Bir müsahibənin arxasınca: 4 "muşketyor" qardaşların sərgüzəştlər- “Biz Laçına gələndə Elbrus Orucov qaçırdı, onu mən saxlayıb geri qaytarmışam...”

15-12-2022, 15:48           
Bir müsahibənin arxasınca:
“O dedi ki, artıq Laçının da müdafiəsi üçün heç bir iş görə bilmirik. Mayın 14-16-da ermənilərin Laçına hücumu olacaq və biz də buranı qoruyub saxlaya bilməyəcəyik...”

“Sanki Eynulla Fətullayev son müsahibəsi vasitəsilə Şuşa və Laçının işğalı zamanı briqada komandiri, eyni zamanda həmin rayonların komendantı olmuş Elbrus Orucovu təmizə çıxarıb onun qəhrəman obrazını yaratmağa çalışır. Guya ki, o, Rembo kimi döyüşürmüş Qarabağda…”

Bunu Moderator.az-a açıqlamasında Milli İstiqlal partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədov 1992-ci ilin aprel-mayında Şuşa-Laçın-Qubadlı-Zəngilan ərazilərində briqada komandiri və hərbi komendant olmuş, Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin sabiq rəisi, hazırda ehtiyatda olan general-mayor Elbrus Orucovun jurnalist Eynulla Fətullayevə müsahibəsində onun barəsində dediklərinə münasibət bildirərkən söyləyib.

“Elbrus Orucov həmin müsahibəsində qeyd edir ki, guya hərbi təlim keçmiş 144 nəfərlik birləşməni Laçına gətirəndə onun sualına cavab olaraq demişəm ki, mən Milli İstiqlal partiyasının lideriyəm. Birincisi, mən o zaman belə bir ifadə işlətməmişəm. İkincisi də, mən Laçına gələndə Elbrus Orucov qaçırdı. Yolda mən onu saxlayıb geri qaytarmışam... 1992-ci il mayın 10-da biz Qubadlı istiqamətindən Laçın şəhərinin girişinə çatanda gördüm ki, Elbrus Orucov orada dayanıb qaçan əsgərlərdən silahları yığır. Soruşdum ki, cənab zabit, burada nə iş görürsən? Cavab verdi ki, silahları yığıram, aparam... Özü də ucadan vurğuladı ki, bu xalq vuruşmaq istəmir... Soruşdu ki, bəs siz kimsiz - cavab verdim ki, deputatam, Azərbaycan parlamentinin üzvüyəm. Gəlmişəm, Laçındakı durumu öyrənim, xahiş edirəm, düşün qabağımıza, gedək. Eyni zamanda oradan keçən hərbçilərdən bir-bir soruşdum ki, siz haraya gedirsiz. Dedilər ki, bəs Şuşadan gəlirik, bizi məzuniyyətə yollayıblar. Onların məzuniyyət sənədlərində tarix və imza ilə maraqlandım. Məlum oldu ki, məzuniyyətə buraxılanların hamısı 6 və 7 may tarixlərində buraxılış sənədi alıb. Həmin sənədlərdə isə Şuşanın komendantı kimi Elbrus Orucovun imzası və möhürü var. E.Orucovdan soruşdum ki, bəs bu nə deməkdir. Dedi ki, mənim bundan xəbərim yoxdur. Xülasə, oradan keçən hərbçilərdən 31 məzuniyyət vərəqəsi yığdım və Bakıya qayıdanda onları prokurorluğa təhvil verdim. Həmin sənədlər Şuşa və Laçının işğalıyla bağlı cinayət işində qeydə alınıb” – açıqlamasının davamında bunları söyləyən sabiq deputat Laçına gətirdiyi tələbələrdən ibarət könüllü birləşməni məhz briqada komandiri kimi Elbrus Orucova təhvil verdiyini bildirib.

“Elbrus Orucovun digər bir yalanı ondan ibarətdir ki, guya mənim rəhbərliyimlə Bakıdan gətirilmiş könüllü tələbələrdən ibarət 144 nəfərlik birləşməni ona təhvil verməkdən imtina etmişəm, demişəm ki, onları Laçın alayının komandiri Arif Paşayevə verəcəm. Bu da tamamilə yalandır. Çünki bilirdim ki, artıq rəsmi briqada komandiri Elbrus Orucovdur və Türkiyədən gizli olaraq gəlmiş zabitlərin təlim keçdiyi sözügedən birləşməni Laçın rayon mərkəzində məhz ona təhvil vermişəm. Və əlavə olaraq Orucova demişəm ki, o könüllülərin təlimi yarımçıq qalıb, amma həmin türkiyəli təlimatçılar da gəlib, lazım olarsa, döyüşlərdə bu birləşmədən istifadə edə bilərsən. Təəssüf ki, o, mən Laçından gedəndən sonra həmin birləşməni 5-5, 10-10 parçalayaraq ayrı-ayrı postlara göndərib. Yəni birlikdə təlim keçmiş həmin birləşmənin döyüş effektivliyi artıq itib”.

“Daha sonra elə həmin gün, yəni mayın 10-da Elbrus Orucovdan soruşdum ki, yaxşı, Şuşa işğal olunub, bəs Laçının müdafiəsi üçün nə iş görürsüz. Cavab verdi ki, artıq heç bir iş görə bilmirik, mayın 14-16-da ermənilərin Laçına hücumu olacaq və biz də buranı qoruyub saxlaya bilməyəcəyik... Yəni sanki bu cür bir xəbərlə o, panika yaratmaq məqsədi güdürdü. Halbuki, ərazini müdafiə etməli olan komandir heç bir halda belə bir fikir işlətməməlidir. Sonra Laçındakı alayın qərargahında Elbrus Orucovun da iştirakıyla müşavirə keçirildi. Arif Paşayev, Rövşən Cavadov, Tahir Əliyev, Nofəl Kərimov və digərləri də orada idi... Lakin Orucov orada fağır-fağır dayanaraq bir briqada komandiri, peşəkar hərbçi kimi yaranmış şəraitlə bağlı heç bir ciddi əmr və tapşırıq vermədi”- partiya lideri belə deyib.

“Laçındakı müşavirədə mənimlə gəlmiş türk təlimatçılar da iştirak edirdi. Onlar təklif etdilər ki, bizə müşayiətçilər verin, gedək mövqelərdəki durumu təftiş edək. Gedib qayıtdılar və dedilər ki, müdafiəçilərin çoxu mənəvi-ruhi baxımdan düşkün durumdadır və belə bir şəraitdə ərazini müdafiə etmək çətin olacaq. Sonra həmin türk zabitlər ayrılıqda mənə bidirdilər ki, mayın 14-də Türkiyə ordusunun Ermənistanla sərhədə yaxın Sarıqamış ərazisində hərbi təlimləri başlayır. Əgər Türkiyə rəhbərliyi ilə danışıq aparsanız, ordunu Ermənistan sərhədinə daha yaxın əraziyə gətirərlər və o halda ermənilər Laçını işğal etməyə cəsarət göstərməz. Bununla bağlı mayın 11-də Laçından qayıdıb Türkiyəyə getməyə qərar verdim... Amma mən Laçından çıxan vaxt oraya Bakıdan xeyli canlı qüvvə və texnika göndərilmişdi. Təəssüf ki, şahidlərin söylədiyinə görə, sonradan – mayın 14-də briqada komandiri Elbrus Orucovun gözü qarşısında həmin qüvvə və texnikaların əksəriyyəti ərazidən çıxarılaraq Bakıya qaytarılıb” -deyə Etibar Məmmədov vurğulayıb.

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.