“Bu şəhid ailəsidir, nə istəyir edə bilər” söhbətinə son qoyulmalıdır – QHT rəhbərindən QALMAQALLI AÇIQLAMA

25-05-2022, 21:00           
“Bu şəhid ailəsidir, nə istəyir edə bilər” söhbətinə son qoyulmalıdır –
Bir neçə gün öncə metroda qazimizin 30 qəpik tutan gediş haqqına görə metro işçisini təhqir etməsi mənə çox pis təsir etdi. Əgər qanunlarda dəyişiklik edilsə və qazilərin metrodan pulsuz istifadə edilməsinə qərar verilsə, onlara kim nə deyə bilər? Amma metro işçisi maaş alır, qanunları pozub qazi olduğu üçün kimisə buraxa bilməz axı... Yəni, istər qazi olsun, istərsə şəhid ailəsi, qanunları – qırmızı xətti heç kim keçə bilməz. Teref.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı deyib.

O qeyd edib ki, bir neçə gün öncə torpaq məsələsi ilə bağlı gündəmə gələn şəhid anası bu gün kimlərinsə əlində alətə çevrilib:

“Xaricdə yaşayan bloggerlər belə video yayıblar ki, guya həmin şəhid anası öldürülüb. Əslində bu gün səhər Mehriban ana mənə zəng etmişdi ki, sağ-salamatdır, onun adından istifadə edirlər. Mən ümumiyyyətlə jurnalistlərdən çox xahiş edirəm ki, belə hallar olanda onu ictimailəşdirməsinlər. Həm dövlətimizin adına ayıbdır, həm də biz şəhidimizin ruhunu incidirik.

Bu gün hər şəhid ailəsinin, hər qazinin dediyi “Quran” ayəsi ola bilməz. Almanlar ona görə üstündürlər, qabağa gedə bilirlər ki, hər məsələyə tənqidi yanaşa bilirlər. Qanun pozula bilməz. Deyirlər ki, şəhid anası, yaxud qazi bu hərəkəti edib, məmurlar özləri axı onlardan böyük hərəkətlər edirlər. Mən bunu da qəbul etmirəm. Məmur nə edirsə, sabah özü cavab verəcək. Bəzən görürsən ki, qazi 3 adamın olduğu növbədə gözləmək istəmir. Belə hallarda mən deyirəm ki, sizin qazi olduğunuza inanmıram.

Deyirəm ki, birincisi, ver sənədinə baxım. İkincisi isə sən qazisənsə, iki nəfərdən sonra sənin növbən çatır. Sən durub torpaq üçün vuruşmuşam deyə, tutaq ki, poliklinikada tibb bacısını təhqir edə bilməzsən. Sən əgər torpaq üçün döyüşmüsənsə, qadın da anadır, torpaqdır, sən onu təhqir edə bilməzsən. Demək, sən həqiqi qazi deyilsən. Məcbur etmişəm ki, o adam sənədini göstərsin. Sənədi açıb baxıram ki, hansısa veteran təşkilatı ona vəsiqə verib.

Mən QHT-lərimizdən də xahiş edirəm ki, hər adama diplom, hər adama sertifikat, hər adama vəsiqə verməsinlər. Əgər verilirsə biz çox neqativ hallarla üz-üzə qalırıq. Şəhid ailələrindən bu dərəcədə istifadə etmək olmaz. Şəhid ailələri, xüsusilə anaları nəhayət, evlərində oturmalıdırlar. Hansı tədbir olursa, görürəm ki, bunlar başdadır. Lazımdır, amma gündə bu anaları ora-bura aparmaq lazım deyil.

Hələ məni ən utandıran məsələ bilirsinizmi nədir? Şəhid anaları şadlıq saraylarında maketi qoyub toy edirlər və pul yığırlar, mən bunu heç cür qəbul edə bilmirəm. O şəhidlər artıq bu Vətənin, mənim övladıma, sənin övladına çevrilib. Bu o demək deyil ki, qan qohumları şəhidlərin adına ləkə, başıaşağılıq gətirə bilərlər.

