Nəcməddin Sadıqova dedim ki, zəhmət çək, Azərbaycan dövlət dilini öyrən… - Mehman Səlimovdan ilginc açıqlamalar
31-05-2022, 11:14
Müdafiə nazirinin sabiq müavini, eyni zamanda keçmiş hərbi siyasi idarəsinin rəisi, ehtiyatda olan polkovnik Mehman Səlimov hafta.az-a müsahibəsində hazırda ictimaiyyət tərəfindən adı I Qarabağ savaşı, Aprel döyüşləri, eləcə də II Qarabağ savaşının ilk günlərində ordumuzun əməliyyatlarına qarşı təxrubatlarda və korrupsiya cinayətlərində hallanan Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general Nəcməddin Sadıkov haqda, onunla bağlı şahidi olduğu fakt və olaylardan, həmçinin bu günlərdə həbs olunmuş Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin əməlləri barədə danışdı.
Teref.az həmin müsahibəni təqdim edir:
- Mehman müəllim, hazırda ölkəmizdə Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general Nəcməddin Sadıkov haqda mənfi fikirlərlə yanaşı, az da olsa, müsbət fikirlər söyləyənlər, yazanlar da var. Deyə bilmərik, həmin fikirlər səmimidir, yoxsa yox... Bilirik ki, sizin N.Sadıkovla münasibətlərinizdə müəyyən gərginlik olub. Bununla belə, xahiş edirik, siz onunla şəxsi münasibətləri kənara qoyub, sadəcə, dövlətçiliyimizin, ordumuzun mənafeləri baxımından Nəcməddin Sadıkov haqda gerçək şahidi olduqlarınızı və bildiklərinizi səmimi və obyektiv danışın. O, Azərbaycan ordusuna necə yerləşdi? Nəcməddin Sadıkovla ilk tanışlığınızı necə xatırlayırsınız?
- Dediyiniz kimi də danışmağa çalışacam... Nəcməddin Sadıkov səhv etmirəmsə, ilk dəfə hərbçi kimi Azərbaycana 1990-cı il 20 Yanvar qətliamı ərəfəsində SSRİ Müdafiə Nazirliyinin Belarus hərbi dairəsindən mayor rütbəsində göndərilib və Xanlar(indi Göygöl) rayonuna hərbi komendant təyin olunub. Mən də o zaman Gəncədə diviziyada alay komandirinin müavini işləyirdim. Mən əvvəllər elə bilirdim ki, o rusdur. ..Onunla və digər bir neçə azərbaycanlı zabitlə birgə ilk dəfə, səhv etmirəmsə, Gəncədə bir həmyerli kimi o vaxt diviziyada xidmət edən, sonradan Azərbaycan ordusunda briqada komandiri olmuş Elxan Orucov vasitəsilə görüşdüm. Söhbət zamanı mən Yanvar faciəsi ilə bağlı ruslara qarşı söyüş işlətdim. Buna Nəcməddin ciddi bir reaksiya vermədi. Yanımdakılardan biri dedi ki, bu da azərbaycanlıdır və o, mənə tərəf baxıb gülümsədi... Sonra Elxan Orucov və digərləri ilə birlikdə Nəcməddin Sadıkov da Belarusa qayıtdı... Və bir də 1992-ci ilin əvvəlində ordumuz qurulanda geri döndülər...
