Heç vaxt namizədliyimi sürüb, ona rəqib olmaram - Sabir Rüstəmxanlı

24-05-2022, 19:35           
Heç vaxt namizədliyimi sürüb, ona rəqib olmaram - Sabir Rüstəmxanlı
Bir neçə gün əvvəl Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının 76 yaşı tamam oldu. Ondan doğum günü təəssüratlarını soruşduq.

Teref.az xalq şairi, deputat Sabir Rüstəmxanlının Publika.az-a müsahibəsini təqdim edir:

- Sabir bəy, bir neçə gün öncə doğum gününüzü qeyd etdiniz. Əvvəla təbrik edirik! Təbrik edənlər çox idi? Kimlərin təbriklərini cavabladınız?

- Təbriklərinizə görə təşəkkür edirəm. Fürsətdən istifadə edərək məni təbrik edən bütün təşkilatlara, dostlara, tanışlara, həmkarlarıma, hər kəsə öz minnətdarlığımı bildirirəm. Əlbəttə, hələ ki, təbriklərin arası tam kəsilməyib. Yəqin ki, təbriklərlə bağlı özüm ayrıca minnətdarlıq yazısını qələmə alacağam. İmkan daxilində tək-tək adamlara da cavab vermişəm. Amma təbriklər çoxdur. Şübhəsiz ki, onların hamısına tək-tək cavab vermək, minnətdarlıq bildirmək mümkün deyil. Çünki buna vaxt çatmaz. Ümumiyyətlə, ad günüm gələndə harasa qaçmaq, Bakıdan çıxmaq istəyirəm. Kiməsə əziyyət vermək istəmirəm.

- Bəs bu cəhdləriniz baş tuturmu?

- Xeyr, bu cəhdlərim həmişə uğurla nəticlənməyib. Çünki hara getmişəmsə, ən azından öz uşaqlarım axtarıb tapıblar. Məni ziyarət ediblər. Əksinə, məsələ bir az da mürəkkəbləşib. Ona görə də ad günü keçirmək həvəskarı deyiləm. Amma beş ildən bir yuvarlaq rəqəmlərdə - 50, 55, 60, 65 yubileylərimdə - öz yaradıcılıq gecələrimi keçirmişəm. İndiyə kimi həmişə belə olub. Teatrlardan birini və ya filarmoniyanı götürmüşəm. Oxucularım, məni sevənlər, tanıyanlar oraya toplaşıblar. Mən də beş il ərzində yazılan yeni şeirlərlə, yeni kitablarla onlara hesabat vermişəm.

- Bəs bu dəfə necə oldu?

- Bu dəfə ad günü ərəfəsində, yəni mayın 19-da Mirzə Fətəli Axundov adına Milli Kitabxana bu il mənim iri həcmli biblioqrafiyamı çap etdirib. Çünki uzun bir ömür boyu yazılmış bütün kitablar, məqalələr, mənim başqaları haqqında yazdıqlarım, başqalarının mənim haqqımda qələmə aldığı yazıların biblioqrafiyasını bir yerə toplamaq çox çətindir. Bütün bunlar orada əks olunub. Bu da bir təsadüf idi. Axundov adına Mərkəzi Kitabxananın mənim ad günümdən xəbərinin olacağını düşünmürdüm. Mayın 19-da onun təqdimatını elədilər. Həmin təqdimata bizim bir çox ədəbiyyat xadimlərimiz, millət vəkilləri, Yazıçılar Birliyinin rəhbəri, mənim dostlarım həmin kitabın təqdimatına gəlmişdilər. Əslində bu təqdimat mənim üçün çox dəyərli ad günü tədbiri idi. Həmin tədbirin sonunda bizim Nizami adına Ədəbiyyat İnstitunun buraxdığı, “Xalq şairi Sabir Rüstəmxanlı” adlı irihəcmli bir monoqrafiyanın da təqdimatı baş tutdu. Çünki onun da təqdimatı keçirilməmişdi. Oxuculara çatdırılmamışdı. Ötən ildən başlayaraq seçilmiş əsərlərimin 15 cildiyini çapa hazırlayıram. Artıq üç cildi çap edilib. Növbəti dörd və beşinci cildlər çapa hazırlanır. Bu haqda da tədbirə qatılanlara məlumat verdim. Bir sözlə, həmin görüş dostlarıma və həmkarlarıma hesabat oldu. Sonrakı gün – ayın 20-də isə ailə üzvlərimlə bir yerdə oldum. Hətta ailə üzvlərimin də hamısı bir araya gələ bilməmişdilər. Onların hamısını bir araya yığmaq çox çətin məsələdir.

