“Deyə bilmərəm ki, baş verənlər Nəcməddin Sadıkovun həbsinə hazırlıqdır” - POLKOVNİK

9-06-2022, 16:31           
“Deyə bilmərəm ki, baş verənlər Nəcməddin Sadıkovun həbsinə hazırlıqdır” - POLKOVNİK
Müdafiə Nazirliyində vəzifədə olarkən qanunsuz əməllər törətmiş sabiqlərin "təmizlənməsi" prosesi davam edir. Ötən həftə Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun keçmiş rəhbəri Elxan Məcidov barəsində həbs qətimkan tədbiri seçildi. Məlumata görə, Bakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə müstəntiqin Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun sabiq rəisi Elxan Məcidovun barəsində vəsatətinə baxılıb. Məhkəmənin 04.06.2022-ci il tarixli qərarına əsasən, Elxan Məcidovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İstintaq orqanı Məcidovu Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirir.

​İttihama görə, E.Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsini, aylığa buraxılmasını təmin edib.

Qeyd edək ki, ​o, əvvəllər Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi vəzifəsində işləyib.

İyunun 8-də isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Azad Abdullayevin həbs edildiyi barədə məlumat yayıldı. Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin dələduzluq etməsi faktına görə başlanmış cinayət işi üzrə 22.10.2021-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.2,(dələduzluq) 178.2.3 178.2.4 və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham verilməklə barəsində həbs qətimkan tədbiri seçilib. Həmin cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq 06.06.2022-ci il tarixdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Ekspertlərin fikrincə, bundan sonra da hərbi sistemdə vaxtilə qanunsuzluqlar törədən, cinayətlərlə məşğul olan şəxslərin ifşa edilməsi və cəzalandırılması prosesinin davamlı olacağı istisna deyil. Teref.az-ın məlumatına görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov AYNA-nın suallarını cavablandırarkən deyib ki, Silahlı Qüvvələrdə belə hadisələrin olması təəssüf doğuran haldır:

- Birincisi, onu deyim ki, Azad Abdullayev çoxdan həbs edilmişdi, niyə bu gün elan olunur, maraqlıdır. Azad Abdullayevin həbsi qərarı ötən ilin payızında verilmişdi və o, həbsə alınmışdı.

- Bəli, ötən il həbs edilib, indi istintaq yekunlaşıb, ittiham elan olunub...

- Görünür, onunla bağlı bəzi məlumatlar toplanırdı, bəziləri dəqiqləşdirilirdi. Azad Abdullayevin indi həbs edilmə xəbərinin yayılmasına hüquq-mühafizə orqanları aydınlıq gətirsə, daha yaxşı olar. Bütövlükdə isə Azərbaycan Ordusunda belə hadisələrin olması hər birimizi üzür. Çünki Müdafiə Nazirliyi birbaşa ölkənin müdafiəsi və təhlükəsizliyi ilə məşğul olan qurumdur ki, belə qurumda xoşagəlməz hallar olmamalıdır. Amma kimliyindən asılı olmayaraq, əgər qanunsuzluğa yol verilibsə, kimsə özünü qanundan yüksəkdə tutubsa, rüşvətxorluq edibsə, cinayət törədibsə, qanunun əli ilə ən sərt cəzasını almalıdır.

- Bundan sonra da cəzalandırılanların olacağı gözlənilirmi?