Səhv etmirəmsə, 1992-ci ilin fevralında, mən müdafiə nazirinin köməkçisi - şəxsi heyətlə iş idarəsinin rəisi vəzifəsində xidmət etdiyim vaxtlarda bir gün əməliyyat idarəsinin rəisi olan Rüfət Əmirov nazirlikdə bir rusa oxşayan zabiti mənə təqdim etdi. Mən dedim ki, nəsə siması mənə tanış gəlir. Deyəndə ki, Xanlarda komendant işləmişəm, onunla görüşümüz yadıma düşdü. Bizim də o dövrdə təhsilli hərbçilərə böyük ehtiyacımız var idi. Ona görə də Nəcməddin Sadıkov da problem olmadan ordumuza qəbul edildi. Və həmin vaxt Baş Qərargah rəisi olan və faktiki Müdafiə naziri vəzifəsini də icra edən general Şahin Musayev Nəcməddin Sadıkova 703 saylı briqadanı yaratmağı və ona komandir olmağı həvalə etdi. Mən də nazir köməkçisi kimi Nəcməddinə iki otaqla təmin etdim və o, briqadanı formalaşdırmağa başladı. Bu işdə də biz ona kömək edirdik. Həmin vaxt Baş Qərargah rəisi Şahin Musayevin müavini rəhmətlik Milli Qəhrəman Şikar Şikarov idi. Onunla biz Milli Ordu haqqında qanunu hazırlamışdıq. Sonradan o, könüllü şəkildə Bakıda - nazirlikdəki işini qoyub bu, qanuna uyğun olmasa da, baş qərargah rəisinin müavini vəzifəsində qalaraq Nəcməddinin komandiri olduğu 703-cü briqadaya qərargah rəisi vəzifəsini icra etməyə getdi. Təəssüf ki, Şikar Şikarov Ağdərə-Goranboy döyüşləri zamanı şəhid oldu... Onu özüm Bakıda məsciddə yudurdub dəfn elətdirdim. Ürəyinin yanından bir güllə yeri gördüm... Allah rəhmət eləsin!.. Şikar Şikarovdan sonra isə Belarusdan Aleksandr Vasyak Nəcməddinin birqadasında qərargah rəisi oldu...
- Bəs “QRU” agentliyini sonradan - 1990-cı illərin sonunda Moskvada onun ekstradisiya edilməsinə cəhd göstərən Azərbaycan dövlət orqanlarına etiraf etmiş keçmiş baş qərargah rəisi Şahin Musayevlə ondan cəmi bir il sonra həmin vəzifəyə təyin olunmuş Nəcməddin Sadıkovun münasibətləri necə idi? Onları bir yerdə görürdünüzmü heç?
- Düzdü, dediyim kimi, o, Şahin Musayevin vaxtında gəldi və briqada komandiri təyin olundu. Həmin briqadanı toplayıb formalaşdırınca bir ay da mənimlə eyni mərtəbədə qaldı. Əvvəl də dediyim kimi, Rüfət Əmirovun xahişi ilə ona iki otaq verdik. Hamımız ona briqadanın yaranması üçün kömək edirdik. O vaxt Şahin Musayev də faktiki müdafiə nazirliyini hərbi baxımdan idarəedicisi olaraq Nəcməddin Sadıkova maksimum şərait yaradırdı. Və ikisi də yalnız rusca danışırdı, Azərbaycan dilində heç danışmağa cəhd də etmirdilər... Biz Nəcməddinə bu köməyi səmimi edirdik. Amma Şahin Musayev nə məqsədlə etdiyini deyə bilmərəm. Bunu özündən soruşmaq gərəkdir. Amma dediyiniz kimi, Şahin Musayev Azərbaycan dövlət orqanlarına “QRU” agenti olduğunu etiraf edibdirsə, bu halda məsələ aydındır...
- Daha sonra nə vaxt rastlaşdınız Nəcməddin Sadıkovla?
