Hüquq fakultəsinin məzunları niyə işsiz qalır? – “Vəkillik fəaliyyətində yeni qaydaya ehtiyac var” - EKSPERT
7-06-2022, 11:58
“Yalnız Vəkillər Kollegiyasının üzvü olan hüquqşünaslar vəkil adlanır. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin pullu şəkildə hüquqi xidmət göstərməsi isə inzibati xəta hesab edilir. Ən azı 3 il vəkil köməkçisi işləyən şəxslər münasib imtahanı verdikdən sonra kollegiyaya üzv ola bilərlər”.
Teref.az yazır ki, bu sözləri Bizim.Media-ya Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev söyləyib. Bizimlə söhbətimiz zamanı o, bildirib ki, hazırda hüquq fakultəsini bitirən xeyli gənc işsiz qalır.
Ən asan yol kimi isə özbaşına vəkillik fəaliyyəti ilə məşğul olmağı seçirlər. Amma bunun üçün hüquqi əsası yaratmaq lazımdır.
Ekspertin sözlərinə görə vəkil köməkçisi kimi işləyən şəxslərə məhkəmədə iştirak hüququnun verilməsi mövcud prpblemlərin həllində əsaslı dönüş yarada bilər.
“Vəkil köməkçisi kimi kollegiyada qeydiyyatdan keçən şəxslərə vəkillik etmək hüququ verilmir. Bu isə onların maddi cəhətdən, eləcə də kariyera sarıdan çətinliklərlə üzləşməsinə gətirib çıxarır. Əgər kollegiyada vəkil köməkçisi kimi qeydiyyatdan keçən şəxsin hüquqi fəaliyyətinə icazə verilirsə, onlara vəkilin əvəzində məhkəmədə çox ağır olmayan mülki proseslərdə çıxış etmək səlahiyyəti də verilməlidir. Bu həm iş, həm maddi, həmçinin gənclərin profissionallaşması baxımından bu sahədəki problemlərinin qarşılanmasına xeyli kömək edə bilər”.
Əsabəli Mustafayev açıqlamasında onu da vurğulayıb ki, vəkillər kollegiyasının üzvü olmayan hüquqi təhsilli şəxslər ancaq könüllü şəkildə kiməsə hüquqi məsləhətlər verə bilərlər. Pullu şəkildə hüquqi fəaliyyətləri isə qadağandır.
“Ümumiyyətlə Azərbaycanda vəkilliyin iki istiqaməti var. Birinci qrup fəaliyyətdə vəkillər birləşərək müəyyən bir qrup halında bürolar yarada bilərlər ki, bunlar da keçmişdə hüquq məsləhətxanaları adlanırdı və bu tipli fəaliyyət Azərbaycan və postsovet məkanında xeyli məşhur idi.
Digər istiqamət isə fərdi qaydada fəaliyyətdir ki, hazırda dünyada və Azərbaycanda məhz bu tipli özəl vəkillik fəaliyyəti geniş vüsət almaqdadır. Fərdi fəaliyyət zamanı möhür və vəkilliyə dair bütün səlahiyyətlər birbaşa olaraq vəkilin öz əlində cəmlənir”.
Hüquq sahəsində təhsil almış gənclərin iş tapması ilə əlaqədar yaranan problemlərə toxunan ekspert qeyd edib ki, son dövrdə kommersiya şirkətlərinin sayının azalması orada olan hüquq şöbələrini də ixtisara salır, bu da vəziyyəti çətinləşdirib. Artıq gənc hüquqşünaslar üçün iş tapmaq özü bir hüquqi məsələyə çevrilib.