- Ümumiyyələ, bu il ən maraqlı və yaddaqalan ad günü hədiyyəsini kimdən aldınız?

- Bu il bütün dostlara, qohumlara, övladlarıma əvvəlcədən xəbərdarlıq eləmişdim ki, kim əlində hədiyyə gətirsə, qapıdan içəri buraxılmayacaq. Ona görə də hədiyyə gətirmək istəyənlər ehtiyat etdilər (gülür). Buna baxmayaraq, həmin qadağanı qıranlar olmuşdu. Bir iki nəfər... Amma mən hədiyyə həvəskarı deyiləm. Çünki nə hədiyyə verməyi, nə də hədiyyə almağı xoşlayıram. Ona görə ki, bunlar vaxt alan şeylərdir.

- Sabir bəy, siyasi fəaliyyət yaradıcılığınıza maneələr yaradırmı?

- Artıq o dövr keçib. 30 ildir ki, siyasətdəyəm. Ədəbi yaradıcılığımla bağlı nələri itirdiyimi demək indi çətindir. Biz yazılmayan çoxlu şeirlərimizi meydanlara atdıq, mitinqlərə qatdıq. Yollarda, səfərlərdə, siyasi görüşlərdə, dünya ölkələrinə müxtəlif niyyətlərlə təşkil olunmuş səyahətlərdə itirdik. Bütün bunlar yaradıcılıqdan çox şeyləri alır. Ən azından vaxtını, zamanını əlindən alır, amma müəyyən mənada qatqıları da olur. Yəni əvəzində bəzi şeyləri də verir. Həm Dünya Azərbaycanlıları Konqresinin sədri, həm də yazıçı kimi dünyanın bütün qitələrində olmuşam. Dünyanın bütün qitələrində yaşayan həmkarlarımla və soydaşlarımızla görüşmüşəm. Bu səfərlər çox böyük enerji tələb edir. Onların gerçəkləşməsinə ciddi maliyyə dəstəyi də yoxdur, hər şeyi özün həll etməlisən. Əlbəttə, bütün bunlar yükdür. Amma son nəticədə baxıram ki, Avstraliyadan Kanadaya qədər bir çox ölkələrə səfərlərimlə bağlı yazılarım var. Bu yazılar da yaradıcılığımın bir qoludur. Onları bir yerə yığsan yəqin ki, bir cildlik material olar.

- Bəy, Sabir Rüstəmxanlı deyəndə həm də gözlərimizin önündə türk dünyası canlanır. 1990-cı illərdə biz türk dünyasına daxil olan ölkələri “türkdilli dövlətlər” adlandırırdıq. İndi qısaca olaraq türk dövlətləri deyirik. Hətta bu birliyin daşıyıcısı olan qurumu da Türk Dövlətləri Təşkilatı adlandırırıq. Sizcə, bu ifadələrdən hansı doğrudur? Nə üçün zamanla “türkdilli dövlətlər” ifadəsi yerini “türk dövlətləri”nə verdi?

