NATO Rusiyanı mühasirəyə alır, Ərdoğan isə... - Türk general ŞOK MƏQAMLARI AÇDI

18-05-2022, 13:36           
NATO Rusiyanı mühasirəyə alır, Ərdoğan isə... -
Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz publika.az-a müsahibə verib. General Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarına Türkiyənin münasibətindən danışıb və Rəcəb Tayyib Ərdoğanın bu prosesə olan münasibətini şərh edib. Karauz Finlandiyanın NATO-ya üz tutmasına Moskvanın cavabının necə olacağına, Vladimir Putinin mövqeyinə diqqət çəkib. General eyni zamanda Azərbaycan Prezidentinin Rizəyə səfəri, orada səsləndirilən fikirlər, həmçinin Qarabağda baş verən proseslər, Ermənistan müxalifətinin sülh əleyhinə bəyanatları, bunun hazırkı mərhələyə təsirindən danışıb.

Teref.az müsahibəni təqdim edir:

- Finlandiya və İsveçin NATO-ya üzv olması Ukrayna müharibəsinin gedişinə nə kimi təsir göstərəcək? Çünki Rusiya qoşunlarının bir hissəsini artıq Finlandiya ilə sərhədə toplamağa başlayıb.

- Finlandiya və İsveçin NATO-ya üzv olmasının siyasi və strateji önəmi var. Bu, Rusiya qarşısındakı cəbhənin Baltik dənizinə çatması anlamına gəlir. Bu isə Rusiyanın Ukrayna ilə müharibəsi sonrası meydana çıxan inkişaflar baxımından bir qədər daha çətinləşdirici, güc və qüvvəsini dağıtmasına səbəb verəcək bir prosesdir. Çünki Moskva Finlandiyaya qarşı əlavə qüvvə yerləşdirmək məcburiyyətində qalacaq. Rusiyanın oradan gələ biləcək təhdidlərə, eyni zamanda NATO-nun həmin hissədən hərbi genişlənməsinə cavab verməsi lazımdır. Bu da həm silahlı qüvvələr və siyasi-strateji, həm də iqtisadiyyat nöqteyi-nəzərdən tədbirlər görülməyin lazım olduğunu ön plana çıxarır. Nəticədə Finlandiya və İsveçin NATO-ya üzv olması müəyyən təsirlərə səbəb olacaq.

- Finlandiya və İsveçin qərarına Türkiyənin şərti nə olacaq? Ankaranın bu məsələdə mövqeyi necədir?

- NATO siyasi-hərbi təhlükəsizlik təşkilatıdır. NATO üzvü olan ölkələrin xaricdən təhdidinə, terrorizmə, iqlimə, qida ilə bağlı məsələlərə, eyni zamanda kibertəhlükələrə və miqrasiyaya qarşı qorumaqla bir öhdəlik götürən qurumdur. Alyans üzvü olan ölkələr də bu təşkilatın təhdid olaraq gördüyü və 2030-cu il sənədində əsas təhdidlərdən biri olaraq qeyd olunan terrorizm və terrorçulara qarşı məsafəsinin düzgün qoyulması lazımdır. Qəbul etdiyi qərarları da icra etməsi vacibdir. Finlandiya və İsveç illərdir bir neçə NATO üzvü ölkələri kimi terrorizmə və terrorçulara qarşı ikili standartlar yürütməkdədir.Terrorizm fəaliyyətlərinə məsafəli durmayan Finlandiya və İsveçin Alyansa üzv olmasına Türkiyə hazırkı mərhələdə qarşıdır.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmadığını ifadə edib. O, bunu həm Yunanıstanla bağlı məsələ, həm də Skandinaviya ölkələrinin terror təşkilatlarının yuvasına çevrilməsi ilə əsaslandırıb. Türkiyə bu iki ölkənin NATO istəyinə mane olacaqmı?

