“Məlumat ilk dəfə sizin saytda gedəndə bir nəfər zəng edib, qavalla maraqlandı, dedi ki...”

15-05-2022, 10:08           
“Məlumat ilk dəfə sizin saytda gedəndə bir nəfər zəng edib, qavalla maraqlandı, dedi ki...”
“Bilirsiniz ki, atamın qavalını satdığa qoymuşam. Ağlıma da gəlməzdi ki, nə vaxtsa bu qavalı sataram. Saxlayırdım, göz bəbəyim kimi də qoruyurdum. Məlumat ilk dəfə olaraq məhz sizin saytda getdi. Bir neçə gündən sonra bir kişi zəng edib, qaval ilə maraqlandı”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova bildirib. O daha sonra əlavə edib.

“Həmin şəxs mənə adını da dedi, adı Adıgözəl idi. Dedi ki, bu söhbəti eşitdim, inanmadım, ona görə zəng etdim ki, sizin özünüzdən soruşum ki, bu dəqiq söhbətdir? Niyə görə qavalı satırsınız? Dedim ki, bəli dəqiq söhbətdir, ehtiyac ucbatından satıram. Yenə də dedi ki, axı o Hacıbaba Hüseynovun qavalıdır! Daha sonra heç bir zəng gəlmədi. Mən öncədən bilirdim ki, bir çoxları qavalı satdığım üçün məni qınayacaq. Məni qınamaq lazım deyil, qınayanlar gətirib bir parça çörək vermirlər. Hər dəfə gedib kiməsə ağız aça bilmərəm. Vaxtilə atam bu qavalla ifa edib, dünyanı gəzib, indi mənim bu qavalın satışından gələn pula ehtiyacım var” deyə sənətkarın qızı bildirib.

Sədaqət Hüseynova daha sonra xalası, böyük sənətkarımız Sara Qədimovaya olan diqqətsiz münasibətdən danışıb.

“Bu il, yəni mayın 31-də Sara Qədimovanın 100 illik yubileyidir. Amma hələ ki, heç bir xəbər yoxdur. Sara xanıma hər zaman dövlət böyük diqqət göstərib. Bəs görəsən Mədəniyyət Nazirliyi nə düşünür? Gör heç bu haqda danışan var? Sara xanım 61 il sənətdə can qoyub. Pis oxuyan olub ki? Mənə o qədər pis təsir etdi ki! Yerindən duranlar efirdədir, yerindən duranlara yubiley keçirilir. Mənim atamın 100 illik yubileyinə hazırlıq gedirdi, biz öncədən bilirdik ki, yubileyi qeyd olunacaq. Bu dəqiqə ölünün də adamı olmalıdır, dirinin də” deyə Sədaqət Hüseynova bildirib.

Sədaqət Hüseynova deyir ki, xalası çox ciddi insan olub.

“Sara xalam çox ciddi insan idi, yaşca anamdan da böyük idi. Anam və atam öləndən sonra o mənə analıq edib. Vəziyyətimi biləndən sonra mənə həmişə əl tutardı. Ümumiyyətlə çox əliaçıq insan idi. Evin kişisi olub, ailə saxlayıb, balalarını böyüdüb. Bütün sənət yoldaşları ilə münasibəti çox əla idi. Amma Şövkət xanımla onların münasibəti tam başqa idi. Ona görə də Şövkətin ölümü ona çox pis təsir edirdi. Atamın 85 illik yubileyi efirdə göstəriləndə mənə zəng edib dedi ki, ay qız, elə pis olmuşam! Dedim ki, ay xala, niyə? Dedi ki, sağıma baxıram Hacıbaba yox, soluma baxıram Şövkət yox! Mənə dedi ki, gözlə verilişə baxım zəng edəcəm! Veriliş bitəndən sonra zəng etdim ki, onunla danışım, xalam oğlu Vaqif telefonu götürüb dedi ki, mama özündən gedib. Sən demə insult olub. O gündən xəstəxanaya düşdü, düz 1 ay xəstəxanada qaldı” deyə Sədaqət Hüseynova bildirib.

Qeyd edək ki, xanəndələrin yubiley və anım günləri Beynəlxalq Muğam Mərkəzində keçirilir. Elə biz də sənətkarın yaxın qohumu Sədaqət Hüseynovanın səsləndirdiyi iddialara mərkəzdən münasibət aldıq. Beynəlxalq Muğam Mərkəzinin mətbuat xidmətinin rəhbəri Lalə Azəri Moderator.az-a bildirdi ki, Sara Qədimovanın 100 illik yubileyinin keçirilməsi planlaşdırılır.

“Beynəlxalq Muğam Mərkəzi öz konsert fəaliyyətində, elmi-tədqiqat layihələrində bizim korifey sənətkarları hər zaman yad edir. Yubileyi olan, həmçinin yaradıcılığında uğurlar olan həm gənc, həm də yaşlı nəslin, muğam ifaçılarının irsini diqqətdə saxlayır. Bu məqsədlə bizim bir neçə layihələrimiz də baş tutub. Məlumdur ki, bu il bizim sevimli sənətkarımız Sara Qədimovanın yubileyidir. Sara xanımın yubileyi Beynəlxalq Muğam Mərkəzinin diqqətindən kənarda qalmayıb, qala da bilməz. Bilirsiniz ki, bizim foyedə Sara xanımın büstü də qoyulub. Beynəlxalq Muğam Mərkəzi Sara xanımın yubileyini təntənəli şəkildə qeyd etməyi nəzərdə tutub. Yəqin ki, bu tədbir yeni mövsümdə olacaq. Yubileyin tarixi və saatı, orada iştirak edən sənətkarların kimliyi haqda əlavə məlumatlar veriləcək” deyə Lalə Azəri bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.