"Kimsə üzr istəməyə özündə hünər tapırsa..." - Bəhram Bağırzadə bütün həqiqətləri danışdı

27-05-2022, 16:04           
"Kimsə üzr istəməyə özündə hünər tapırsa..." -
Əməkdar artist Bəhram Bağırzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Teref.az müsahibəni təqdim edir:

- Bəhram müəllim, məkanların birində talessemiyalı uşaqlarla görüşünüz baş tutdu. Uşaqlara Hacı Zeynalabdin Tağıyev haqqında kitabınızı hədiyyə etdiniz...

- Bəli, uşaqlarla görüşdüm. Mövzunun adı isə “Kitab, nağılı necə yazmaq olar?” idi. Bu gün uşaqlar üçün 74 kitabım çap olunub. Ümumilikdə kitablarımın sayı isə 110 ədəddir. İnşallah Allah qismət etsə, senytabrın 4-də 50 illiyimdir. Doğum günümdə isə 100 kitabla şəkil çəkdirmək istəyirəm.

- Artıq ömrün yarısıdır. Sizin üçün bu yaşın anlamı nədir?

- Ömrün yarısı mənim üçün nəfəs, həyat, bir nəfəsdə, bir ömürdə neçə həyat...Həyatım artıq iki yerə bölünür, komadan əvvəl və sonra... 48 yaşıma çatdım, axirəti görüb gəldim. Bu iki il ərzində həyatımı, dəyərlərimi tamamilə dəyişdim. Allah qismət etsə, ömrümün axırına qədər xeyirxah işlərlə məşğul olmaq istəyirəm. Ailədə, cəmiyyətdə uşaqlara münasibət, onların tərbiyəsi haqda maarifləndirici kitablar nəşr etmək istəyirəm. Ümumiyyətlə, uşaqlara aid nə varsa, onlarla məşğul olmaq istəyirəm. Çünki uşaqlarla çox az məşğul olunur. Mən gücümü səfərbər etmək istəyirəm. “Planet Parni iz Baku” KVN Teatrından, kinodan və başqa işlərdən uzaqlaşmaq istəyirəm. Bundan sonra ancaq xeyirxah işlərlə məşğul olmaq istəyirəm.

- Yaradıcı insanın sənətdən uzaqlaşması çətindir. Sənət üçün darıxmayacaqsınız?

- Mən darıxan insana oxşayıram?! (gülür) Hər gün fəaliyyətdəyəm. Darıxsam klip, videoçarx çəkərəm. Hər şey istəkdən asılıdır. Yəhudilərin belə bir sözü var: Həyatdan həzz almaq lazımdır. Ona görə də həyatı mənalı yaşamaq lazımdır, ürəyin nə istəyir onu et. Bu vaxta qədər ürəyim istəməyən işlər də görmüşəm. Sifarişlər olub, məcburiyyət qarşısında reklama çəkilmişəm. Çünki evə çörək aparmalısan. Amma bundan sonra mən seçəcəyəm, çəkilim, yoxsa çəkilməyim. Yəni istəmədiyim yerlərdə çəkilməyəcəm, istəmədiyim tamaşalarda oynamayacam, istəmədiyim yerlərə getməyəcəm. Bəzi yerlərdə iştirak edəcəm, amma çəkilməyəcəm.

- Uşaqlara yalnız Hacı Zeynalabdin Tağıyevin haqqında nəşr etdirdiyiniz kitabınızı pulsuz hədiyyə etdiyinizi açıqladınız. Niyə məhz bu kitabı hədiyyə edirsiniz?

- Hacı Zeynalabdin Tağıyevin haqqında kitabı satmaq ayıb və günahdır. Hacı Zeynalabdin Tağıyev o qədər xeyirxah işlər görüb ki... O, qadınlarımızı oxutdurub, onlara ali təhsil verib. Həmin qadınlar da digərlərinə təhsil verib, bizə dərs deyiblər. Oxutdurduğu həkimlər digər həkimləri yetişdiriblər. Suyu Bakıya kim gətirib? Şəhərsalamada kim iştirak edib? Məscidə gedib dua edirəm, kim tikdirib? Hacı... Ona görə də bu gün Hacının kitabını satsaydım böyük günah işlədə bilərdim. Hacının kitabının bir neçə tirajını Azərbaycan, rus və ingilis dillərində buraxmışam. Onun haqqında bütün kitabları hədiyyə etmişəm. İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi günü Hacı Zeynalabdin Tağıyevin heykəlinin qarşısında 1000-ə yaxın kitabı imkansız uşaqlara hədiyyə edəcəm. Sizin saytınız vasitəsilə demək istəyirəm ki, kimin kitab almağa imkanı yoxdursa, iyunun 1-də Hacı Zeynalabdin Tağıyevin heykəlinin önündə onları gözləyəcəyəm, imza günü keçirib, bütün uşaqlara kitab hədiyyə edəcəyəm.

