Yerevanda katolikosa ağır tənə - sən bir dəfə dini liderləri Şuşaya topladınmı?... Ancaq Azərbaycan...

25-05-2022, 09:57           
Yerevanda katolikosa ağır tənə - sən bir dəfə dini liderləri Şuşaya topladınmı?... Ancaq Azərbaycan...
Tural İrfan: “Erməni katolikosu çağırış edərsə də belə, inanmıram ki, kimlərsə Qarabağa gəlib orada hansısa tədbirdə iştirak etməyi nəzərdə tutsunlar”
Məlum olduğu kimi, bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısının keçiriləcəyini bəyan edib. O bildirib ki, tədbirin bu ilin sentyabr ayının sonu, oktyabr ayının əvvəlində keçirilməsi planlaşdırılır.

Beynəlxalq tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Azərbaycan dini liderlərinin iştirakı nəzərdə tutulub.

QMİ sədrinin bəyanatı Ermənistanda ciddi narahatlıq yaradıb və II Qareginə qarşı ittihamların səsləndirilməsinə səbəb olub. Belə ki, erməni politoloq Vahram Atanesyan bütün ermənilərin katolikosunu tənqid edib. Bu barədə Azərbaycan mediası Ermənistan mətbuatına istinadən yazıb. Vahram Atanesyan yerli mediaya verdiyi açıqlamada diqqət çəkən fikirlər səsləndirib:“Niyə bütün ermənilərin katolikosu 44 günlük müharibədən sonra Qarabağda yaşayan ermənilərlə söhbət etmək üçün bu əraziyə səfər etməyib? Rəsmi Bakı payızda Şuşada türkdilli dini liderlərin konfransının təşkil olunacağını bəyan etdi. Müqəddəs Üçkilsə (Eçmiədzin) nə vaxtsa Qarabağda qardaş, dost ölkələrdən olan kilsələrin nümayəndələrinin görüşünü təşkil edibmi? Katolikos Azərbaycanın qayğıkeş dini liderinin yuxarıda qeyd etdiyimiz konfrans təşəbbüsünü puç etmək üçün kilsələrarası əlaqələrindən istifadə edə bilərmi?”.

“...Erməni kilsəsi bütün kilsələrə savaş elan etmiş bir kilsədir”

Məsələyə şərh verən tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısının keçirilməsini təqdir edir və bu çox müsbət bir addım olacaq. Onun sözlərinə görə, belə bir tədbirdə, xüsusən də türkdilli ölkələrin din xadimlərinin iştirak etməsi əlamətdar bir hadisədir ki, orada artıq farsyönümlü, Suriya, Livan kimi erməniyönümlü ölkələrin din xadimləri iştirak edə bilməyəcək. Burda yalnız türkdilli dövlətlərin din xadimlərinin iştirak etməsini müsbət dəyərləndirən T.İrfan hesab edir ki, erməni politoloqun hay-küyü heç bir əhəmiyyət daşımır: “Erməni politoloqunun açıqlamasını əhəmiyyətsiz sayıram. Çünki ən azından, o bir dövlət nümayəndəsi deyil, sadəcə bir politoloq olaraq öz fikrini bildirib, katolikosu tənqid edib. İnanmıram ki, ona cavab olaraq erməni katolikosu hansısa təşəbbüsdə bulunsun, Qarabağda hansısa bir yığıncaq keçirməyə cəhd etsin. Çünki artıq katolikos da, Ermənistan hökuməti də, erməni xalqı da dərk edir ki, Qarabağ onların deyil. Düzdür, əvvəllər də dərk edirdilər, bilirdilər ki, Qarabağın onlara aidiyyəti yoxdur, sadəcə etiraf edib demirdilər ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bu baxımdan, onlardakı ruh düşkünlüyü və sair təbiidir. O cümlədən, katolikosun özü də bu addımı atmaq istəsə belə, belə bir tədbiri hansı kilsələr arası keçirə bilər? Əvvəla, dini prizmadan yanaşsaq, erməni kilsəsi bütün kilsələrə savaş elan etmiş bir kilsədir. Yəni Qriqoryan kiləsi Qüdsdə də, Fələstində də, bir sözlə, heç bir yerdə o biri kilsələrlə daxilən uyğun gəlməyib. Qriqoryan kilsəsi həmişə təklənib. İndi müəyyən siyasi maraqlar naminə, məsələn, deyək ki, bəzi Qərb ölkələrinə, yaxud da ki, qonşu ölkələrdən, Gürcüstandan, Rusiyadan hansısa bir keşiş gələ bilər. Amma düşünmürəm ki, Qriqoryan kilsəsinin təşəbbüsü ilə Qarabağda hansısa bir tədbir keçirilə və burada dünyanın xristian dini liderləri iştirak edə bilər. Çünki artıq başqa ölkələr də bilirlər ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi və digər məqamlar var. Erməni katolikosu çağırış edərsə də belə, inanmıram ki, kimlərsə Qarabağa gəlib orada hansısa tədbirdə iştirak etməyi nəzərdə tutsunlar. Bu baxımdan, bizim Şuşada keçirilən və keçiriləcək tədbirlərimiz çox təqdirəlayiqdir. Xüsusən də din sahəsində biz çox operativ iş aparmalıyıq. Təkcə konfrans keçirməklə də iş bitmir. Hələ də erməni keşişləri gəlib Kəlbəcərdə Xudavəng monastırındadırsa, bu bizdə də müəyyən qədər rus düşkünlüyü yaradır. Yəni bu qətiyyən yolverilməz bir məsələdir və artıq humanizm də deyil”.

T.İrfan hesab edir ki, erməni keşişlər Xudavəngə gəlirsə, qarşılıqlı olaraq bizim din xadimlərimiz də Qərbi Azərbaycana getməlidir. Ekspert deyir ki, düzdür, bizim orada qalan yeganə məscidimiz İrəvandakı Göy Məsciddir, amma yenə də bizim o məscidi ziyarət etməyimiz üçün şərait yaradılmalıdır. T.İrfanın sözlərinə görə, erməni keşişlərin gəlib Xudavəngdə qalması, ora tez-tez gəlməsi heç də dini yöndə nəzərdə tutulmayıb, bu birbaşa siyasi anlam daşıyır: “Məqsədləri odur ki, sabah dünyaya car çəkib “görürsünüz, Kəlbəcəri alsalar da, bizi kilsədən çıxara bilmədilər, çünki bura erməni torpağıdır, erməni kilsəsi deyildisə niyə bizi oradan çıxarmadılar” desinlər. İnanıram ki, ermənilər bunu deyəcəklər. Çünki onlar elə həyasız toplumdurlar ki, onlardan nə desən gözləmək olar”.

İradə SARIYEVA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.