"Bunu etməsək, nəinki ixracatçıya çevrilə bilməyəcəyik, hətta idxaldan asılı qalacağıq" - Ekspert AÇIQLADI

1-06-2022, 00:01           
"Bunu etməsək, nəinki ixracatçıya çevrilə bilməyəcəyik, hətta idxaldan asılı qalacağıq" -
Azərbaycanın sürətli inkişafı fonunda nisbətən geri qalan bəzi sahələr var ki, bunlardan biri də kənd təsərrüfatı sektorudur. Ölkənin təbii resursları, yəni münbit torpaqları və su ehtiyatları kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinə böyük imkanlar yaradır. Ancaq, görünür, bu sahəyə cavabdeh olan qurumların etinasız münasibəti kənd təsərrüfatı sektorundakı problemlərin yığılıb qalması ilə nəticələnib.

Teref.az yazır ki, mövzu ilə bağlı KONKRET.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov təəssüflə bildirib ki, Azərbaycan heç bir adda mal və məhsulla özünü təmin etmir: “Söhbət beynəlxalq normaya uyğun ərzaq təminatından gedir. Məsələn, adambaşına il ərzində düşən 74 kq ət norması var. Aərbaycanda bu göstərici 34-35 kiloqramdır. Yəni təminat iki dəfədən də azdır. Ümumilikdə biz özümüzün buğdaya olan tələbatımızın yalnız 25, ətə olan tələbatımızın, 45, südün 50, yumurtanın 35 faizini ödəyə bilirik. Eləcə də meyvə-tərəvəz, kartof-soğan və digər məhsullara olan tələbatı 100 faiz ödəməkdə çətinlik çəkirik. Bu baxımdan MDB ölkələrindən də geri qalırıq. Pandemiya dövründə bir çox ölkələr ərzaq təminatı ilə bağlı problemlə üzləşdilər. Belə ki, pandemiya elan olunduqdan sonra əksər insanlar marketlərə üz tutaraq ehtiyat ərzaq yığmağa başladılar. Bu halda hökumətlər də ərzaqla bağlı ehtiyatlarını artırmağı düşündülər. Əgər əvvəllər hansısa ölkələrdə ərzaq ehtiyatları 15-20 faiz nəzərdə tutulurdusa, indi bu rəqəm 20-25 faizdən də artıqdır. Bu isə daha çox ərzaq istehsal etmək gücü və maliyyə imkanı olan bəzi ölkələrin özləri üçün ehtiyat toplaması ilə nəticələnir. Digər ölkələrin ərzaq təminatı ilə bağlı problem yaranır. Bizim kimi özünü tam təmin edə və kifayət qədər ehtiyat yığa bilməyən ölkələr isə ərzaq çatışmazlığı riski ilə üzləşir. Son vaxtlar ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşmasında bu risklər özünü biruzə verir. Hazırda bir çox məhsulları daha baha qiymətə idxal edirik və bu, bizim üçün problem yaradır. Çünki Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti aşağıdır. İdxal etdiyimiz məhsulun qiyməti bahalaşdıqda isə bu, daxili bazara da ciddi təsir göstərir. Ölkəyə idxal edilən malın qiymətinin bahalaşması daxildə istehsal olunan məhsulun dəyərini də artırır. Məsələn, idxal buğdasının qiyməti 50 faiz bahalaşdıqdan dərhal sonra Azərbaycanda istehsal olunan həmin məhsulun dəyəri eyni həcmdə artdı”.

Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycan hökuməti ilk növbədə hansı ərzaq məhsulları ilə özünü nə qədər təmin edəcəyi haqda norma müəyyən etməlidir: “Yəni beynəlxalq normanı qəbul etməliyik və özümüz üçün öhdəlik müəyyənləşdirməliyik. Belə olan halda dövlət proqramı qəbul etmək, məhsul istehsalını artırmaq üçün müəyyən tədbirlər həyata keçirmək mümkün olar. Eyni zamanda kadrların, ölkə daxilində keyfiyyətli toxum materialının, istehsal vasitələrinin hazırlanmsı həyata keçirilməlidir. Bu halda istehsal olunan məhsulun rəqabət qabiliyyətinin olmasına, ucuz başa gəlməsinə, istehlakçılar üçün əlçatanlığına və ehtiyatın yığılmasına zəmin yaranar. Yəni bu kimi problemləri aradan qaldırmaq üçün Azərbaycanın torpaq, su və digər resursları var”.

Eksperin fikrincə, vəziyyət bu cür davam edərsə, Azərbaycan üçün üçün çox çətin olacaq: “Bugünki şərait bir çox ölkələri daha artıq məhsul istehsal etməyə sürükləyir. Rusiya son 8 ildə kənd təsərrüfatını elə inkişaf etdirib ki, buğda, bitki yağı, şəkər idxalçısından ixracatçıya çevrilib. Deməli biz də bu haqda düşünməliyik. Əks halda nəinki ixracatçıya çevrilə bilməyəcəyik, hətta idxaldan asılı qalacağıq. Azərbaycan yaxın zamanda istehsala, kadr yetişdirilməsinə ciddi fikir verməsə, eləcə də mövcud problemləri aradan qaldırmasa, həmişə idxalçı ölkə olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.