Əhalinin güzəranı ağırlaşır! – “Ya təqaüd artırılmalıdır, ya da vergi və gömrük...”

1-06-2022, 18:37           
Əhalinin güzəranı ağırlaşır! – “Ya təqaüd artırılmalıdır, ya da vergi və gömrük...”
Qiymətlərin bahalaşması aktuallığını qoruyub saxlayır. Dünyada gedən proseslər Azərbaycanda da qiymət artımına təsir göstərir. Necə deyərlər, qiymətlər kəllə-çarxa çıxır. Əhalinin gəliri, xərcləri kompensasiya etmir. Aztəminatlı ailələrin sosial güzəranı çətinləşir.
Milli Məclisin deputatı Razi Nurullayev də qiymət artımının insanların yaşamını xeyli çətinləşdirdiyini söyləyib.
Onun fikirlərinə görə, qiymətlər doğrudan da, çox bahadır:
"Günü-gündən qiymətlərin tənzimlənməsi prosesi iflasa uğrayır. Hətta orta səviyyədə yaşayan insan üçün də gündəlik bazarlıq etmək xeyli çətindir. Orta səviyyədə qazancı olan insan əziyyət çəkirsə, kaslb təbəqə gör nə çəkir. Onlar çox böyük məşəqqət içərisində yaşayırlar”.
R.Nurullayev insanların qazancının az olduğunu bildirib. Deputat həmçinin qeyd edib ki, inhisarçılıq meyilləri kökündən həllini tapmalıdır.


Mövcud durumu "Sherg.az"a dəyərləndirən, iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanda maaşlar, təqaüdlər çox aşağı olduğu üçün əhalinin rifahı, dolanışığı ilə bağlı ciddi problemlər yaşanır:
" Bu gün ölkədə 1 milyon 700 mindən çox muzdla çalışan var. Əmək müqaviləsi ilə çalışanların yarısının maaşı 400-500 manat və ondan da aşağıdır. Hökumət göstəricini ictimailəşdirməkdən çəkinir, yaxud az istifadə edir. Azərbaycan rəsmiləri daha çox orta əməkhaqqını açıqlayır, 1000 manatı keçdiyini söyləyirlər. Lakin hesablama qaydaları fərqlidir.
Onların hesablama qaydasına əsasən, orta əməkhaqqı yüksək alınır. Çünki sektorlar üzrə hesablanılır, sonradan bölünür. Bizdə elə sektorlar var ki, doğrudan da əməkhaqqı yüksəkdir. Əslində orta əməkhaqqı işçi sayına görə hesablanmalıdır. Təhsil sektorunda az qala 300 minə yaxın işçi çalışır. Amma orta maaş məbləğləri çox aşağıdır. Məsələ həllini tapmalıdır".

N.Cəfərlinin qənaətincə, ya təqaüd artırılmalıdır, ya da vergi və gömrük rüsumları aşağı endirilməlidir:

"Biznes azadlıqları artırılmalıdır ki, insanlar özləri çox pul qazana bilsin və ya dövlətin ödənişlərinə yenidən baxılmalıdır. Maaşların, təqaüdlərin artırılmasına ehtiyac duyulur.

Məhsul bolluğu olmadan sırf maaş, təqaüd artımına gedilirsə, bu inflyasiyanı surətləndirir. İstehsal aşağı səviyyədədir, ölkəyə gətirilən malların, məhsulların həcmində müəyyən problemlər var. İnhisarçılıq problemi də mövcuddur. Vergi və rüsumlar yüksəkdir. Bu da dolanışığa təsir göstərir. Hökumətin yeni sosial, iqtisadi konsepsiya düşünüb ərsəyə gətirməsinə ehtiyac yaranıb".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.