- Türkiyə dayana bildiyi qədər dayanacaq. NATO üzvlərinin digər bir üzv prosesinə qarşı veto haqqı var və bunu istifadə edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ifadə etdi ki, bu prosesə müsbət baxmırıq. Buna görə də əgər bu dövlətlər terror yuvalarını bağlasalar, terrorizmə və terrorçulara qarşı dövlət siyasəti olaraq məsafə qoyarlarsa və bunu icra edərlərsə, Türkiyə də bu vetonu aradan qaldıracaq.

- Rusiya Prezidenti Vladimir Putin bildirib ki, “Rusiyanın İsveç və Finlandiya ilə problemi yoxdur, ona görə də bu ölkələrin Alyansa üzvlüyü təhlükə daşımır”. Həm də qeyd edib ki, NATO-nun hərbi varlığını genişləndirməsinə Moskvanın cavabı ağır olacaq. Finlandiyanın NATO-ya üz tutmasına Moskvanın cavabı necə olacaq?

- Bu mərhələdə Rusiyanın ortada hər hansısa bir təhdid olmadan Ukrayna üçün irəli sürdüyü səbəblərin heç biri Finlandiya və İsveç üçün müzakirə mövzusu deyil. Bu iki ölkə tamamilə özünümüdafiə tələbi ilə üzv olmaq istəyirlər. Rusiyanın və Vladimir Putinin buna reaksiya verməsinə ehtiyacı yoxdur. Eyni zamanda bunu etmək üçün gücü də yoxdur. Ancaq təbii ki, Finlandiya və İsveçə qarşı iqtisadi sanksiyalar həyata keçirə, siyasi meydanda zaman-zaman verdiyi dəstək və bu kimi fəaliyyətlərə son qoya, həmçinin Rusiyadan ixrac etdiyi məhsullara qarşı embarqo tətbiq edə bilərlər. Yəni siyasi və iqtisadi qərarlar qəbul edə bilərlər, lakin hərbi fəaliyyətin yerinə yetirilməsi üçün bu iki ölkədən Rusiyaya qarşı hər hansı bir təhlükə yoxdur və Moskvanın hərəkəti keçməsi müzakirə mövzusu deyil.

- Finlandiya və İsveçin NATO-ya üzv ola bilməsi üçün Türkiyə də daxil olmaqla, bütün NATO üzvlərinin razılığı tələb olunur. Əgər bu təsdiq olunarsa, Avropanın təhlükəsizlik xəritəsi necə dəyişəcək?

- İsveç və Finlandiyanın və sırada gözləyən bir neçə ölkənin NATO-ya üzv olması təşkilatın özünə əsas təhdid olaraq gördüyü Rusiyanı Baltik dənizindən Qara dənizə qədər çevrəyə almış olacaq. Yəni Avropanın təhlükəsizlik xəritəsi və Rusiyanı mühasirəyə alma xəritəsi genişləndirilmiş olacaq. Bu mənada NATO-nun genişlənməsi yaxşıdır, ancaq sonucda Rusiya, terror fəaliyyətləri və ya miqrasiya hadisələri birbaşa olaraq NATO-nu maraqlandıran bir durum halına gələcək. NATO-nun İsveç və Finlandiyada hərbi varlığını genişləndirməsi artıq bəzi məsələlərin dəqiqləşməsinə səbəb olacaq. Artıq heç kəs “mənim ölkəm təhlükədə deyil, hər kəslə münasibətlərimiz yaxşıdır, sıra bizə gəlməz” düşüncəsi də ortadan götürüləcək. Eyni zamanda ölkələrin hərbi xərcləri artacaq. Bununla ABŞ-a və NATO kimi müdafiə qalxanına olan ehtiyac da artacaq.


- Prezident İlham Əliyevin Rizəyə səfəri ilə bağlı fikirləriniz maraqlıdır. Rizə səfəri çərçivəsində hər iki liderin öz ölkəsinə qazandırdığı nailiyyətlər, eyni zamanda Türkiyə-Azərbaycan birliyinin hər iki dövlətə qazandırdığı uğurlar nələrdir?

