“Testin DİM-dən alınıb hansısa mərkəzə verilməsi intiharların sayını azaltmayacaq” - Kamran Əsədov Testologiya mərkəzinin yaranmasından DANIŞDI

2-06-2022, 12:13           
“Testin DİM-dən alınıb hansısa mərkəzə verilməsi intiharların sayını azaltmayacaq”
“Azərbaycanda bu gün təhsildə əldə olunan uğurlara və naliyyətlərə görə hər kəs əvvəllər Tələbə qəbulu üzrə Dövlət Komitəsi, indiki Dövlət İmtahan Mərkəzinə borcludur”.

Bu sözləri Təhsil ekspert Kamran Əsədov testin DİM-dən alınıb Testologiya Mərkəzinə verilməsi barədə ictimaiyyətdə gedən müzakirələrə münasibət bildirərkən deyib.

Nazirlər Kabineti yanında xüsusi Testologiya Mərkəzi və ya Testologiya İnstitutu yaradılmasını təklif edənlər tərəfindən yeni qurumun həm Təhsil Nazirliyi, həm də DİM-lə əməkdaşlıq səviyyəsində fəaliyyət göstərməli olduğu qeyd edilib. Bu halda DİM yalnız texniki qurum kimi fəaliyyət göstərəcək. Onlar bunu DİM-in və Təhsil Nazirliyinin hərəsinin öz proqramları olmasıyla əsaslandırıb.

Kamran Əsədov bildirib ki, bugünkü intiharların səbəbi DİM-in test tapşırıqları deyil.

“Bəli imtahanlar çətindir, amma bu nəticədir, səbəb deyil. İmtahan iştirakçılarının böyük əksəriyyətinin ən azı 50 bal topladığını nəzərə alsaq, burada testi problem olaraq görməməliyik. İntiharların səbəbi orta ümumtəhsil məktəblərində nəzarətsizliyin, idarəetmənin bərbad vəziyyətdə olmağının nəticəsidir. Uşaqlara orta ümumtəhsil məktəblərində psixoloji dəstək verilmir, təhsilin keyfiyyəti yoxlanılıb ölçülmür. Hansısa məktəbə gedib iki-üç şəkil çəkdirirlər və hesab edirlər ki, ölkədə təhsilin keyfiyyəti normal vəziyyətdədir, amma belə deyil”.

Ekspertin sözlərinə görə, bu gün Azərbaycan məktəbləri üzərinə düşən öhdəliyi yerinə yetirə bilmir.

“Bu gün Azərbaycan təhsili repetitor və hazırlıq kurslarından asılıdır. Hazırki Təhsil Nazirliyinin kadrlarının böyük əksəriyyəti orta ümumtəhsil məktəblərindən çıxmış yox, hazırlıq kurslarında idarəetmədə iştirak etmiş şəxslərdir. Bu gün təhsildə baş verən problemlərin səbəbi də təhsil sisteminə uyğun olmayan şəxslərin təhsilin idarəetməsində iştrak etməsi və məzmununa yön verməsidir. İntiharlar ona görə baş verir ki, bizim 4432 orta ümumtəhsil məktəbinin 2900-ündə psixoloq var. Bu psixoloqların böyük əksəriyyəti direktorlara çay daşıyırlar, ancaq sənəd-sünəd işi ilə məşğul olurlar, uşaqlarla işləmirlər. Məktəb direktorlarının təyinatı ortadadır. Bu da məktəblərdə nəzarətsiz bir vəziyyətə gətirib çıxarır. Uşaqlara psixoloji dəstək olan, bu və ya başqa formada motivasiya verən yoxdur. Medalları paylaşırlar ki, bu bizim nəticələrdir. Xeyr, bu gün qəbul və buraxılış imtahanındakı nəticələr məktəblərin nəticəsi deyil, repetitor hazırlıq kurslarının nəticəsidir”.

K. Əsədov qeyd edib ki, test suallarının hazırlanmasını DİM-in əlindən alıb hansısa mərkəzə vermək intiharların sayını azaltmayacaq.

“Bu gün ali ümumtəhsil müəssisələrinə qəbul üçün 51 min, kolleclərə 25 min plan yeri ayrılıb. Azərbaycanda hər iki nəfərdən biri tələbə adını qazanır. Bunlar kifayət qədər motivasiyadır. Amma orta məktəblərdə keyfiyyətli təhsil tədris olunmadığına görə uşaqlar zəifdirlər. Ona görə də Testologiya Mərkəzinin yaradılması absurd fikirdir. Bu gün yaxşı nəticəyə görə hər kəs DİM-ə borcludur. Biz DİM-i qorumalıyıq ki, obyektivliyi, şəffaflığı qoruyublar. Kasıbın balası ali məktəbə qəbul ola bilir. Məsələ imtahana qədər uşaqların bilik və bacarıqlarının zəif olmasındadır. Dövlətin ayırdığı pulun mənasız yerə xərclənməsidir. Bu gün məktəblər öz funksiyasını yerinə yetirmir, yekun nəticədə intiharlar baş verir”.

Gülnar Səlimova












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.