“Şəfiqə Məmmədovanın, Rasim Balayevin kinoya nə aidiyyəti var?” - Şeyx Əbdül
15-12-2022, 20:26
Cəmiyyəti maraqlandıran sahələrdən biri də kinodur. İnsanları sovet dönəmində və müstəqillik illərində çəkilən yaddaqalan filmlərdən savayı son illər çəkilən Azərbaycan filmlərinin keyfiyyəti, mövzusu qane etmir.
Ona görə də kino sahəsi ilə bağlı atılan istənilən addım cəmiyyətin diqqət mərkəzindədir.
Mədəniyyət naziri Anar Kərimovun Azərbaycanda kino sahəsində fəaliyyət göstərən şəxslərlə görüşərək, onların irad və təkliflərini dinləməsi də kino sahəsi ilə maraqlanan insanların müzakirə mövzusuna çevrilib. Lakin 5 saata yaxın davam edən müzakirələr haqqında əvvəlcə mətbuata məlumat verilməyib, görüşdə hansı irad və təkliflərin səsləndirildiyi açıqlanmayıb. Məlumata görə, nazir həmin məsələlərin mediada işıqlandırılmaması ilə bağlı qonaqlardan xüsusi xahiş edib.
Cebhe.info Xalq artisti Şeyx Əbdül Mahmudbəyovla söhbətləşib. TEREF.AZ həmin müsahibəni təqdim edir:
-Şeyx Əbdül bəy, siz həmin görüşə dəvət olunmuşdunuz?
-Mən yeganə adamam ki, Anar müəllim nazir təyin olunandan mətbuat vasitəsilə 3-4 dəfə görüş təklif etmişəm. Heç birisinə cavab gəlmədi. Nazirlikdən zəng elədilər ki, Anar Kərimov kinostudiyaya gələcək və görüş keçirəcək, iştirakınız mütləqdir. Çox təəssüflər ki, mən xəstəyəm, ev şəraitində müalicə oluram, çölə çıxa bilmirəm. Ona görə də üzrhaxlıq elədim, getmədim.
-Hansı təkliflərin verildiyini, nələrin müzakirə edildiyini bilirsiniz?
-Görüşdə kiminsə hansısa təklif verəcəyinə inanmıram. Həmin görüşdə normal təkliflə çıxış edəcək bir nəfər cəsarətli adam yoxdur. Yəqin ki, əvvəldən razılaşdırılmış, planlaşdıırlmış, verilmiş suallar olub. Təəssüf ki, efirdə də bu haqda heç bir material getmədi. Göstərmədilər, bilək ki, söhbət nədən gedir. Mən ev şəraitində müalicə alıram. Məni direktorumuz da çox narahat eləmədi. Bilirlər ki, mən bir az emossional adamam, təklif də verəcəkdim, əlimdə konkret təkliflər vardı. Onların bəzilərini müsahibələrimdə nazirə ünvanlamışam.
Bu gün kino sahəsi təsadüfi adamlarla dolub. Kino ittifaqlarında da kinoya dəxli olmayan adamlar, artistlər doluşublar, guya kinonun taleyini həll edirlər. Axı bu insanlar bilmədikləri şeyi necə həll edə bilərlər?! Kinonu bilən 3-5 insan var, onlar da abırlarına sığınıblar. Kinonu kinonun içində olan, onun toz-torpağını, tüstüsünü, daş-kəsəyini yaşadanlar bilirlər. Kinonun taleyini kinoya həyatlarını qurban edən insanlar bilirlər. Artist qıraqdan gəlir, filmə çəkilir, pulunu alır, çıxıb gedir, şan-şöhrəti var, görüşlərdə də gopa basır. O, nə bilir kino nədir?
Kinoya heç bir aidiyyəti olmayanlar kinodan danışırlar. Adamın əti tökülür. Axı bu qədər də həyasızlıq olmaz, ay oğul, get işinlə məşğul ol. Hansı yolla gəlib təpilmisən kinoya, elə bildiniz ki, burada yel əsib, qoz tökülüb.
-Əbdül bəy, görüşdəki müzakirələr əvvəlcə gizli saxlanılıb. Biz də ARKİ-nin sədri Şəfiqə Məmmədova, AKİ-nin sədri Rasim Balayev və kinorejissor Ayaz Salayevlə əlaqə saxlayıb öyrənməyə çalışdıq. Lakin cavab ala bilmədik.
-Adını çəkdiyiniz adamların kinoya nə aidiyyəti var ki?! Onlar kimdir ki?! Gəlib artistliklərini ediblər, rejissor deyib, saga dön, sola dön, bu sözü de, çəkilib gediblər, özləri üçün şan-şöhrət qazanıblar. Bunlar kinonun ləzzətini görüb, kefini çəkib, gedib öz həyatlarını yaşayanlar insanlardılar.
