“Şövkət xanımın gəlini olanda 18 yaşım var idi, məni dərsdə görüb oğlu üçün bəyənmişdi...”

3-06-2022, 11:25           
“Şövkət xanımın gəlini olanda 18 yaşım var idi, məni dərsdə görüb oğlu üçün bəyənmişdi...”
“Şövkət xanımın gəlini olanda 18 yaşım var idi, məni dərsdə görüb oğlu üçün bəyənmişdi...”

“Mən inana bilmirəm ki, artıq Şövkət xanımın 100 illik yubileyidir. Təsəvvürümə belə gətirə bilmirəm. Çünki Şövkət xanım mənim üçün hər zaman cavan, gözəl yadda qalıb. Onu 100 yaşında təsəvvür etmirəm. Amma həyat öz qanunları ilə bizi yaşadır. Bilirsiniz ən əsası nədir? Ən əsası odur ki, Azərbaycan xalqı Şövkət xanımı onun sağlığında da sevib, dünyasını dəyişəndən sonra da sevir. Onun yoxluğu xalqımızı daha da çox Şövkət xanıma bağlayıb. Onun mahnılarına, yaradıcılığına, gözəlliyinə”.

Bunu Moderator.az-a açıqlamasında məşhur müğənni Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova deyib. O daha sonra əlavə edib.

“Deyəndə ki, Şövkət xanımın gəliniyəm, o qədər gözəl sözlər eşidirəm ki. Onsuz da hamı məni Şövkət xanıma bənzədir. Şövkət xanım da məni öz gəncliyinə bənzədirdi. O Azərbaycanın zirvəsində dayanan xanım müğənnidir. Onun yaradıcılığı öz yerində, amma hamı bilir ki, Şövkət xanım necə bir insan idi?! Qayğıkeş, mehriban biri idi. Bu xüsusiyyətləri onu xalqımıza çox sevdirib. Ən əsası da Şövkət xanım öz xalqına, öz torpağına bağlı biri idi. Bakını, Azərbaycanı çox sevirdi. Onun mahnılarında da bu sevgi hiss olunur. Hər mahnıda onun ürəyi var. Ən gözəl bilirsiniz nədir? Cavan nəsil Şövkət xanımı sevir, onun repertuarına qayıdır, ifa etdiyi mahnıları öyrənirlər, oxuyurlar. Bu çox gözəldir” deyə sənətkarın gəlini bildirib.

Gülnarə Səfərova Şövkət xanımla tanışlığından da danışıb.

“Mən Asəf Zeynallı adına musiqi kollecində oxuyanda Şövkət xanım orada muğam sinfindən dərs deyirdi. Biz orada tanış olduq, o məni oğluna aldı. Onun evinə gəlin gələndə 18 yaşım var idi, cavan uşaq idim. Məni hamıdan qoruyurdu. Onun haqda bir kitab çap olunmuşdu, o kitabda məndən başqa hamı var idi. O zaman mən cavan idim, başa düşmürdüm ki, kitabda nəvəsi, oğlu, qızı var, amma mən yoxam. Sonralar başa düşdüm ki, onun məqsədi məni qorumaqdır. Bəlkə də o müdrik qadın idi deyə istəmirdi hansısa problemlər yaransın” deyə sənətkarın gəlini bildirib. Mən fəxr edirəm ki, Şövkət xanımın gəliniyəm. Mənim övladlarım, onun nəvə-nəticələri həmişə nənənlərinin adını uca tuturlar. Çalışırlar ki, ona layiq olsunlar. Doğurdan da bu böyük xoşbəxtlikdir” deyə sənətkarın gəlini bildirib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.