“Uşaqpulunu paylasaq, tənbəlləşmə baş verə bilər” - Yazıçı

1-06-2022, 00:11           
“Uşaqpulunu paylasaq, tənbəlləşmə baş verə bilər” - Yazıçı
"Ərzaq böhranı aktual məsələ olaraq ölkələrin, hökumətlərin qarşısında durur. Bir çox ölkələr və beyin mərkəzləri çalışırlar ki, bununla bağlı olan problemlərin həlli ilə əlaqədar təkliflərini versinlər. Bu baxımdan Azərbaycanda da problem aktualdır. Ümumiyyətlə, qida ilə bağlı böhranın ikinci mərhələsinə daxil olmuşuq. Pandemiya, İkinci Qarabağ müharibəsi, dünyanın iqtisadi çöküşünün və iqtisadi problemlərin baş verməsi, eyni zamanda Rusiya ilə Ukrayna arasında gedən müharibə və ondan irəli gələn qlobal ərzaq böhranı, əlbəttə, Azərbaycana da təsirsiz ötüşmür. Dəfələrlə qeyd edildiyi kimi, qiymətlərin artması prosesi çox sürətli şəkildə olacaq və buna hazır olmaq lazımdır. Azərbaycanda yalnız uşaq qidaları məsələsi ilə bağlı deyil, hamilə qadınların qidalanması ilə bağlı da problemlər yaşayırıq".

Yenisabah.az xəbər verir ki, bunu yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

A.Əbilov qeyd edib ki, ölkədə orqanik qidalarla bağlı problemlər olduğundan gənc analar öz uşaqlarına süd verməkdə çətinlik çəkirlər: "Beləliklə də bununla boynuna böyük yük düşür və onlar qiyməti 30-40 manat olan iki günə bitən uşaq qidaları almalı olurlar. Halbuki BMT-nin, ÜST-ün tövsiyələrinə əsasən, analar uşaqlarına ən azı iki il, maksimum üç ilə qədər ana südü verməlidirlər, çünki ana südünü heç nə ilə əvəz etmək olmur. Bütün bu problemlərin fonunda bahalaşma da get-gedə artır. Azərbaycanda və dünyada bahalaşmanın qarşısını almaq üçün sosial paketlər hazırlanır. Cəmiyyətdə müzakirə edilən məsələlərdən biri də "uşaqpulu"nun verilməsi ilə bağlıdır. "Uşaqpulu" hansı formada verilməlidir, sosial yardım, müavinət, uşaq müavinəti şəklində, yoxsa uşaq qidalanmasının kuponu formasındamı? Bunu düşünməliyik. Vaxtilə qaçqın, məcburi köçkün pulu verməklə cəmiyyətə vətənadaşların işləməsini yadırğatdıq və nəticədə onlar tənbəlləşdilər. İndi də "uşaqpulu"nu paylasaq, yenə də tənbəlləşmə baş verə bilər. Ana, ata "Uşaqpulu"ndan xərcləri üçün istifadə məqsədi güdə bilər. Ona görə də təklif edirəm ki, bu, Rusiyada olduğu kimi, konkret olaraq, ya gənc ailənin ipoteka ilə ev götürməsinə xərclənsin, ya da sırf indiki vəziyyət nəzərə alınaraq uşaq qidaları formasında və ya həmin qidaları xüsusi nəzərdə tutulmuş satış yerlərindən götürmək üçün kuponlar vasitəsilə verilsin.

