"Ermənistan rəhbərliyi sual verməlidir – Qarabağ Ermənistana lazımdır, ya yox?”
16-12-2022, 08:34
“Rusiya İrəvanı dəstəkləməyi dayandırdığı anda Ermənistan məhv olacaq”.
Bunu rusiyalı şərqşünas, “Yaxın Şərq İnstitutu” elmi mərkəzinin yaradıcısı və prezidenti Yevgeni Satanovski deyib: “Azərbaycanın Laçın dəhlizini bağladığı və öz maraqlarını müdafiə etdiyi indiki şəraitdə Ermənistan rəhbərliyi sual verməlidir – Qarabağ Ermənistana lazımdır, ya yox?” – Satanovski vurğulayıb.
“Azərbaycan və Türkiyə münasibətlərini strateji müttəfiqliyə çatdıran bir çox sənədlər imzalayıb. Bu yaxınlarda onlar “Şuşa Bəyannaməsinə” də imza atıblar. Hazırda Laçın dəhlizində baş verənlərə gəlincə, bu barədə ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyan düşünməlidir. Ona Qarabağ, ümumən Rusiya ilə münasibətlər, KTMT lazımdırmı?” – Yevgeni Satanovski ritorik suallar ünvanlayıb.
Rusiyalı ekspert 2020-ci il müharibəsində məğlub olduqdan sonra Ermənistanda Paşinyanın 2021-ci ilin yayında keçirilən növbədənkənar seçkilərdə yenidən seçildiyinə diqqət çəkib: “Əgər bundan sonra Ermənistan təkcə Qarabağı yox, həm də öz dövlətçiliyini itirərsə, bu, Paşinyanı başçı seçənlərin problemi olacaq. Putin də daxil olmaqla, Paşinyanın əvəzinə heç kim Ermənistana rəhbərlik etməyəcək. Onu Moskvadan da dəyişməyəcəklər, biz Sovet İttifaqında deyilik” – Satanovski deyib.
Satanovski hesab edir ki, Moskva ilə İrəvan arasında münasibətlər inkişaf etmir, çünki Nikol Paşinyan Rusiyanı çərçivəyə salmaqdan başqa heç nə istəmir: “Əgər sabah fransızlar və amerikalılar şəxsən Paşinyana hər şeyin yaxşı olacağına söz versələr, o, böyük məmnuniyyətlə rus sülhməramlılarından qurtulacaq. Amma bundan sonra Ermənistanın mövcud olub-olmayacağı sual altındadır”, – Yaxın Şərq İnstitutunun təsisçisi bildirib.
“Rusiya İrəvanı dəstəkləməyi dayandırdığı anda Ermənistan məhv olacaq. Bu sadə faktı Ermənistanda kiməsə anlayırmı? Hazırda Azərbaycan ordusu Türkiyə sistemində qurulur. Azərbaycan Türkiyə ilə müqavilə bağlamış bir ölkədir və “Bir millət, iki dövlət” Proqramı hazırlanır. Əgər Ermənistan öz gələcəyini Rusiya-Türkiyə müharibəsi üzərində qurmağa hazırlaşırsa, bu, baş verməyəcək. NATO bloku ilə müharibəmiz var, amma Türkiyə ilə ayrıca savaşmayacağıq. Bu bir faktdır. Bunu Putinə təklif etmək mənasızdır” – deyə Satanovski fikirlərini tamamlayıb.