- Təklifiniz sayəsində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldıldı. Bakı ilə bağlı başqa hansısa təklifiniz varmı? Ümumiyyətlə, Bəhram Bağırzadə tarixdə necə qalmaq istəyir?

- Bunu xalq deyə bilər. Mən o qədər vəzifəli adam deyiləm ki, yadda qalım. Amma hər halda sosial platformalarda qalacağam. Gələcək nəsillər deyəcəklər ki, KVN-çi olmuşam. Axirətdə bizdən soruşmayacqlar ki, sən peşəkar aktyor olmusan, yoxsa yazıçı? İnsani keyfiyyətlərimizi soruşacaqlar. İlk növbədə insan olmaq, Allahın qulu olmaq, rahat yaşamaq istəyirəm. Ən böyük arzum odur ki, həyatda o qədər düzgün işlər görüm ki, mənə Allah cənnət nəsib eləsin! Valideynlərim üçün çox darıxmışam və vaxtı gələndə, dünyamı dəyişəndə Allah izn verərsə, valideynlərimlə görüşəcəyəm.

- Bəhram müəllim, Ukrayna prezidenti Vladimir Zelenski həmkarınızdır. Ukraynadakı hazırkı vəziyyəti və onun siyasi fəaliyyətini necə qiymətləndirirsiniz?

- Heç vaxt siyasətlə məşğul olmamışam, fikrim də zamanla dəyişmir. C.Montalembertin belə bir sözü var, “Siyasətlə məşğul olmaya bilərsiniz, siyasət hələ də sizinlə məşğuldur”. Amma inanmıram ki, siyasət mənimlə məşğul olsun. Çünki icazə vermərəm. Amma özüm böyük siyasətçiyəm. Kitablarım uşaqlar üçün böyük bir siyasətdir. Uşaqların, gənclərin gələcəyi üçün düşünürəm. Ondan böyük siyasət nə ola bilər?! Deputat, məmur olmaq heç vaxt ağlımdan keçməyib, keçməyəcək də. Mənim ən böyük vəzifəm Allahın bəndəsi olmaq və uşaqlarla məşğul olmaqdır. Bir də daxili azad olmaq... Yeri gəlmişkən deyim ki, Vladimir Zelenski ilə eyni komandada oynamışıq. Onun siyasi fəaliyyətinə gəlincə, ancaq özüm haqqında danışa bilərəm. Hər insan öz işi ilə məşğul olmalıdır.

- Siyasətlə məşğul olmayacağınızı bildirdiniz. Sizcə, hansısa postda mədəniyyət sahəsində bir çox məsələni dəyişməzdinizmi?..

- Mən heç nəyi dəyişə bilmərəm. Çünki insanlar dəyişmək istəmirlər. Ən böyük problem də budur. Biz çox istedadlı xalqıq. Bunu 44 günlük Vətən müharibəsində gördük. Müharibədə elə döyüş əməliyyatları etdik ki, başqa ölkələr bunu bizdən öyrənməyə çalışırlar. Şuşanı necə azad etdik, bir gecədə o böyüklükdə dağı çıxmaq və s... Azərbaycanlılar Rusiyaya gedəndən bir il sonra milyoner olurlar. Halbuki bəzilərinin ali təhsilləri yoxdur. Siz təsəvvür edin ki, ali təhsilləri olsaydı, nələr edərdilər. Mən xalqımı ən savadlı on millətin arasında görmək istəyirəm. Vaxt gələcək ola bilsin ki, mən dünyamı dəyişim, Ermənistan vətəndaşları xahiş edəcəklər ki, Azərbaycanın tərkibinə daxil olmaq istəyirlər.

- Bəhram müəllim, yumor komandası yaratmaq kimi fikriniz varmı?

- Mən artıq bu işlərdən uzağam və bununla məşğul olmaq istəmirəm. Yeganə tamaşçım anam idi, o, məni yaşadırdı. Anam isə bir il yarımdır ki, koronavirusdan rəhmətə gedib. Hazırda yoxdur. Bu demək deyil ki, başqa işə gedirəm. Xeyr, sadəcə olaraq formatı dəyişirəm. Bunu başqaları etsin. Bu il də “Planet Parni iz Baku” KVN teatrında səhnəyə çıxmayacağam. Buna səbəb səhhətimdir. Hər yaşın öz mərhələləri var. Artıq 50 yaşım olacaq. Amma bu demək deyil ki, digərləri məşğul olmasınlar. Amma Moskvaya gedim Azərbaycanı KVN-də təmsil edim, xeyr, olmayacaq. Qoy cavanlar ölkəmizi təmsil etsinlər. Yeni nəsil gəlir.

