“Ermənilər Qarabağın “Q” hərfini desə, biz Zəngəzura...” - Tofiq Zülfüqarov

24-05-2022, 19:32           
“Ermənilər Qarabağın “Q” hərfini desə, biz Zəngəzura...” - Tofiq Zülfüqarov
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 22-də Brüssel görüşündə əldə edilmiş razılaşmaya uyğun olaraq, sərhədlərin delimitasiyası məqsədilə komissiya yaradıb.

Yaxın vaxtlarda Azərbaycan-Ermənistan dövlət sərhədində komissiyanın birgə iclası keçiriləcək. Lakin sərhədlərin müəyyənləşməsi zamanı hansı xəritələrdən istifadə olunacağı dəqiqləşməyib. Bununla bağlı indiyə qədər irəli sürülən əsas təklif SSRİ dövründə çəkilmiş xəritələrin tətbiqidir. Teref.az xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya müsahibəsində sərhədlərin delimitasiyası prosesinə dair son razılaşmalardan fərqli olaraq, yeni yanaşmalar təklif edib:

- Sərhədlərin delimitasiyasında Sovet dövrünün müxtəlif illərində çəkilmiş xəritələrdən istifadə təklif olunub. 2021-ci il noyabrın 21-də Soçidə imzalanmış üçtərəfli Bəyanata əsasən, Rusiya sərhədlərin müəyyənləşməsində məsləhətçi tərəf kimi iştirak etməlidir. Söhbət Rusiya Müdafiə Naziriliyinin Baş Qərargahında saxlanılan xəritələrin tətbiqindən gedir. Azərbaycan Xarici İşlər Nazirlyinin bu il martın 14-də Ermənistan tərəfidnə göndərdiyi 5 bənddən ibarət sülh prinsiplərində sərhədlərin 1970-ci il xəritəsi əsasında müəyyənləşməsi təklif olunub. Ancaq siz 1918-ci ilə dair xəritənin əsas götürülməsini vacib hesab edirsiniz.

- Xəritələr mövzusu ümumi prosesin bir hissəsidir. Yəni ümumi münaqişənin məntiqini götürsək, görəcəyik ki, onların əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları dayanır. 2020-ci ildə baş verən müharibədən sonra bizdə belə qənaət yaranıb ki, ermənilər Azərbaycana olan ərazi iddilarından əl çəkəcəklər. Ancaq bu baş vermədi. Ermənistan tərəfi Qarabağ siyasətini yeni şəraitdə davam etdirəcəyini açıq şəkildə bəyan edib. Bu, o deməkdir ki, əsas məsələ həll olunmayıb. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddasını davam etdirirsə, Azərbaycanın da tarixi ədalət məsələsini gündəmə gətirməyə ixtiyarı var. Bu yolla Ermənistanın ərazi iddialarını neytrallaşdırmalıdır. İndi isə delimitasiya və demarkasiya məsələləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında birinci bənddə qeyd edilib. Ermənistan bununla öz niyyətini həyata keçirmək istəyir. Yəni Ermənistan çalışır ki, Sovet dövründəki xəritələri tətbiq etsin, Azərbaycanı həmin sərhədləri tanımağa məcbur olunsun, eyni zamanda Azərbaycana qarşı ərazi iddilarını davam etdirsin. Həm Rusiya, həm də Qərb bu məsələdə Ermənistana dəstək verir. Ona görə də delimitasiya və demarakasiya texniki proses olmasına baxmayaraq, siyasi əhəmiyyət kəsb edir. İndiki mərhələdə biz ya müdafiə strategiyası tutmalı, ya da əks-hücum strategiyasını seçməliyik. Delimitasiya və demarkasiya prosesi bu məsələ ilə sıx bağlıdır.

- Nə üçün məhz 1918-ci ilin xəritəsini təklif edirsiniz?

- Çünki Zəngəzur və Göyçə mahalı həmin dövrdə Azərbaycanın tərkibində olub.

- Axı 1918-ci il xəritəsi tətbiq olunsa, Ermənistan dövləti özü xəritədən silinəcək. Bu isə delimitasiya prosesinin pozulması və Ermənistanın razılaşmadan imtina etməsi deməkdir.

- Ermənistanın buna razı olub-olmaması sual deyil. Söhbət ondan gedir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası davam edirsə, o halda biz nəyə görə Ermənistanı həmin vəziyyətə salmamalıyıq? Onlar Qarabağ sözünün “Q” hərfini deyən kimi biz Zəngəzuru deməliyik. Bu, çox sadə və praktiki məntiqdir. Azərbaycan Sovet İttifaqının tərkibinə Zəngəzur və Göyçə mahalı ilə daxil olub. Bu da Sovet xəritələrində öz əksini tapıb.

- Demək istəyirsiniz ki, sərhədlərin delimitasiyası və demarkasiyası reallaşsa belə, Ermənistan yenə də Azərbaycana qarşı ərazi iddialrından əl çəkməyəcək?

