“İnsan ölürsə, cəhənnəmə ölsün, əsas odur ki, əlində tikəsi ilə keçinməsin” - Ekspert hökuməti tənqid etdi
9-06-2022, 16:26
“Qidanın keyfiyyəti məsələsi masanın üzərində qalıb. Heç bir dövlət orqanı bununla məşğul olmur”. Teref.az xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Bakupost.az -a açıqlamasında qeyd edib.
O, son günlər dönərdən artan zəhərlənmələr və dönərxanalara nəzarət məsələləri ilə bağlı qanundakı boşluğa diqqət çəkib:
“Bu cür məsələlərin kökünü qanunlarda axtarmaq lazımdır. Dövlət qanunları elə qurulub ki, biznes qurumlarında yoxlama aparmaq olmaz, bu uzun prosedurdur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adında da qidanın təhlükəsizliyindən söhbət getdiyini görürük. Keyfiyyət məsələsi ümumiyyətlə masanın üzərində qalıb. Heç bir dövlət orqanı bununla məşğul olmur. AQTA və digər dövlət qurumlarının elə bir səlahiyyəti yoxdur ki, bir yerdə təhlükəli mal satılanda gedib müdaxilə edə bilsinlər. Bir sözlə, cəld reaksiya, müdaxilə mexanizmi yoxdur. Azərbaycan hökuməti biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradıb, istehlakçı hüquqları qalıb arxa planda”.
Ekspert AQTA-nın siyasətinin səhv olduğunu düşünür: “Azərbaycan hökuməti və AQTA-nın apardığı siyasətin təməlində bu durur ki, insanlar əllərində tikəsi ilə zəhərlənib ölməsinlər, tədricən ölürlərsə, cəhənnəmə ölsünlər. Yəni keyfiyyət məsələsi qalıb ortalıqda. AQTA da bu cəld ölmənin qarşısını alır. Lakin qida bizim həyatımızdır. Bütün qidaların, o cümlədən, dönərxanaların insanların sağlamlığına mənfi təsiri var. Normal dönərin qiyməti 4 manatdan aşağı olmamalıdır. Biz istehlakı elə qurmalıyıq ki, insanlar ucuz və keyfiyyətli mal alsınlar. Amma o demək deyil ki, ucuz mal insanları zəhərləməlidir”.
Qeyd edək ki, ötən gün Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınıb. Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.