- Yox, mən türkdilli dövlətlər anlayışına elə əvvəldən etiraz eləmişəm. Hansı dövlət var ki, türk deyillər, amma türkdillidirlər?! Bu, anlaşılmaz ifadə idi. Məncə, türk dövlətləri anlayışı daha doğrudur. O təşkilata qoşulanların hamısı özünün türk olduğunu bilir. Təkcə hamının antropoloji olaraq türk olduğunu ifadə eləmir. Bəlkə də müəyyən vaxtlarda siyasi, bəlkə də birləşdirici termin olub. Ola bilsin ki, vaxtında bütöv bir termin kimi yaranmayıb. Amma indi türk mədəniyyəti, türk tarixi, türk yolu, türkün keçib gəldiyi coğrafiya anlayışı artıq hamının ortaq malına çevrilib. Ona görə də bu dövlətlərin hamısı özlərini türk hesab edirlər. Başqa bir yol yoxdur. Mən ilk dəfə televiziyada türk sözünü işlədəndə 1980-ci illərin ortaları idi. O vaxt demişdim ki, biz türk deyiliksə, bəs kimik? O zaman bir neçə adam mənə zəng vurub söylədi ki, çox sağ ol, ilk dəfə sən bu sözü bizim televiziyalarda dedin. Əslində biz böyük bir iş görməmişik, sadəcə olaraq öz adımızı dərk eləmişik. Hüseyn Cavid repressiyaya məruz qaldığı kimi dilimizin adı da repressiya qurbanı olub. Mərhum prezidentimiz Heydər Əliyevə də demişdim ki, siz repressiyaya uğramış Hüseyn Cavidin nəşini Sibirdən qaytardınız, onun haqqını bərpa elədiniz, əslində ötən əsrin 30-cu illərində türk dilimizin adı da repressiyaya uğrayıb. Bu gün Azərbaycançılıq bizim milli ideologiyamızdır. Bu, hazırda Azərbaycan xalqını birləşdirən bir amildir. Əslində bununla türkçülüyün arasında heç bir ziddiyət yoxdur. Bu gün hər kəs öz türklüyünü dərk edirsə, bu, çox gözəldir. Firdovsi öz “Şahnamə”sində İran-Turan savaşlarından bəhs edir və onun coğrafiyasını da verir. İran farslar, Turan da türklər idi. Söhbət 2500 il bundan əvvəldən gedir. 2500 il bundan əvvəl burada bir Turan termini var idisə, bu gün həmin termindən qorxmaq lazım deyil. Bu, bir idealdır, gələcəyə, gəncliyin milli, vətəndaşlıq tərbiyəsinə yönəlib. Burada pan-turanizm, türklüyün birləşib başqa xalqlara qarşı aqressiyasını heç kim gözləməsin. Bu, bizim qonşularımızın bizə qarşı hərəkətlərinə bənzəmir. Sadəcə olaraq özünümüdafiə anlayışıdır. Vaxtilə Avropada pan-slavizm, avrosentrizm, xristian klubu, Avropa Birliyi anlayışları indi çox normal qəbul olunur. Amma türk birliyi deyəndə bəziləri buna dodaq büzürlər. Hətta ehtiyatla yanaşırlar. Halbuki bu nizam yaratmaq üçün çox uğurlu birlikdir. Çünki Avrasiyanın sahibi həmişə türklər olub. Avrasiyada bir nizam, birlik yaranırsa, Avrasiyanın böyük təbii qaynaqları dünyaya, Avropaya açılırsa, buna görə ancaq sevinmək lazımdır.

- Qarşıdan Yazıçılar Birliyinin 13-cü qurultayı gəlir. Şuşada keçiriləcək. Siz də AYB-nin sədri postuna namizədliyinizi irəli sürəcəksinizmi? Gənclər də namizəd olacaqlarını açıqlayıblar. Onların bu iddialarına münasibətiniz necədir?

- Həmişə gəncliyin qorunmasının tərəfdarı olmuşam. Hətta onların şıltaqlıqlarına səbrlə yanaşmağın tərəfdarıyam. Çünki özümüz də o yolu keçmişik. Gəncliyi olmayan millətin nə qələbəsi, nə uğuru, nə də ədəbiyyatının, incəsənətinin gələcəyi olar. Ona görə də gəncliyə həm siyasətdə, həm də ədəbiyyatda sayğı ilə yanaşmaq lazımdır. Səhvləri olanda belə onun düzəldilməsinə köməklik göstərmək gərəkdir. Hələ ki, qurultayın hansı tarixdə olacağını bilmirəm. Həmin vaxt mənim başqa işlərimin olub-olmayacağını da bilmirəm, amma bu vaxta qədər bütün qurultaylarda iştirak eləmişəm. Hətta gənc vaxtlarımdan bir neçə qurultayda əsas mərüzəçi olmuşam. Təxminən 20-25 il bundan əvvəl, AYB üzvləri, xüsusən də cavanlar dəfələrlə mənə təkid ediblər ki, bəlkə sən Yazçılar Birliyinin sədrliyini qəbul edəsən, biz də çalışıb sənin namizədliyini irəli sürək, səni müdafiə edək. Mən o vaxt demişdim ki, Anar bizim dostumuzdur, böyük yazıçımızdır. Söyləmişdim ki, Anar özü bu postdan imtina eləsə, o zaman bu barədə düşünmək olar. Amma Anar işləmək istədikcə mən rəqib olub ona qarşı namizədliyimi irəli sürmərəm. Əksinə, o qurultaylarda Anarı müdafiə eləmişəm. Açığı, hətta indi Anar Yazıçılar Birliyinin sədri postundan getsə də onun sədrliyini boynuma götürmərəm. Çünki orada görülməli iş çoxdur. Bu da çox vaxt istəyir, çox vaxt alır. Mənim o cür vəzifələrə qurban veriləsi vaxtım o qədər də çox deyil. Mənim üçün daha önəmli olan başqa işlər də var. Əgər 15-20 il əvvəl olsa, qolumu çirmələyib öz istədiyim şəkildə bu istiqamətdə fəaliyyətimi qurardım. İndi o işləri Anar da görür. İstənilən halda hərənin öz dəst-xətti var. Amma indi daha o işi görmək istəmərəm.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.