Azərbaycanda qorxulu qrip yayılıb: - “Xəstəni aldadır, hətta ölüm...”
6-12-2022, 16:34
Azərbaycanda da son zamanlar yayılan qriplə bağlı həkimlər xəbərdarlıq edir.
Bir anda üç virus – artıq 2 ildir dünyaya tanış olan "korona", qrip və sinsitial virus - milyonlarla insana təsir edir. Biz bu dəfə qrip epidemiyasının astanasındayıq. Son bir həftə ərzində qripə yoluxmada kəskin artım var.
Qripin simptomları kəskin şəkildə görünür. Xəstə qəfil özünü pis hiss edir və hətta özünü pis hiss etdiyi saatı belə xatırlaya bilər. Ardınca yüksək hərarət, şiddətli zəiflik, əzələ ağrısı başlayır.
Azərbaycanda qriplə bağlı hazırda vəziyyət necədir?
TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında həkim-terapevt Rasif Bağırov bildirib ki, infeksiya hazırda çox geniş şəkildə yayılıb:
"Yəni kifayət qədər insan gün ərzində həkimə müraciətlər edir. Əvvəlki qrip yoluxmalarından, yəni virus infeksiyalarından fərqi ondan ibarətdir ki, yüngül gedişli olduğu qədər də qorxulu gedir. Bu, o anlama gəlir ki, xəstə xəstəliyə düçar olduqdan sonra ona elə gəlir, heç xəstələnməyib. Gah xəstənin temperaturu 37.1, gah 37.2 olur. Gah da görürsən ki, temperatur olmur. Bəzən müəyyən narahatlıqları olur. Xəstə fikirləşir ki, həkimə gedim. Sonra görür ki, heç nəyi yoxdur, həkimə getməkdən yayınır, getmir. Xəstəlik xəstəni aldada-aldada gəlir və xəstənin qanında getdikcə laxtalanma prosesini gücləndirir. Bu gün xəstələr həmin qripin fəsadı ilə müraciət edir. Yəni qrip tutur, ona bir o qədər əhəmiyyət vermir, fikirləşir ki, yüngül şeydir".
Həkim bildirir ki, aldadıcı olan xəstəlik gah qulaqda, gah başda güclü ağrılar yaradır:
"Yaxud da çənə altında müxtəlif şişkinliklər olur. Ya da hansısa orqanında şikayət olur. Həkimə müraciət edəndə məhz həmin orqanında olan xəstəliklə bağlı mürəciət edir. Həkim unudur ki, bu, qripdən fəsad ola bilər. Həkim də çox vaxt səhvlərə yol verir. Xəstənin şikayət etdiyi xəstəliklə məşğul olmağa başlayır. Bir müddətdən sonra görür ki, xəstəlik keçmir. Nəhayət aşkar edir ki, xəstədə qrip varmış və bu, fəsad şəklində gedirmiş. Ona görə də bəzi hallarda statistikaya məlum olmayan, eşitdiyimiz, bildiyimiz xəbərlərə görə, hətta ölüm hallarına da rast gəlmək mümkün olub. Ona görə də qrip hazırda geniş yayılıb".
Həkim ekspert bildirib ki, yayılan qrip vaxtında həkimə müraciət edəndə ən uzağı 10 günə sağalır:
"Amma aldadıcı şəkildə gedəndə başqa cür olur. Müraciət edən xəstələrin əksəri yoluxmadan 15- 20 gün sonra müraciət edir".