Kinonun içində kinonun faciəsini, pavilyonlarda, sexlərdə kinonun əzab-əziyyətini çəkməyən, dağ-dərədə canı çıxmayan insanlar kinonun içini nə bilərlər, onlar nə deyə bilərlər, nə deyəcəklər?!
Mənim iradım müvafiq qurumlaradır. Kino nə gündədir. Oradan cənab prezident pul ayırır, gəlib kinostudiyaya çatmır. Sonra bizi ittiham edirlər ki, pul ayrılıb, bəs film niyə yoxdur? Film var, uşaqlar burunlarından qan açıla-açıla, min bir əziyyətlə nəsə çəkirlər, iş görürlər. Kimlərsə kinonun adından danışır, kimlərsə kinonun adından alver edir.
-Bu sahəsindəki ittifaqlar kinonun taleyində hansısa müsbət dəyişiklik edə bilər?
-Üç cüt, bir tək kinomuz var, amma iki dənə ittifaqımız var. Neynirəm mən o ittifaqları? İttifaq var idi də, köhnə ittifaqı qoyub qaçdılar, dağıtdılar, çıxıb getdilər. İndi də irad tutanda ağıllarına gələni danışırlar. Tərbiyə yox, ədəb yox, mədəniyyət yox, kəsilən çörəyə, edilən haqq-salama hörmət yox. Bu həyasızlığın ölçüsü olmalıdır. Dünənə kimi kinoya etdikləri təxribat, xəyanət, satqınlıq hamısı yadımıdadır. İndi gəlib kinonun taleyini həll edirlər. Kinonun taleyini heç bir artist heç vaxt həll edə bilməz. Bunu kinonu çəkənlər, kinonun içində yaşayanlar, onun texnikasını, mədəniyyətini, dərd-sərini bilənlər adamlar edərlər.
Mənə görüş haqda deyəndə dedim ki, bu, “opşi vaqon”dur. Mən “opşi vaqon”a minmirəm. Kinonun hansı vəziyyətdə olması göz qabağındadır. Bu dəfələrlə dövlət səviyyəsində deyilib, cənab Prezidentə də məruzə olunub. Maliyyə naziri Samir Şərifov kinoya ayrılan 6 milyon vəsaitin taleyi ilə bağlı çox acınacaqlı proqnozlar verdi. Kimi kimdən gizləyirlər? İki ildi işə təyin olunublar, neçə adam həbs olundu, getdi. Bunu da gizlədirlər?!
Bu adamlar hərəsi bir ittifaq düzəldib, hərəsi bir özəl studiya açıb, çəkdikləri film də göz qabağındadır. Gəlib kino adından danışırlar. Kimdi onlar, hansı haqla, nə üzlə gəliblər?! Getsinlər öz vicdanları qarşısında məsuliyyət daşısınlar, sual versinlər, ondan sonra durub gəlsinlər. 5 saat nəyi müzakirə ediblər, cənab nazir 5 nəfər adamla görüşəydi, o qədər də vaxt itirməzdi, konkret də təkliflər veriləydi. Əgər bir rəhbər jurnalistdən gizlənirsə daha nə deyim?
-Siz təkliflərinizi görüşüb çatdırmaq istərdinizmi?
-Mən sağalan kimi Anar müəllimlə görüşəcəyəm. Mən orada olsaydım, deyəcəkdim ki, filankəslər yavaşca durub buradan çıxsınlar, boş-boş danışıb vaxtımızı almasınlar. Nazirin 5 saat vaxtını almağa ehtiyac yox idi. Hamı gözə girmək üçün danışır, konkret iş görən yoxdur.
-Şeyx Əbdül bəy, konkret kimləri nəzərdə tutursunuz?
-Orada iştirak edənləri nəzərdə tuturam. Bilmirəm kim nə danışıb, amma onlar 5 saat danışıblar. Orada 15-20 dəqiqəlik konkret faktlarla təkliflər verilməlidir. Əgər nəticəsi yoxdursa, bu görüşlər kimə lazımdır? Jurnalistlər zəng edirlər ki, faktiki olaraq Şuşada böyük xalq diplomatiyası, Azərbaycan xalqının taleyi həll olur ki, müharibə olmadan o torpaqlarımızı da boşaldaq. Bir dənə də mədəniyyət adamı orada yoxdur. Amma konsert veriləndə, banketdə hamısı olur.
-Bəs siz həmin aksiyada iştirak etmək istərdiniz?
-Əlbəttə, mən sağalan kimi gedəcəyəm. Bir gün də onlar getsin o soyuqda Şuşada dayansın, niyə getmirlər?!