- Ordu cəmiyyətin ayrılmaz hissəsidir. Hər sahədə neqativlər ola bilirsə, orduda da bunun baş verməsi mümkündür. Kim hansı cinayət əməlini törədib, bunu mən deyə bilmərəm. Hər halda hüquq-mühafizə orqanları bilir, araşdırır. Bu hallarla çox sərt mübarizə aparılmalıdır. İstisna deyil ki, cinayət törədib, amma hələ də azadlıqda olanlar var. Onu da deyim ki, hansısa rəis, vəzifəli şəxs cinayət törədibsə, bunu təkbaşına etməyib. Yəqin ki, onun qərar verməsində digər vəzifəlilərin də rolu olub. Buna hüquq-mühafizə orqanları qiymət verməlidir və inanıram ki, lazımı qiymət veriləcək. Amma ordu sistemi rüşvətdən, korrupsiyadan nə qədər tez təmizlənsə, bir o qədər yaxşıdır. Çünki Müdafiə Nazirliyi ölkənin təhlükəsizliyinə məsuliyyət daşıyan ən böyük qurumdur. Onun sıralarında belə neqativlərin olması çox pis haldır. İstər polkovnik olsun, istər general olsun - hər kəs məsuliyyətini dərk etməli və qanun qarşısında cavab verməlidir.

- Müdafiə Nazirliyində vaxtilə işləmiş vəzifəlilərin qanunsuz əməlləri ifşa olunanda, həbs ediləndə belə fikirlər səsləndirilir ki, bu, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun həbsinə hazırlıqdır. Belə iddialarda həqiqət payı nə qədərdir?

- Bir paralel aparaq: bu gün Daxili İşlər Nazirliyində işləmiş sabiq bir vəzifəli həbs edilirsə, o zaman gərək deyək ki, Ramil Usubovla bağlı hansısa hazırlıq gedir. Bu, doğru yanaşma deyil. Nəcməddin Sadıkov 1993-ci ildən 2020-ci ilə qədər Baş Qərargah rəisi olub. Onun vəzifədə olduğu müddətdə, bəlkə də, yüz minlərlə xidmət keçən olub. Xidmət dövründə kimsə kiminsə birbaşa tabeçiliyində olur, kimsə kiminləsə yaxın olur və s. Nəcməddin Sadıkovun hansısa cinayət əməli varsa, hüquq-mühafizə orqanları buna qiymət verməlidir, verəcək də. Mən deyə bilmərəm ki, "təmizləmə" Sadıkovun həbsinə hazırlıqdır. Məsələn, Azad Abdullayevlə Nəcməddin Sadıkovun hansı əlaqəsi ola bilərdi? Tibb idarəsi Maddi-Texniki Təminat İdarəsinə bağlı qurumdur ki, Baş Qərargahla bu qurumun bir-birinə tabeçiliyi demək olar ki, yoxdur. Azad Abdullayevin həbsini Nəcməddin Sadıkovun həbsinə hazırlıqla bağlamaq doğru yanaşma deyil. Yenə deyirəm ki, kiminsə həbsini başqasının həbsinə hazırlıq kimi qiymətləndirmək düzgün deyil. İndi keçmişdə vəzifədə olmuş bir prokurorluq işçisinin qanunsuzluqları üzə çıxarılıb və həbs edilibsə, bunu Zakir Qaralovun həbsinə hazırlıq kimi qiymətləndirmək nə dərəcədə doğrudur?!

Məsələ belədir ki, Nəcməddin Sadıkov uzun illər Baş Qərargah rəisi olub və indi kim tutulursa, deyirlər, Sadıkovun həbsi hazırlanır. Kimin cinayəti varsa, o, həbs ediləcək. İndi Nəcməddin Sadıkovun köməkçisi olmuş Elxan Məcidov həbs olunub. Amma Məcidov Sadıkovun köməkçisi olanadək çoxlu vəzifələrdə olub axı. Bu vəzifələrdən də biri Baş Qərargah rəisinin köməkçisi kimi işləməsidir. Mən yenə deyirəm, kimin cinayəti varsa, hüquq-mühafizə orqanları araşdırdıqdan, istintaq apardıqdan, cinayəti ifşa etdikdən sonra həmin şəxsi cəzalandırmalıdır, həm sə sərt şəkildə. Bu, hər kəsə şamil olunmalıdır və inanıram ki, olunacaq. Amma yozumlarla danışmağı doğru saymıram.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.