- 1992-ci ilin payızında Xocalı rayonu ərazisindəki hazırda da ermənilərin əlində olan və o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə təxminən 2 minədək hərbçisi olan qruplaşmanın komandiri kimi mənim də iştirakımla hazırlanmış əməliyyat zamanı Nəcməddin Sadıkov briqada komandiri kimi sağ cinahdan Ulubaba yüksəkliyinə hücum etməklə bizə dəstək verməli idi. Halbuki, həmin istiqamətdə bir güllə də atılmadı... Eyni zamanda sol cinahdan Əfətli və Qarakənd istiqamətində hücum etməli olan Ağdam briqadası tərəfindən də heç bir hərəkət olmadı. Ona görə də bütün cəhdlərimizə baxmayaraq Fərrux yüksəkliyini azad edə bilmədik. Çünki ermənilər bizim briqadaların hərəkətsizliyindən istifadə edib əsas güclərini Fərrux istiqamətinə topladılar. Halbuku, artıq dağın bir hissəsindən erməni qüvvələrini çıxarmışdıq. Digər briqadalar, dediyim kimi, bizə dəstək versə idi, yüksəkliyi tamam azad edəcəkdik. Və Əsgəran Xocalı istiqamətinə də yolumuz açılacaqdı. Hesab edirəm ki, həmin əməliyyatın da baş tutmamasında Rusiya kəşfiyyatının –“QRU”-nun rolu olmuşdu... Çünki həmin əraziləri azad etməyimiz Kremlin siyasətinə uyğun deyildi... Allaha şükürlər olsun ki, 44 günlük müharibədəki qələbəmizdən sonra da Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində olmuş Fərrux dağı, nəhayət, bu ilin martında müzəffər ordumuz tərəfindən nəzarətə götürüldü…
Onu da deyim ki, Fərrux əməliyyatı zamanı mənim qruplaşmamda fədakarlıqla döyüşmüş zabitlərin çoxu hazırda Azərbaycan ordusunun başındadır. Onlardan biri indi baş qərargah rəisi olan Kərim Vəliyev idi. Həmin vaxt o, polkovnik-leytenant rütbəsində qruplaşma komandirinin müavini idi. Hazırda Müdafiə nazirinin müavinləri olan kapitanlar Nizam Osmanov və Ənvər Əfəndiyev tabor komandiri idilər... İndi xüsusi təyinatlıların komandiri olan general Hikmət Mirzəyev isə kapitan rütbəsində qruplaşmanın kəşfiyyat bölüyünün komandiri idi...
- Fərrux əməliyyatından öncə siz Nəcməddin Sadıkovla görüşüb hücum əməliyyyatını razılaşdırmışdınızmı?
- Bəli, əlbəttə. Nəcməddinlə Ağdərədə görüşüb razılaşmışdıq. Yadımdadır ki, həmin vaxt 703-cü briqadanın qərargah rəisinin müavini olan Səfər Əbiyev də orada idi...
- Bəs Fərrux əməliyyatının uğursuzluğundan sonra siz Nəcməddin Sadıkovdan niyə hücum etməmələrinin səbəbini soruşdunuzmu?
- Bəli. Mən dərhal Ağdərəyə yollandım. Təsəvvür edirsiz, əvvəlcə məni briqadanın qərargahına buraxmadılar... Nə isə xeyli mübahisədən sonra içəri girdim ki, Nəcməddin kabinetinin istirahət otağında yatır. Guya kişi gecə əməliyyat keçirib... Mən ona sərt sözlər söyləyərək soruşdum ki, nəyə görə planı pozdun. O da əsnəyə-əsnəyə dedi ki, bəs bütün gecə əməliyyatda olmuşam, yorulmuşam, sonra danışarıq...Cavabında ona dedim ki, hansı döyüşdən danışırsan, bir güllə də atmamısan. Və qapını çırpıb çıxdım...
- Bəs nazir Rəhim Qazıyevə çatdırmadınız ki, Nəcməddin Sadıkov əməliyyatl pozub?
- Xeyr. Mən birbaşa Gəncəyə gedib korpus komandiri kimi Surət Hüseynovla görüşüb ona hər şeyi məruzə etdim. O da əməliyyatı pozanların dalınca söyüş söydü...
- Ümumiyyətlə, həmin döyüşlər gedən vaxtlar Müdafiə naziri Rəhim Qazıyevin briqada, sonra da korpus komandiri Nəcməddin Sadıkovla münasibəti necə idi? Nə vaxtsa nazirin onu danlamasının şahidi olmuşdunuzmu?
- Doğrusu, mən elə bir situasiyaya rast gəlməmişəm, bəlkə də olub. Amma onu dəqiq bilirəm ki, əvvəl dediyim kimi, həm özünün şəxsi təminatı, həm də yaratdığı briqadanın,daha sonra korpusun təchizatı, silahlanması, maliyyələşdirilməsi ilə bağlı Rəhim Qazıyev və digər rəhbər şəxslərdən nə istəyirdisə, Nəcməddin Sadıkova verilirdi. Yəni o, Azərbaycanda vəzifə tutduğu bütün illər boyu daim hansısa vəzifəli şəxs tərəfindən himayə olunub... Özü də o, komandir olanda da, yalnız rusca komanda verirdi. Təsəvvür edin, artıq SSRİ-dən ayrılmış müstəqil Azərbaycan ordusunun briqada və korpuslarında komandalar rusca verilirdi...