Əlbəttə, yaxşı olar ki, Azrərbaycan ailələrinin sağlam qidalanması ilə bağlı dövlətin xüsusi proqramı olsun, çünki bu gün normal qidalanmayan körpə, sağlam böyüməyən uşağın sabah əlil olması, ailəsinə, dövlətə yük olması deməkdir. Həmçinin sabah onların işləməməsi ölkə iqtisadiyyatına mənfi təsiri, kənd təsərrüfatı və digər sahələrdə işçi qüvvəsinin olmaması deməkdir. Bunu da unutmaq lazım deyil ki, Azərbaycandan yalnız Rusiyaya işçi qüvvəsi miqrasiya edirdisə, indi Türkiyə, Avropa ölkələri, ABŞ, Kanada kimi ölkələrə köç başlayıb. B axın həm beyin baxımdan, həm də fiziki gənc işçi qüvvəsi olaraq sürətli şəkildədir. Sağlam təbəqənin Azərbaycanı tərk etməsi fonunda, sabah pensiya yaşına çatan, əlil insanların sayı artanda problemin nə qədər kəskin olduğunu görəcəyik. Mübahisə yaradan digər səbəb münaqişəli ailələrdə boşanma halı olarsa, "uşaqpulu"nun kimə verilməsi ilə bağlıdır. Biz bu problemi artıq şəhidlərimizə ayrılan müavinətlərlə bağlı məsələdə gördük. Onlara ayrılan müavinətlərlə bağlı həyat yoldaşları, ata-anaları, bacıları digər ailə üzvləri arasında münaqişələr yaranırdı. İndi də "uşaqpulu" pul formasında ayrılsa, boşanmış tərəflər başlayacaqlar bu səbəbdən mübahisə etməyə. Fikirləşməməliyik ki, ölkəyə neft pulu gəlir və onu yeyib qurtaraq.

Fikirləşməliyik ki, niyə bu ölkədə indiyə qədər normal uşaq bezləri istehsal edilmir? O bezləri istehsal edənləri niyə inhisarçılar gəlib məhv etdilər? Əvvəllər 1-2 bez istehsal fabrik var idi. Bəs indi onlar hardadırlar? Niyə indiyə qədər ölkədə uşaq yeməyi istehsal edilmir? Azərbaycanda il boyu müxtəlif məhsulları yetişdirib, qida məhsulları istehsal etməyə şərait olduğu halda, kənd təsərrüfatı, meyvəçilik, tərəvəzçilik ölkədə inkişaf etdiyi bir vaxtda, digər ölkələr toyuq, yumurta, ət apardığı bir vaxtda niyə özümüz bu qidaları istehsal edə bilmirik? Niyə utanmırıq ki, bu ölkədə hələ də uşaq qidaları istehsal edilmir?! Bir ara Azərbaycanda süd məhsulları istehsal etməyə başladıq. Biz gördük ki, “ABAD” Azərbaycanda müxtəlif formada emal müəsissələrində qida məshulları istehsal etməyə başlayıb. Niyə Dövlət Neft Fondu Norvçedə, Avropada olduğu kimi, sıfır faizlə kredit verib uşaq yeməyi, körpələrlə bağlı müəyyən ərzaq məhsulları, qida məhsulları, o cümlədən də qeyri-qida məhsullarının istehsalına kömək etməsin? Nə vaxtda qədər xarici ölkələrdən məhsulları baha alaraq mədəni sürətdə dilənəcəyik? Niyə özümüz bunları istehsal edib, iş yerləri yaratmayaq, ərzaq təhlükəsizliyimizi təmin etməyək, gələcək nəslin sağlam böyüməsinə kömək etməyək? Bu qədər problemlərin olduğu bir vaxtda “neft pulu var, "uşaqpulu"muzu verin, onu da dağıdaq düşək Nigeriyanın, Venesuelanın vəziyyətinə, sonra hər şey düzələr” düşüncəsindəyik. Belə düşüncə ibtidai düşüncədir. Hardadır ölkədə yaranmış beyin mərkəzlərinin, iqtisadi və sosial məsələlərlə, tədqiqatlarla bağlı olan qurumların təklifləri? Niyə onlar təklifləri vermirlər? Hərəsi bir şirkət yaradıb, qohum-əqrabalarını işə düzəldiblər, amma bir beyin məhsulu, təklifi yoxdur. Bu məsələ ilə bağlı heç yerdə bir problematik məntiqli məsələ ortaya qoymurlar. Belə məsələləri biz qoymalıyıq müzakirəyə, yoxsa “uşaq pulu verilməlidir, ya yox”... Vəziyyət belə olduğu halda, əlbəttə, problemə münasibət heç bir xeyir verməyəcək".Pravda.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.