Baş Prokurorluq şəhidlərin “qan pulunu” araşdırmalıdır
22-04-2016, 09:41

Üzeyir Cəfərov: «Azər Sığorta»nın şəhid ailələrinə nəyə görə bu məbləği ödəmədiyinə aydınlıq gətirməlidir»
Uzun müddətdir ki, şəhid ailələrinə və əlillərə “qan pulu” deyilən sığorta haqqının ödənilməsi məsələsi müzakirə mövzusudur. Şəhid ailələri neçə müddətdir ki, deputatlara müraciət edərək qanunla onlara çatacaq dövlət icbari sığorta pullarını almaları üçün köməklik göstərmələrini xahiş edirlər. “Qan pulu” məsələsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla tənzimlənir”.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla Qarabağ müharibəsində şəhid olanların ailəsinə 11 min manat, Qarabağ əlillərinə isə əlillik dərəcələrindən asılı olaraq həmin məbləğin 80, 60 və 40 faizi həddində sığorta pulu ödənməlidir. Amma üstündən bu qədər vaxt keçməsinə baxmayaraq şəhid ailələri və Qarabağ əlilləri bu məbləği ala bilmirlər.
Hazırkı dönəmdə bu, daha böyük əhəmiyyət daşıyır. Çünki Qarabağda döyüşlər cəmiyyətdə və orduda böyük ruh yüksəkliyi yaradıb. Belə bir ərəfədə isə şəhid ailələrinə və qazilərə qarşı bu cür problemin çözülməməsi toplumda birmənalı dəyərləndirilməz.
Ekspert Üzeyir Cəfərovun sözlərinə görə, bu məsələ yaralı məqamdır. “Azər Sığorta” şirkətinin bu vəsaiti müxtəlif bəhanələrlə ödəməkdən imtina etdiyini deyən Ü.Cəfərov vurğuladı ki, şəhid ailələri, qazilər bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət ediblər. Amma sığorta şirkətindən bu məsələyə reaksiya verilməyib: “Hesablama Palatasının yoxlayacağı bir qurum varsa, o da ”Azər Sığorta” olmalıdır. Buradakı vəsaitlərin şəffaflığı ilə bağlı araşdırma aparılarsa, bu şirkətdə olan bəzi şəxslərin yaşam yeri və məkanı tamam başqa istiqamət ola bilər. Hərbi qulluqçu hərbi xidmətə çağırılan gündən onun həyatı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla sığortalanır. Dövlət qurumu digər bir dövlət qurumu “Azər Sığorta”ya ödənişlər edir. Əgər hərbi quluqçu şəhid olursa, həlak olmuşa 11 min manat. Yox, hərbi quluqçu yaralanırsa, aldığı fiziki xəsarətin dərəcəsindən asılı olaraq bu məbləğin 60-70 faizini alır. Yəni açıq-aşkar özbaşnalıq edilir. Tərəfdarıyam ki, hazırkı həsas məqamda bu məsələlərə təpki göstərilməlidir və “Azər Sığorta”nın şəhid ailələrinə nəyə görə bu məbləği ödəmədiyi araşdırılmalıdır. Baş prokurorluq bu istiqamətdə araşdırma aparmalı, “Azər Sığorta” və digər qurumların məsuliyyətini ortaya qoymalıdır”.
Ü.Cəfərov vurğuladı ki, bundan başqa, manatın iki dəfə devalvasiyaya uğraması nəzərə alınarsa, şəhid ailələrinə ödəniləcək pul ən azı iki dəfə artırılmalıdır. “Şəhidlər həyatlarını vətən uğrunda itiriblər. Amma təəssüflər olsun ki, şəhid ailələri hələ də onlara qanunla düşən pulu ala bilmirlər”, deyə Ü.Cəfərov vurğuladı.