- Əslində, delimitasiya prosesi başlamayacaq. Brüssel bəyanatı Şarl Mişelin açıqlamasıdır. O, sadəcə aparılmış müzakirələrin məzmununun əksidir. Bu, Şarl Mişelin öz mövqeyini ifadə edən bəyanatdır. Burada nə Azərbaycanın, nə də Ermənistanın öhdəlikləri var. Bəzi məqamlarda mən bu bəyanatı ermənipərəst sənəd kimi qiymətləndirirəm. Bəziləri deyir ki, bəyanatda status termini işlədilməyib. Amma orada erməni əhalinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsi qeyd edilib. Bəs bu status deyil? Yaxud Zəngəzur dəhlizi məsələsini götürək. Zəngəzurla bağlı problem bundan ibarət idi ki, həmin dəhlizin keçdiyi ərazi eksterritorial olacaq yoxsa yox? Çünki Laçında olan vəziyyət dəhlizin eksterritorial olduğunu göstərir. Azərbaycan 5 il müddətinə Laçın dəhlizninin eksterritorial statusuna razılıq verib. Biz gözləyirdik ki, Zəngəzur da eyni statusa malik olacaq. İndi isə Şarl Mişel deyir ki, Zəngəzurda sərhəd və gömrük qanunları tətbiq oluncaq. Belə olan halda bu, dəhliz deyil, sadəcə olaraq kommunikasiyadır. O zaman Laçında nə üçün dəhliz qalmaldır? Əgər Ermənistan ərazi iddialarından əl çəkirsə, bəs silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxartdığına dair öhdəlikləri haradadır? Yaxud Ermənistanın Qarabağ ermənilərinə hərbi, maliyyə, iqtisadi dəstəyi göstərməsi niyə qadağan edilmir? Yəni Brüssel bəyanatında səslənən fikirlər öhdəlik kimi qəbul edilə bilməz.

- Ermənistan tərəfinin yaratdığı komissiyanın adı təhlükəsilik və delimitasiya adlanır. Sizcə, təhlükəsizlik termininin ora daxil edilməsi nəyi ifadə edir?

- Hər kəs delimitasiya məsələsini öz bildiyi kimi başa düşür. Sərhəd komissiyasına kimi daxil etmək istənilən ölkənin öz hüququdur. İkincisi, ondan hansısa nəticələr gözləmək mənasızdır. Ümumiyyətlə, Şarl Mişelin fəaliyyəti və açıqlaması Avropa İttifaqının bu məsələdə rolunu artırmaq məqsədi daşıyır. Problem danışıqların Moskvada və ya Brüsseldə keçirilməsində deyil. Problem ondadır ki, Ermənistan öz siyasətini dəyişməyib. Biz bunu görməliyik.

- Amma Delimitasiya Komisyyasının Azərbaycan-Ermənistan sərhədində birgə iclasının keçirilməsinə dair razılaşmaya ümidverici yanaşılır. Yəni iclasda vasitəçi tərəfin olmaması tərəflərin ortaq məxrəcə gəlməsi baxımından pozitiv hesab edilir.

- Danışıqlar barədə miflər, nağıllar var. Guya görüş Moskvada deyil, Brüsseldə keçirilsə, Rusiya təsir edə bilməyəcək, yaxud əksinə. Bəzən deyirlər ki, təkbətək keçirilsə, problem həll oluncaq. Bunlar hamısı elementlərdir. Əsas mövzu dəyişməyəcək. Doğrudanmı, ermənilərin Azərbaycanla üzbəüz oturanda mövqeyini dəyişəcəyinə inanırsınız? Münaqişənin qalmasında həm Rusiya, həm də Qərb maraqlıdır. Qərb status məsələsinin müzakirəsini təklif edirsə, bu nə deməkdir? Məsələnin mahiyyətini bilməyən insanlar hansısa elementi götürüb, şişirdib, onun üzərində təbliğat qurmaq istəyir. Bu məsələdə məntiq lazımdır. Məntiq isə göstərir ki, Ermənistan münaqişənin davam etdirmək niyyətindədir. Rusiya və Qərb də bu məsələdə ona dəstək verir.

- O zaman nə edək? Yenəmi 30 il gözləyək, yoxsa situasiyanı dəyişmək üçün Azərbaycanın konkret təsir vasitələri var?

- 44 günlük müharibədən qabaq bizim strategiyamız müdafiə idi. İndi isə hücuma keçməliyik. Ona görə də Zəngəzur məsələsi hücum strategiyasının əsasını təşkil etməlidir. Bunun nəticəsində biz daha yaxşı müdafiə olunacağıq.

- Diplomatik hücum öz yerində. Axı hərbi hücumdan istifadə olunsa, sərhədin o tayında, Şərqi Zəngəzurda Rusiya qoşunları yerləşdirilib. Bu, nə qədər mümkündür?

- Mən hərbidən danışdım?

- Bütün variantları müzakirə edirik...

- Əvvəlcə, bu mövzunu başlamaq lazımdır. Hansısa mərhələdə hərbi hücum lazım olsa, bu da istifadə oluna bilər. Ən azı bəyan etməliyik ki, Ermənistan Qarabağı istəsə, Azərbaycan da Zəngəzurur istəyəcək. Vəssalam! Orada Rusiyanın və ya başqasının dayanmasının məsələyə aiddiyyəti yoxdur. Ona görə də məsələyə proses kimi baxmalıyıq. Hansı xəritələrin təklif olunmasından asılı olmayaraq, biz prosesi başlamalıyıq. Ermənilər 1988-ci ildə Qarabağa iddialarını ortaya qoyanda, onların önündə kimsə dayanmırdı. Amma prosesi başlatdılar. Biz də başlayaq, sonrasına baxarıq.

- Sizcə, Delimitasiya Komissiyasının iclası Azərbaycan-Ermənistan sərhədinin hansı hissəsində keçirilməlidir? Bununla bağlı müxtəlif fikilər var. Gah Qazaxda, gah Sədərəkdə keçiriləcəyinə dair ehtimallar səslənir.

- Bunun elə bir fərqi yoxdur. Mən sərhədin müxtəlif hisslərinə dair müxtəlif xəritələrin götürüləcəyini istisna etmirəm. Məsələn, Zəngəzura aid 1920-ci ilin xəritəsi, Naxçıvanın bir hissəsinə SSRİ dövrünün xəritəsi və s. tətbiq oluna bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.