Yığmamızın sabiq üzvü üsyan etdi - Onu Ukraynadakı müharibəyə aparacaqlar?

10-12-2022, 11:20           
Yığmamızın sabiq üzvü üsyan etdi -
"Səbail"dən ayrılmağımız gözlənilməz oldu. Çünki bizimlə yeni müqavilə imzalanmışdı. Həmin vaxt istirahətdə idik. Qəfildən xəbər gəldi ki, rəhbərlik bizimlə bağlı fikrini dəyişib".

Bu sözləri Publika.az saytına açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Emin Ağayev deyib. 4 il "dənizçilər"in baş məşqçisi Afrandil Hacıyevin köməkçisi qismində çalışan mütəxəssis komandadan göndərilmələri barədə danışıb. O, "Səbail"də qalmaq ehtimalınız var idimi” sualına belə cavab verib:

"Aftandil Hacıyev komandadan ayrılandan sonra biz də getməli idik. Çünki məni məhz o, Moskvadan Bakıya dəvət etmişdi. Elə vəziyyətdə orda qala bilməzdik. Hər baş məşqçinin çalışdığı heyət olur".

Azərbaycan çempionatının bütün oyunlarını və gündəmi yaxından izlədiyini bildirən mütəxəssis "sabiq komandanız niyə uğursuz çıxış edir" sualına məşqçilərə xas olan şəkildə - "artıq orada deyiləm, daxildə nələrin baş verdiyini bilmirəm" deyə cavablandırıb. Emin Ağayev daha sonra "Ximki"yə qayıdışının təfərrüatları barədə də danışıb:

"Bildiyiniz kimi, "Ximki" mənə yad klub deyil. Burada futbolçu kimi oynamışam, məşqçi kimi də çalışmışam. Ona görə də seçim edəndə tərəddüd etmədim. Həm də mənə dəvət göndərən şəxs Nazim Süleymanov idi. O, U-19 komandasına baş məşqçi təyin olunduğunu və mənimlə işləmək istədiyini bildirdi. Müsbət cavab verdim. 2 ay əvvəl 1 illik müqavilə imzaladıq. Komandaya uyğunlaşmaq baxımından çətinlik olmadı".

Söz düşmüşkən, Rusiya vətəndaşı olan Emin Ağayevdən hərbi komissarlığa çağırılmasının detallarını da öyrəndik:

"Bəli, sentyabrda məni zəng edib hərbi komisarlığa çağırdılar. Bu, ilk deyil. Daha əvvəl də olub. 11 il əvvəl Suriyadakı müharibə vaxtı da çağırmışdılar, getmişdim. Bu dəfə də çağırış gəldi, getdim məsələnin detallarını öyrəndim. Əvvəlki çağırışdan fərqli olaraq bu dəfə vəziyyət ciddidir. Sorğu-sual elədilər, bəzi sənədlərə qol çəkdim. Qərara görə, səfərlik dövründə ölkəni tərk edə bilmərəm. Ancaq çağırış burada işləməyimə mane olmur".

Bir vaxtlar millinin formasını geyinən Emin Ağayev komandanın hazırkı durumu və potensialı barədə də fikirlərini bölüşüb. O, indiki və çıxış etdiyi dövrlər arasındakı fərqləri açıqlayıb. Sabiq müdafiəçi yığmanın oyunlarında azarkeş sayının kəskin şəkildə azalmasını xüsusilə vurğulayıb:

"Bilirsiz vəziyyət niyə belədir? Bizim dövrümüzdə, yığmada oynayan bütün futbolçular azərbaycanlı uşaqlar idi. Xaricdə oynayırdılar. Vəli Qasımov, Nazim Süleymanov, Vidadi Rzayev, Lıçkin, hamı xaricə üz tuturdu. Həmin tərkibə baxın - Şahin Diniyev, Samir Ələkbərov, mən, Dimitri Kramarenko. Adları yada saldıqca, siyahı uzanır. Hər kəs oynadı. Buna görə də, yığmanın səviyyəsi fərqli idi. Digər millilərin səviyyəsi də üst idi. Bizim oyun stilimiz var idi. Texnika, sürətli hücuma keçid. İndi heç nə yoxdur. Futbolçuları milliləşdirirlər. Sanki bizdə azərbaycanlı futbolçular yoxdur. Deyə bilmərəm ki, onlar bizim uşaqlardan güclü deyillər. Mənim fikrim belədir ki, bizim uşaqlar bundan sonra da oynamalı və inkişaf etməlidirlər. Mən yığmanın oyununa az adamın getdiyini bilmirdim. Bir dəfə Olimpiya Stadionuna iki min adamın gəldiyini gördüm. Bu, mənim üçün şok idi. Çünki əvvəllər milli komandanın oyunlarına bu qədər az sayda azarkeş gəlməyib. Təkcə "Qarabağ"ın avrokubok oyunlarında stadion dolu olur".

Azərbaycanı Rusiya futbolunda təmsil edən Ağayev sonda futbolçularımızın ölkə xaricinə üz tutmama səbəbləri barədə də danışıb. O, bu məsələ də özünü nümunə kimi təqdim edib:

"Yetişdirdiyimiz futbolçulardan legioner həyatı yaşayan, sadəcə bir nəfərin adını çəkə bilərik. Bu, hazırda Xorvatiyada "Dinamo"da çıxış edən Mahir Emrelidir. Qalanları Azərbaycanda oynayır. Mən çempionatda daha çox komandanın olmasını istəyirəm? Bilirsiz niyə? Çünki yaxşı komandalar nə qədər çox olarsa, futbolun səviyyəsi bir o qədər yüksələcək və inkişaf olacaq. Azərbaycanda “Qarabağ”a, “Neftçi”yə 100, hətta 200 faiz diqqət edilir. İndi “Sabah” bir qədər güclənib. Çempionatda belə komandalar azdır. Futbolçuların isə harasa getməyə, pul qazanmağa, futbol səviyyəsini yüksəltməyə həvəsi yoxdur. Çox razıdırlar. Onların hamısını bu vəziyyət qane edir. Başqa sözlə, belə deyək, sizin "Preora" avtomobiliniz var, amma "Mercedes" də sürmək istəyirsiniz. Onların isə indi bir "Preora"sı var, gələn dəfə hansısa Çin maşını sürməklə kifayətlənəcəklər. Bunu onlar özlərinə yaraşdırırlar. İnkişaf etmək istəyən, özündən sonra futbolda iz qoymaq istəyən insan isə hər zaman çalışacaq. 1992-ci ildə “Anji”yə gedəndə, məndə də eyni versiya var idi. Yaxşı iki maşının açarını gətirib qabağıma qoyub dedilər ki, get Tovuza. Mən də cavabında söylədim ki, ilk Azərbaycan çempionatında çıxış etdim, indi isə inkişaf etmək istəyirəm. Ya Ukraynaya, ya Rusiyaya, ya da başqa ölkəyə gedəcəyəm, mən futbol oynamaq istəyirəm. Baxmayaraq ki, həmin vaxt 17 yaşım var idi və mən həyatda hələ heç nə görməmişdim".

Heybət Məmmədov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.