- Mərhum Elçibəy də, İsgəndər Həmidov da, Rəhim Qazıyev də türkçü, millətçi kimi tanınırdılar. Bəs onlar Nəcməddin Sadıkova irad tutmurdular ki, Azərbaycan dilində öyrən? Düzdü, o vaxt müharibə gedirdi. Amma yenə də...
- Yox, mən görməmişdim bunu... Bilmirəm, bəlkə də nə vaxtsa deyiblər ona belə bir şey... Amma təxminən 1995-ci, yaxud 1996-cı ildə mən Müdafiə nazirinin müavini, o isə Baş Qərargah rəisi və 1-ci müavin vəzifəsində olarkən bir dəfə hansısa xidməti məsələ ilə bağlı məni kabinetinə dəvət etdi və nəsə soruşanda mən ona Azərbaycan dilində cavab verdim. Onda Nəcməddin amiranə şəkildə dedi ki, rus dilində danış. Cavabında mən ona söylədim ki, zəhmət çək, sən özün Azərbaycanın dövlət dilini öyrən, niyə öyrənmirsən. O isə hiddətlə rus dilində cavab verdi ki, “ya nenaviju vas”, mən sizə nifrət edirəm və Azərbaycan dilində də danışmayacağam... Bir sözlə, o prinsipial olaraq dilimizi öyrənmirdi... Amma maraqlıdır ki, bizimkilər bunu bilə-bilə onu Baş Qərargah rəisi kimi strateji bir vəzifədə saxlayırdı və onun üçün ayrıca tərcüməçilər ştatı ayrılmışdı. Görəsən, Rusiyada, ya İranda, yaxud ABŞ-da həmin ölkələrin dövlət dilini bilməyəni belə strateji vəzifəyə qoyarlar?.. Bu adam dəfələrlə olub ki, rus dilini bilməyən zabitimizi hər hansı bir məsələ ilə bağlı haqlı-haqsız danlayırdı, söyürdü. O danışıb qurtarandan sonra həmin zabit həmkarlarından soruşurdu ki, bu, nə dedi...
- Mehman müəllim, bundan sonra Nəcməddin Sadıkovla münasibətləriniz necə davam etdi?
- Bundan sonra Nəcməddin Sadıkovla bir-birimizlə qarşılaşmamağa çalışırdıq. O da başa düşürdü ki, o dövrdə mənimlə baş-başa gəlməyə gücü çatmayacaq. Ancaq onu deyim ki, bizim Nəcməddinlə belə qarşıdurma vəziyyətində olmağımız bəziləri üçün sərfəli idi... Müəyyən adamlar, xüsusən də sonradan Müdafiə naziri olan Səfər Əbiyev də onunla mənim aramda daim münaqişə vəziyyətinin olmasında maraqlı idi və ondan istifadə edirdilər... Və nəhayət, 2014-cü ildə mənim haqsız yerə şərlənib həbs olunmağımda həm Səfər Əbiyev, həm də Nəcməddin Sadıkovun böyük rolu oldu…
-Bildiyiniz kimi, bu günlərdə Baş Prokurorluğun Mətbuat Xidmətininn yaydığı rəsmi məlumata görə, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs olunub. “Şlyapa Zahid” ləqəbi ilə tanınan və sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun “sağ əli” olduğu deyilən həmin şəxsə də, yəqin ki, yaxşı bələd olmusuz?