- Prezident İlham Əliyev Rizə-Artvin Hava Limanının açılışında çıxışı zamanı bir neçə vacib məqamları qeyd etdi. Azərbaycan dövlət başçısı bildirdi ki, “biz dostuq, qardaşıq, müttəfiqik. Bu, bizə atalarımızdan miras qalıb. Biz hər zaman bir yerdəyik. Xoş günlərdə, yaxşı günlərdə, pis günlərdə. Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək unudulmazdır. Bu, dosta güvən, düşmənə qorxu verməkdədir”. Hazırda da Qarabağın yenidən qurulması, müasirləşdirilməsi ilə bağlı Türkiyə hər cür dəstəyi göstərir. Türkiyə və Azərbaycan prezidentlərinin Rizədə səhnəyə bərabər əl-ələ çıxmaları, polad yumruqlarını havaya qaldırmaları təbii ki, Şuşa Bəyannaməsi ilə bərabər Azərbaycan-Türkiyə münasibətlərinin ən üst tarixi zirvəsinə gəlməsinə vəsilə olub. Bu sıx əlaqələr dostlara güvən, düşmənə qorxu gətirməkədədir. “Türkiyənin nəyi varsa Azərbaycanın, Azərbaycanın nəyi varsa Türkiyənindir” fəlsəfəsi ilə hərəkət edilir. Eyni zamanda 44 günlük müharibədən sonra Ali Baş Komandan İlham Əliyevin “Biz bir millət, iki dövlətik, ancaq bir millət, bir dövlət olmağı da bacarırıq” ideyası ilə həyata keçirilən Şuşa Bəyannaməsi ilə sevincdə, kədərdə, istənilən anda bir araya gəlinməkdədir. Bu birlik Türk Dövlətləri Təşkilatında da çox müsbət və gözəl inkişaflara səbəb olmaqdadır. Bu sahədə daha çox uğurlara nail olunacaq. Bu birlik Qafqaza sülhü gətirib, dünyaya da sülhün, sabitlik və təhlükəsizliyin gəlməsi ilə bağlı çox önəmli qatqıları var.

- Qarabağda baş verən proseslərə toxunmaq istəyirəm. Durum nə yerdədir, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın imzalanmasından 1.5 ildən çox vaxt keçib. Azərbaycan Ermənistana baza prinsipləri təqdim edib. Lakin erməni müxalifəti küçələrə çıxıb sülh müqaviləsinin əleyhinə şüarlar səsləndirir. Bu, hazırkı prosesə necə təsir göstərəcək?

- Ermənistan müxalifəti 200 ildən sonra bir şillə yeyib, Qərbin ərköyün uşağı Ermənistan bir dövlətin yaşaya biləcəyi ən ağır məğlubiyyəti yaşayıb. O travmanı hələ də üzərlərindən ata bilmirlər. Lakin Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın ortaya qoyduğu 5 baza prinsipini qəbul etdiyini ifadə edib. Paşinyan hökuməti sülh müqaviləsini imzalamaq məcburiyyətindədir, başqa seçimləri yoxdur. Bunu ən yaxşı xalq və Paşinyan görür. Bu istiqamətdə də həm Türkiyə-Azərbaycan, həm də Azərbaycan-Ermənistan arasındakı danışıqlar davam etməkdədir. Bunun qarşısındakı əngəl 200 ildir Qərbin əlaltısı, Xocalının əliqanlı qatilləri olan Ermənistan müxalifətidir. Bu prosesin də müəyyən müddət sonra keçəcəyini, atəşkəs sazişinin sülh müqaviləsinə çevriləcəyini, “3+3” platforması ilə Qafqaza sülhün və sabitliyin gələcəyini düşünürəm. Lakin bu, çox zəhmətli yoldur. Bunun qarşısını almaq üçün müxtəlif qüvvələr hər cür fəaliyyətlərini davam etdirirlər. Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində problemin həllinə yönəlik sülh müqaviləsinin reallaşacağına ümidvaram.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.