"İtkin düşən uşaqlarla bağlı kompleks işlər aparılmasa, belə halların sayı çox olacaq” - Sosioloq

21-05-2022, 00:09           
"İtkin düşən uşaqlarla bağlı kompleks işlər aparılmasa, belə halların sayı çox olacaq” -
Son dövrlərdə azyaşlı uşaqların və yeniyetmələrin itkin düşməsi ilə bağlı sosial şəbəkələrdə və mətbuatda çoxsaylı xəbərlər yayılır. Təəssüf ki, uşaqlar və yeniyetmələr arasında valideynlərinə xəbər vermədən evdən getmə halları da trendə çevrilib. Həmin gənclərin bir qismi tapılsa da, bəzilərinin aqibəti sonradan bəlli olmur.

Maraqlıdır, bu problem nədən qaynaqlanır və qarşısının alınması üçün nələr etməliyik?

Teref.az yazır ki, mövzu ilə bağlı KONKRET.az-ın suallarını sosioloq Üzeyir Şəfiyev cavablandırıb. O bildirib ki, uşaqların və yeniyetmələrin evdən getməsi və itkin düşməsi hər şeydən əvvəl ailədə olan psixoloji mühitlə əlaqəlidir: “Ailədə olan neqativ psixoloji mühitə görə yeniyetmələr bəzən evi tərk edir. Həmçinin, sosial şəbəkələr də, bu məsələdə önəmli rol oynayır. Uşaqlar sosial şəbəkələrdə tanımadığı insanlarla əlaqə qurur və valideyndən xəbərsiz olaraq həmin şəxslərlə görüşür. Bir çoxları hətta buna görə kənddən şəhərə də axın edir. Ona görə də valideynlər övladları ilə səmimi münasibət qurmalıdır. Ata-ana ilə övlad arasında münasibət o səviyyədə olmalıdır ki, uşağın problemi yarananda ilk növbədə onlara danışa bilsin. Əks təqdirdə valideyn nəzarətsizliyi səbəbindən uşaqlar və gənclər təhlükəli şəxslərlə ünsiyyətə meyllənir. Onlardan bəziləri itkin düşür, bəziləri isə narkotik maddələrə, cinayətə meyllənirlər. Təəssüf ki, son dövrlərdə valideynlərin övladlarına nəzarət mexanizmi xeyli zəifləyib. Böyüklər günün çox hissəsini telefon, kompüter qarşısında keçirir. Belə ailələrdə böyüyən uşaqların da öz virtual dünyası olur. Nəticədə ailə üzvləri arasında qeyri-səmimi mühit formalaşır”.

Sosioloq məktəbin bu məsələdə rolundan da danışıb: “18 yaşına çatmayan şəxslərin itkin düşməsindən söhbət gedirsə, burada ilk olaraq valideyn nəzarətsizliyindən danışmaq lazımdır. Valideyn hər an övladının harada olması və nə etməsi haqda məlumatlı olmalıdır. Lakin bu nəzarət basqı şəklində həyata keçirilməməlidir. Bu məsələdə məktəblərin də mühüm rolu var. Uşaqların davamiyyətində boşluq olarsa, məktəb rəhbərliyi dərhal valideynə məlumat verməlidir. Təhsil Qanununda məktəb-şagird-valideyn üçbucağı xüsusilə qeyd olunub. Əgər şagird dərslərə gəlmirsə, məktəb psixoloqu və sosial işçilər həmin şagirdlə iş aparmalı, eləcə də onun valideynləri ilə sıx ünsiyyət qurmalıdır. Hesab edirəm ki, itkin düşən uşaqlarla bağlı kompleks işlər aparılmasa, belə itkilərin sayı çox olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.