Beynəlxalq güclərin hələlik İranı parçalamaq niyyəti yoxdur” - Mehman Əliyev
24-11-2022, 10:48
“İran və Azərbaycan arasında ciddi gərginlik görmürəm. Əlbəttə, müəyyən sərt açıqlamalar verilir. Bəli, Azərbayan prezidenti Səmərqənddə dedi ki, dünyada yaşayan 40 milyon azərbaycanlının hüquqları qorunmalıdır. Bu, çox normal və yerində deyilən söz idi. Bundan sonra iranlı diplomat Əli Əkbər Vilayəti elan etdi ki, “biz hamımız azərbaycanlıyıq”. Mənə elə gəlir ki, bəzi sualtı məsələlər var ki, ona diqqət etmək lazımdır. Məsələn, İranda azərbaycanlılar çox böyük mövqelər tuturlar, hakimiyyətdə təmsil olunurlar, bir çox hallarda məsələni həll edənlərdir”.
TEREF.AZ bildirir ki, bunu Reyting.az-a “Turan” İnformasiya Aentliyinin rəhbəri, analitik Mehman Əliyev deyib.
M. Əliyev bildirib ki, İran daxilində müşahidə olunan etirazlar bu ölkədə böhranın olduğunu göstərir: “İran ətrafında baş verənləri bir kənara qoyaq, əsas İranın özündə nəyin baş verməsidir. İranın problemi odur ki, əhalisi indiki sistemdən bezib, daima səsini qaldırır, etiraz edir. Son parlament seçkilərində də nümayişlər olub, eləcə də prezident seçkilərində etiraz aksiyaları keçirilib, çadıranı çıxarmağa cəhdlər ediblər. Bu etiraz formalaşıb və indi də davam edir”.
Analitik əlavə edib ki, inkişaf və sosial şəbəkələr insanların gözünü açıb: “Eləcə də təşkilatlanma gedir. Bu da gec-tez olmalı idi. Bu dəfə isə etirazların miqyası daha genişdir. Sözsüz ki, bundan sonra İran rejimi üçün vəziyyət daha çətin olacaq. Görünən odur ki, rejim bu problemin həllini bacarmır. Digər tərəfdən, hakimiyyətdə olanların çoxu heç bacarmaq da istəmir, daha çox dəyişiklik istəyirlər”.
M. Əliyevin fikrincə, beynəlxalq güclərin planlarında hələlik İranı parçalamaq niyyəti yoxdur: “Amma mümkündür ki, İran daxilində gedən bu proseslərdə gizli xarici əl də var. Məsələn, İran kanalları daxildə vəziyyəti bir cür, xaricdəki kanallar isə başqa cür təqdim edirlər. Bunun özü müdaxilədir. Məsələn, Çin Kommunist Partiyasının qurultayı ərəfəsində Çinin lideri Si Çinpin ABŞ-a müraciət etdi ki, ölkəsinin iqtisadi durumunun pisləşməsi haqqında informasiyaları az yaysınlar, çünki bu, vəziyyəti mürəkkəbləşdirir. İranda da eynidir. Kənardan yazırlar, danışırlar, nələrsə deyirlər, informasiya blokadası sındırılır və s. Bunlar isə ümumi vəziyyətə təsir edir”.