Nə varlılar, nə də kasıblar alırsa: Azərbaycanda virtual pulu alan kimlərdir? - MÜSAHİBƏ

25-05-2022, 15:36           
Nə varlılar, nə də kasıblar alırsa:
“Azərbaycanda kriptovalyutalara artan marağın əsas səbəbi daha qısa zamanda və az investisiya etməklə çox qazanc əldə etməkdir. Son 3 ilin nəticələrinə əsasən, kriptovalyutalara qoyulan investisiyalar digər maliyyə alətlərindən daha gəlirli olur. Düzdür, riskləri də var, amma digər maliyyə alətlərindən daha qazanclıdır. İnsanlar da bu şansı əldən buraxmamaq üçün vaxtında və az kapital ilə daha çox mənfəət əldə etməyə çalışırlar”.

Teref.az yazır ki, bunu Cebhe.info-ya müsahibəsində kriptovalyuta üzrə ekspert Elnur Quliyev deyib.

Ekspertin Azərbaycanda kriptovalyuta bazarı ilə bağlı müsahibəsini təqdim edirik:

- Hazırda Azərbaycanda təxminən nə qədər şəxsdə kriptovalyuta var?

- Hazırda ölkəmizdə kriptovalyuta istifadəçilərinin və ya investorlarının sayını müəyyən etmək qeyri-mümkündür. Çünki yerli mübadilə servisləri və kriptovalyuta birjaları yoxdur. Vətəndaşlar da beynəlxalq birjalarda qeydiyyatdan keçərək öz investisiyalarını edirlər. Bunun isə heç bir statistikası aparılmır. Ölkədə bunun hüquqi cəhətdən bir mexanizmi olmadıqca, bu statistikanı və ya dövriyyəni müəyyən etmək heç cür mümkün olmayacaq.

- Ümumiyyətlə, kriptovalyutaları daha çox hansı təbəqədən olan insanlar alırlar?

- Kriptovalyutalar maliyyə aləti kimi Azərbaycanda çox məşhur deyil. Bu sektora 2017-ci ildən başlayaraq insanlarda maraq yaranıb. Hazırda isə bu sektora investisiya yatıran həvəskar investorlardan söhbət gedə bilər. Çünki iri korporativ şirkətlər istəsələr belə bu sektora pul yatıra bilmirlər. Çünki bunun qanuni tənzimləmə mexanizmi yoxdur. Bu isə dövriyyənin azalması ilə nəticələnir. Yəni burada ciddi rəqəmlərdən söhbət gedə bilməz. Azərbaycanda hər kəs sadəcə həvəskar sahədə investisiya edə bilər. Kripto investisiyalar adətən nə kiçik təbəqənin, nə də ki yüksək təbəqənin alacağı maliyyə alətidir. Kiçik təbəqə maaş baxan insanlar olduğu üçün kriptovalyuta almağa vəsaiti çatmır. Yəni onların aylıq xərclərindən ayıraraq kriptovalyutalara pul qoyacaq qədər komfortları yoxdur. Çünki kriptovalyuta elə investisiyadır ki, ona yatırım edib uzun müddət gözləməyi bacarmaq lazımdır. Yüksək təbəqəli insanlar isə buna qeyri-ciddi yanaşırlar. Faktiki olaraq, bunun təznimləmə mexanizmi yoxdur və istədikləri vaxt bunu nağdlaşdıra bilmirlər. Hətta bir çoxları bunun alqı-satqı texnikasını bilmədikləri üçün kriptovalyutalara investisiya etmirlər. Ona görə də adətən orta təbəqəyə məxsus insanlar bu sektora investisiya edirlər.

- Bəzi ölkələrdə artıq kriptovalyutalar ödəniş vasitəsi kimi qəbul olunub. Bəs Azərbaycanda oxşar addım atıla bilərmi?

- Ölkəmizdə yeganə ödəniş vasitəsi manatdır və yaxın 5 ildə birbaşa kriptovalyutarla hər hansı əməliyyat aparmağın mümkün olmayacağını düşünürəm. Bunun üçün insanlar ilk növbədə maarifləndirilməli və müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Yəni kriptovalyutaların istifadəsi üçün sosial, iqtisadi və hüquqi şərait yaranmalıdır. Yalnız bundan sonra real sektorda kriptovalyutaların istifadəsindən danışmaq mümkündür.

- Ölkəmizdə ən çox satılan kriptovalyutalar hansılardır?

- Azərbaycanda ən çox ticarət olunan kriptovalyutalar “Bitcoin”, “Ethereum”, “USDT”, “Dogecoin” və “Shiba”dır.

Elmir
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.