- Hazırda intellektual yumora marağın olmamasının səbəbi nədir?

- Bəli, intellektual yumora həvəs yoxdur. Hazırda mənim tamaşaçım da yoxdur. Ona görə də məntiqsiz zarafatlar istəmirəm. Bir ara bunu etdim və gördüm ki, mənlik deyil. Buna görə tanınmış olacağamsa, olmayım. Ondansa məni tanımasınlar. Ümumiyyətlə, bayağılıq, yüngül yumorlar mənlik deyil. Çünki o zaman gecələr yata bilməyəcəm.

- Yaxın günlərdə “TikTok” sosial platformasında bir şəxsə “Nə məsləhət görürsən?” sualı ilə müraciət etdiniz. Bəzi insanların tənqidinə məruz qaldınız və videonu sildiniz. Üzr istəməyə zərurət nədən yarandı? Çünki Azad adlı şəxs çəkmə desə də danışmağa davam etdi.

- Çünki cəmiyyətdə bəzi insanlar düzgün qəbul etmədilər. Həqiqətən kamil insanlarla oturub-durmaq istəyirəm. Kamil insanların isə sayı azdır. Məni düzgün qəbul etmədilər.

- “TikTok” platformasında təqdim etdiyiniz "Nə məsləhət görürsən?” layihəniz davam edəcəkmi?

- Bəli, hazırda da davam edir. Nəyisə görən kimi tez çəkirəm. Bacardığımı lentə alıram. Sosial şəbəkədə etdiyim paylaşımlar çox tez diqqət çəkir.

- Sosial şəbəkədə izləyiciləriniz çoxdur. Ümumiyyətlə, gününüzün neçə saatını sosial şəbəkədə keçirirsiniz?

- Gün ərzində maksimim 40 dəqiqə sosial şəbəkədə vaxt keçirirəm. Bir dəfə paylaşım edirəm, camaat da elə bilir ki, bütün günü sosial şəbəkədəyəm.

- Sosial şəbəkə sizin üçün hansı missiyanı daşıyır?

- Tamaşaçılarımla, millətimlə, xalqımla, izləyicimlə ünsiyyətdə oluram.

- Zamanla cəmiyətdə baş verən hadisələrə münasibətiniz də sərt reaksiya ilə qarşılanır. Əslində həqiqətləri göstərirsiniz, bəs niyə birmənalı yanaşılmır?..

- Hamı özünə görə cavabdehdir. Allah "Qurani-Kərim"də buyurub ki, ata oğula, oğul ataya görə cavab verir. Hamımız öz əməlimizə görə cavab veririk. Kimsə üzr istəməyə özündə hünər tapırsa, bu, normal haldır. Kiminsə haqqına girmisənsə, birinci növbədə üzr istəmək lazımdır. Çoxları kiminsə qəlbinə toxunur və sonra da Allahdan üzr istəyir. Sən əvvəlcə o adamdan üzr istə və qəlbinə toxunmusansa, könlünü al və ondan sonra Allahdan üzr istə. Dua et ki, bəlkə Allah günahından keçsin. Bu yaxınlarda hadisə baş verdi. Doğrudan da mən özümü yaxşı hiss etmirdim. Düşündüm ki, addım atım və rahat olum. O demək deyil ki, üzr istəyəndə mən simamı itirirəm. Üzr istəməyi də bacarmaq lazımdır. Allahdan qorxan adamam. Üzr isədim o da rahat oldu, mən də. Mənim vicdanım yol vermədi. Kimsə mənə dedi ki, anasının, övladlarının qarşısında etmişəm, düzgün deyil. Mən də rahatam, cəmiyyət də. Ən azından Allahın qarşısında cavab verəndə deyəcəm ki, mən bunu etmişəm, günahımdan keç!

- Həmin şəxs məhəllə adamınızdır. Açıqlamanızda ona kömək etdiyinizi vurğuladınız. Dəstəyiniz yenə davam edirmi?

- Bu, iki bəndə arasında olan məsələdir.

- Bəhram müəllim, doğum gününüzə üç ay qalsa da təəssüratlarınızı öyrənmək istəyirik və doğum günü ərəfəsində sizinlə yenidən görüşməyi planlaşdırırıq. Ümumiyyətlə, yeni yaşda özünüzə arzunuz nədir?

- Ətrafımda namuslu, qeyrətli, sadiq, Vətəni sevən, Allaha inanan və ibadət edən insanlar olsun. Allah məni mərdimazardan, qeyri-insani keyfiyyətə sahib olan insanlardan, şər-böhtandan uzaq etsin. Allah millətimizi qorusun, mən də onların içində...шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.