davam etdirə bilmir”, – deyən Rıbakova, Rusiya mərkəzi bankının son hesabatına istinad edib.

Xatırladaq ki, ABŞ, Avropa İttifaqı və digər müttəfiqlər Rusiyaya əsas texnologiyanın, məsələn, mikroprosessor və çip ixracını dayandırıblar. Bunlar bir çox məhsulların, o cümlədən avtomobil və təyyarələrin istehsalında istifadə olunur. Bir çox Qərb şirkəti isə daha Rusiyada işləməyəcəyini elan edib.

Rıbakova deyib ki, Rusiya şirkətlərinin yeni təchizatçılar tapması aylarla çəkə bilər, üstəlik, yeni hissələr istehsal prosesinə tam uyğun gəlməyərək yubanmalara səbəb ola bilər: "Ölkənin Moskva kimi varlı şəhərlərində yaşayanlar iqtisadiyyatla bağlı bədbin proqnozları qəbul etməyə bilərlər, çünki hələ əlamətləri görmürlər. Bəzi sahələrdə isə adamlar artıq ixtisarlarla üzləşir. Moskvada elə bir təəssürat ola bilər ki, pis bir şey baş vermir. Amma əgər Kaluqa vilayətində, yaxud Sankt Peterburq yaxınlığındasınızsa, orada avtomobil zavodlarında çalışanlar bir neçə aya işsiz qalacaqlarını bilirlər”.

Rıbakovanın sözlərinə görə, uzunmüddətli iqtisadi proqnozlar Ukraynanın işğalının nə qədər çəkəcəyindən asılıdır. Müharibə tezliklə bitməsə, Qərb nəinki Rusiyadan enerji asılılığını azaltmaq planlarını davam etdirəcək, eyni zamanda Rusiya Mərkəzi Bankının dondurulmuş 300 milyard dollarlıq vəsaiti Ukrayna iqtisadiyyatının yenidən qurulmasına sərf oluna bilər.

Qeyd edək ki, Beynəlxalq Maliyyə İnstitutu bu il sanksiyaların təsiri səbəbindən Rusiya iqtisadiyyatında 15 faiz azalma proqnozlaşdırır. Bu, 1990-cı illərdən bəri ən kəskin azalma ola bilər. O zaman Rusiya dövlətin nəzarətində olan iqtisadiyyatdan azad bazara keçməyə çalışırdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.