“Gənclərimizin bəziləri müasirdir, amma milli deyillər... ”

18-05-2022, 08:27           
“Gənclərimizin bəziləri müasirdir, amma milli deyillər... ”
Ekspert gənclərimiz üçün nəzərdə tutulan mədəni-maarif proqramlarının səviyyəsi haqda danışır...

Bu gün Azərbaycan müxtəlif sahələrdə sürətli inkişaf etmək, dünya ölkələrinə inteqrasiya üçün müxtəlif proqramlar həyata keçirməkdədir. Xüsusən də Vətən müharibəsindən sonra bir çox proqramların yenilənməsinə, daha yenilərinin təşkil olunmasına böyük ehtiyac var.

Azərbaycan Vətən müharibəsində, döyüş meydanında qalib oldu. İndi isə digər sahələrdə, o cümlədən mədəniyyət sferasında daim qalibiyyət qazanmasının zamanıdır. Bəs hazırda bununla bağlı hansı mədəni-maarif proqramları hazırlanır? Cəmiyyətimiz, gənclərimiz üçün nəzərdə tutulan hazırkı mədəni-maarif proqramlarının səviyyəsi qənaətbəxşdirmi?

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, tanınmış kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: “Son vaxtlar Azərbaycanda postpandemiya və postmüharibə dövrünün maraqlı prosesləri baş verir və bu proseslər həyatımızın müxtəlif sahələrini əhatə etdiyi kimi televiziya, mədəniyyət, mədəni-maarif sferasına da tamam fərqli bir ab-hava gətirib. Təəssüflər olsun ki, Azərbaycanın bu sferalarına cavab verən nə dövlət qurumları və məmurları, nə telekanallarımız, nə ədəbi-mədəni intellektual ictimaiyyətimiz, nə də yaradıcı kreativlər bu yeni çağırışlara cavab verən hadisələrlə cəmiyyətin qarşısında çıxış edə bilmirlər. Dünyanın müxtəlif ölkələri ilə müqayisə edəndə eynilə bizdəki situasiyaları yaşayan ölkələr görün nələr edir? Sonuncu ”Avroviziya" mahnı müsabiqəsində məhz Ukraynanın qrupunun həm klipi, həm apardığı kultural siyasət, eyni zamanda birinci yeri tutması buna əyani sübutdur. Amma gəlin baxaq, dövlət başçısı və Heydər Əliyev Fondunun etdiklərindən kənar yaradıcı təşkilatlar, qurumlar bununla bağlı nəsə edə bilirlərmi?

Bəli, Şuşada “Xarıbülbül”, Beynəlxalq Kulinariya Festivalı keçirildi. Amma Azərbaycan ancaq Qarabağ və Şuşadan ibarət deyil ki... Müxtəlif, rəngarəng, multikultural bölgələrimiz var. Bu mühitin verdiyi imkanlardan yararlanıb, müharibədə olduğu kimi ellikcə cəmiyyətin yenidən qurulması və postpandemiya, postmüharibə dövrünün iqtisadi böhran keçirən dünyanda Azərbaycanı önə aparacaq gəncləri, intellektual yeni nəsli formalaşdırmaq üçün fərqli alətlərdən istifadə etməliyik.

Bu baxımdan televiziyaların, internet saytlarının, yeni medianın bu sahənin inkişafına təsiri çox böyükdür və istəsələr, əlbəttə ki, bununla bağlı müəyyən işlər görə bilərlər. Azərbaycan televiziyalarında bədii şuraların yaradılması ilə bağlı təkliflər etmişdik. Televiziyaların gəlirləri var, amma bədii şuralara cəlb olunan ekspertlərə bir qəpik də olsun pul vermədiklərinə görə onlar da, sadəcə, ad olsun deyə işə gəlib-gedirlər. Amma ümumiyyətlə, bədii şuralara çox ciddi ekspertlərin cəlb olunmasına və o ekspertlərə qonorarlar verməklə bu məsələdə onların analitik təfəkküründən, təkliflərindən istifadə etmək lazımdır. Necə ki, zəif inkişaf etmiş Ukrayna və yaxud Rusiya, Türkiyə, İranda müharibədən sonra çox böyük mədəni hadisələrin yaşanmasına şahidlik etmişik, o cümlədən kino, musiqi sahəsində və sairə, biz bundan örnək götürməliyik.

Doğrudur, bizim Mədəniyyət Nazirliyimiz var. Amma bu nazirlik incəsənət nazirliyindən kənara çıxa bilmir. Əslində isə Mədəniyyət Nazirliyi dediyim məsələləri kurasiya etməli, audiovizual şura və mətbuat şurası ilə birlikdə, həmçinin bu məsələlərə müəyyən cavab verən dövlət qurumları, Elmlər Akademiyasının yaradıcı qrupu ilə birlikdə bu məsələlər proqram şəklində işlənməlidir. Və Azərbaycanın müasir dövr həm mədəniyyətinin inkişafına, həm mədəni-maarifçiliyinə, televiziyalarının inkişafına, KİV-in intellektual tərəfinin yüksəlməsinə gətirib çıxarmalı, internetdə azərbaycandilli resursların yüksək səviyyədə hazırlanıb həm gələcəyin arxivi kimi, həm də müasir dünya azərbaycanlılarını birləşdirən virtual Azərbaycan olaraq sadaladığımız məsələləri özündə cəmləməlidir. Təəssüflər olsun ki, Mədəniyyət Nazirliyi bu məsələ ilə bağlı öhdəliyinə düşən vəzifəni tam yerinə yetirə bilmir.

Mədəniyyət Nazirliyinin nəzdində olan ictimai şuraya baxaq, ora kimlər seçilib? Onların səviyyəsi necədir? Həmin şurada bir neçə nəfəri çıxsaq, digərləri heç adlarını belə yaza bilmirlər. Amma bu şəxslər guya bizə, Mədəniyyət Nazirliyinə təkliflər, beyin məhsulu verməli, mədəniyyətin müxtəlif yerlərini ictimai nəzarətə götürməlidirlər və sairə.

Ona görə də bu qədər problemlərin həlli yalnız həvəskar səviyyədə deyil, məhz tanınmış ekspertlər, kulturoloqlar, tanınmış ictimai xadimlər, mədəniyyətyönümlü, həmçinin maarifyönümlü QHT-lərin səviyyəli sədrləri və ictimai liderlərindən ibarət ekspertlər, alimlər səviyyəsində aparılmalı, onların rəyləri nəzərə alınmalıdır. Bu, sadəcə, kompaniya xarakterli olmamalıdır, həm də cəmiyyətin intellektual səviyyəsinin, potensialının qaldırılmasına xidmət etməlidir. Xüsusilə yeni nəsil, hansı ki, türkdilli, rusdilli, ingilisdilli mühitin təsiri altında əzilməkdə, azərbaycançılıqdan çıxmaqdadır, onların inkişafına təsir edə biləcək proqramlar hazırlanmalıdır. Bu cür gənclər müasirdirlər, qlobaldırlar, virtualdırlar, amma milli deyillər. Artıq onların inkişafına təsir edə biləcək proqramlar hazırlanmalıdır. Televiziyalarımız, internet resurslarımız, mediamız, hətta sosial şəbəkələrimiz belə onlar üçün alternativ təhsilə çevrilməlidir".

Xalidə GƏRAY












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.