-“Şlyapa Zahid” deyilən keçmiş baş zabit Zahid Niftəliyevi hələ I Qarabağ savaşı zamanı, 1992- ci ilin yayından o vaxt 703 saylı briqadanın komandiri olan Nəcməddin Sadıkovun yanında görmüşdüm. Onda Zahid Nəcməddinin sürücüsü idi. Bir müddət keçdikdə korpus komandiri və Baş Qərargah rəisi olandan sonra Nəcməddin ona qol-qanad verdi, bütün “qara” işlərini; kadr “siyasət”ini, hərbi komissarlıqlardan haqq alıb-verməyi Zahid həll edirdi. Pul-paranın hamısını o toplayıb çatdırırdı. Özü də Zahid Niftəliyev hərbçi deyildi, mülki şəxs idi... Son illərədək “Şlyapa” Zahid istənilən idarə rəisi, hərbi hissə komandiri, eləcə də hərbi komissarlıq rəhbərinin və s. yanına girib ona Nəcməddinin adından istənilən göstərişi verir, birini vəzifəyə qoydurur, o birini çıxardır, “hesab” alırdı. O, Baş qərargah rəisinin qeyri-rəsmi səlahiyyətli nümayəndəsi idi. Hansısa idarə rəhbəri, komandir, hərbi komissar nəyəsə yox deyəndə Nəcməddin Sadıkov onu bir neçə gün içərisində sıradan çıxarırdı. Ona görə də hamı bilirdi ki, Zahid gəldi, yaxud Nəcməddin gəldi – fərqi yoxdur...
Amma mən nazirlikdə işləyən zaman “Şlyapa” Zahid həmişə məndən ehtiyat edərək məsafə saxlayırdı. Çünki bilirdi ki, onun şefinin də, özünün də bütün qaranlıq işlərindən xəbərdaram, sadəcə, onların qarşısını almağa yetərli səlahiyyət və gücüm yoxdur…
Bir şeyi də bilmək lazımdır ki, 1990-cı illərin əvvəllərindən bəri Azərbaycan Silahlı Qüvvələrinin inkişaf prosesini əngəlləyən yalnız Nəcməddin Sadıkov olmayıb, bəzi keçmiş nazirlərin, xüsusən də Səfər Əbiyevin özü də ona yardımçı olub. Bilirsiz, bu, Rusiyadan, Moskvadan idarə olunan proses idi. Əvvəllər Nəcməddin bəzi məsələlərdə nazirlə qarşıdurmaya getsə də, əslində hər ikisi bir yerdə Kremlə işləyir, eyni vəzifəni – Azərbaycan ordusunu çökdürmək vəzifəsini icra edirdilər...İnşallah, bu haqda gələn söhbətlərimizdə geniş bəhs edərik… Amma Zahid Niftəliyevin həbsindən sonra mənim də haqq-ədalətin bir az gec də olsa, qalib gələcəyinə inamımı artırıb…
-Mehman müəllim, necə hesab edirsiz, adı bir çox hərbi əməliyyatların uğursuzluğunda, eyni zamanda korrupsiya cinayətlərində hallanan keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bundan sonra həbsi ehtimalı artırmı, yoxsa?
-Nəcməddin Sadıkovun həbsi Ukraynadakı müharibənin nəticəsindən asılıdır. Biz nə qədər Kremlin, Putinin təsirindən uzaq olsaq, Nəcməddinin və digərlərinin həbsi şansı bir o qədər artacaq. Əgər Rusiya orada hərbi və siyasi mənada tam məğlub olsa, Azərbaycanda nəinki Nəcməddin, Kremlin “5-ci kalon”unun bütün nümayəndələri “buldozerin ağzına veriləcək”... Yox, Allah eləməmiş, Moskva - Putin Ukraynada qalib çıxsa, onda Nəcməddin də, bütövlükdə “5-ci kalon” da burada yenidən hökmranlıq əldə edə və Azərbaycan üçün daha təhlükəli oyunlar oynaya bilərlər... Odur ki, biz hələlik Rusiya ilə ehtiyatlı davranmalıyıq... Biri səndən güclüdürsə, xalqına, dövlətinə daha ağır zərbələr vurulmaması üçün onunla siyasi-diplomatik “dostluq” etmək lazımdır. Gerçək dost olmasaq da, dostluq imitasiyasını etməliyik... Düzdü, qardaş Türkiyə dağ kimi arxamızda dayanıb. Ancaq bu o demək deyil ki, biz Rusiya ilə Türkiyəni kəllə-kəlləyə gətirməliyik... Həm də indiki dünyada heç nəyə arxayın olmaq olmaz... Azərbaycanın bəxti bir də onda gətirib ki, onun dövlət başçısı fizik, yaxud maliyyəçi yox, sırf beynəlxalq diplomatiya, siyasət peşəkarıdır. Kiminlə necə münasibət qurmağı o, hamıdan yaxşı bilir…