O restoran sahiblərinə də müraciət edirəm ki, 5-3 manata görə belə oyunlara getməyin. Dünyanın harasında görünüb ki, Vətən uğrunda şəhid olanın maketini qoyub toy çaldırasan?! Bəzən mənə deyirlər ki, bu onların arzusu olub. Mən onlara təklif edərdim ki, arzusu olubsa, o qədər imkansız ailələr, gənclər, yaxud şəhid ailələri arasında toyu olmayan övladlar var. Onların toyunu edin, camaatı başına yığın, bu da olsun sizin öz əhdinizi yerinə yetirməyiniz. Bizim əziz şəhidlərimiz onsuz da bu dünyadan nakam gediblər. Əziz analar, əziz şəhid ailələri siz onların ruhlarını incidirsiz, bunun fərqində deyilsiniz”.

Mətanət Əsgərqızı digər bir məqama da toxunub:

“Məni ən çox ağrıdan, ən xoşagəlməz məsələ bilirsinizmi nədir? Şəhidin anası, yaxud atası onu körpə vaxtında uşaq evinə atıb. Hərəsi öz həyatını yaşayıb. Özləri bilərlər, öz həyatlarıdır. İndi isə həmin şəhidin ana-atası pul davası döyürlər. Bəzi hallarda jurnalistlər və digər vətəndaşlar da araşdırmadan dövləti günahkar bilməyə başlayırlar. Mən hər zaman şəhid ailələrinin və qazilərin yanında olmuş adamam, amma yenə deyirəm qırmızı xətt var, qırmızı xətti keçən adam mənim üçün sadə, sıradan biri olar. Öz şəhidinə hörmət etməyən adamı mən heç kim sayaram. Sadəcə, o qırmızı xətti keçməmək lazımdır. Şəhid ailəsi öz şəhidinin hörmətini məndən, səndən, o birindən uca tutmalıdır. Bu nədir? Ev davası, torpaq davası gedir. Özü də o adamlar ki, onlara hər şey olunub, onlar danışırlar, dava edirlər, o adamlar ki, qınına çəkilib, özünə rəva bilməyib, öz şəhidini incitməyib, ruhuna hörmətsizlik etməyib, susur və dayanır. Bax, belə ailələrin yanında olmaq lazımdır”.

Mətanət Əsgərqızı bildirib ki, əsrlər boyu bizə ötürülən dəyərlərin üstündən keçilir. O qeyd edib ki, Birinci Qarabağ müharibəsinin şəhidləri də var:

“Milli Qəhrəman Tahir Həsənovun anası Qalibə Budaqova QHT rəhbəridir – Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədridir. Heç eşitmisiniz ki, Qalibə ana gedib qapılar döyüb torpaq, ev davası etsin?! Halbuki bu qadın yeganə oğlunu torpaq uğrunda qurban verib. O qadını bir yerdə görmədik, onun övladının adı 23 nömrəli məktəbə veriləndə ulu öndər Heydər Əliyev də gəlmişdi.

Qalibə xanımı məktəbə direktor təyin etdilər. Yəni, belə nümunələri ortaya gətirmək lazımdır. Biz şəhidlərimizi urvatsız edə bilmərik. Əgər hansısa şəhid ailəsi şəhidini urvatsız edirsə, biz o adamın yanında olmamalıyıq. Biz şəhidlərimizi alver predmetinə çevirə bilmərik. Bizim şəhidlərimiz çox böyük amalda olublar. Əgər şəhid ailələrinin çox böyük problemi varsa, o problemin üstünə gedək.

Amma elə şeylər var ki, onları doğrudan da danışmaq, dilə gətirmək olmaz. Mən belə düşünürəm. Mənə elə gəlir ki, cəmiyyət artıq hər şeyi tərəziyə qoymalıdır. “Bu şəhid ailəsidir, bu qazidir, nə istəyirsə edə bilər” söhbətinə son qoyulmalıdır”.

Mətanət Əsgərqızı daha sonra deyib:

“Bir ara qazilər var idi, nömrəsiz gəzirdilər. Qanunları, yol hərəkəti qaydalarını pozurdular. Niyə elə etməlidirlər? Döyüşüb, yaxşı edib. Çox sağ olsun. Onun qarşısında baş əyirəm. Amma bu şeyləri etməmək lazımdır. O zaman biz gələcək nəsillərə pis nümunələr qoymuş oluruq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.