“Təhsilsiz toplumlar məhvə məhkumdur” - MÜSAHİBƏ
18-12-2022, 12:44
Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Ali Rıza Altunel: “Açılması planlaşdırılan ortaq universitetimiz qurulmuş olsaydı, bir çox azərbaycanlı gənc Türkiyəyə getmək ehtiyacı hiss etməyəcəkdi. Bu universitetin bir an öncə qurulması üçün nə lazımdırsa, etməliyik”.
Hər il ölkəmizdən yüzlərlə gənc Türkiyə ali məktəblərində təhsil almağa gedir. Qardaş ölkə “Oxumaq istəyən hər bir gəncə qapımız açıqdır”, - sözləri ilə yanaşı “Oxumayanlara heç bir güzəşt yoxdur”, - fikirlərini də şərt kimi irəli sürür. Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Ali Rıza Altunel “Kaspi” qəzetinə müsahibəsində azərbaycanlı gənclərin Türkiyədə təhsili, peşə təhsili, dünyada müasir təhsilin vəzifələri və s. mövzularda sualları cavablandırıb.
Təhsildən keçməyən yol məyusluğa aparar
- Adətən ölkələr arasında ikitərəfli münasibətlərdən danışarkən daha çox iqtisadi əlaqələri, ticari münasibətləri, investisiya yatırımını önə çəkirlər. Bəs dövlətlərin qarşılıqlı münasibətlərində təhsilin rolunu necə xarakterizə edərdiniz?
- Dediyiniz bir-birləri ilə qan və irq bağı, qonşuluq tarixi, ortaq dəyərləri olmayan dövlətlərə aiddir. Onlar öz xeyirlərini, iqtisadiyyatlarının mənfəətini düşünərək bir-birləri ilə əlaqə qururlar. Türkiyə dövlətinin Azərbaycanla ilk gündən təhsil yönümdən də, iqtisadi yöndən də mütləq əlaqə qurmağı, yardımçı olmağı gərəkli idi. Təhsil isə münasibətlərdə başda durur. “Təhsildən keçməyən yol məyusluğa aparar” kimi bir məsəlimiz var. Təhsilsiz toplumlar məhvə məhkumdur. Bu baxımdan, bizim iki ölkə arasında elm və təhsil yönümündən də əlaqənin üst səviyyədə olması təəccüb doğuracaq bir durum deyil. Hətta bir-birimizə ən çox da bu mövzuda yardımçı olmağımızın vacibliyini düşünürəm.
28600-ü keçən rəqəm
- Bu yaxınlarda “Kaspi” qəzetində Türkiyədə təhsil alan 27 min tələbənin problemləri haqqında məqalə dərc olundu. Bizim gəncləri Türkiyə təhsilinə cəlb edən əsas məqamlar hansılardır?
-Türkiyə son illər dünyanın dörd bir yanından bir çox tələbənin tibb, mühəndislik, pedaqogika, iqtisadiyyat və s. sahələr üzrə təhsil aldığı məkandır. Türkiyə təhsili dünyadakı universitetlərlə rəqabət aparacaq səviyyəyə çatıb. Bir çox universitetimizin artıq texnoparkları var. Universitetlərin yüksək səviyyəli laboratoriyaları fəaliyyətdədir, ciddi mənada araşdırma mərkəzləri mövcuddur. Bu mənada azərbaycanlı tələbələrin də Türkiyədə oxumaq istəkləri təəccüblü deyil. Bunu xüsusilə qeyd edim ki, Türkiyədəki iqtisadi şərtlər və təhsilin ucuz olması da cəlbedici faktordur. Yəni Türkiyədə xarici ölkələr üçün təhsil sahəsində imkanlar genişləndirilib. Ancaq biz Azərbaycanı əcnəbi ölkələr sırasında görmürük. Azərbaycandan övladlarımızın Türkiyəyə gəlməsi çox gözlənən haldır. Türkiyənin 81 bölgəsində universitet var. Bu ali məktəblərin hamısında Azərbaycandan gələn tələbələr oturumlarını çox rahat ala bilirlər. Səyahətləri də çox rahat olur. Hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 28600-ü keçib. Bu rəqəm artmaqda davam edir.
Müasir peşələrə yüksək maaş təklifi
- Son illər Türkiyədə tələbələr əmək bazarının şərtlərinə daha çox cavab verən hansı sahələrə üz tutur?
- Hazırda kompüter, dəzgah, elektrik mühəndisliyi kimi sahələr gənclər üçün son dərəcə cəlbedicidir. Bu sahələrdə oxuyan tələbələr böyük şirkətlərdə çox rahatlıqla yüksək maaşla iş tapa bilirlər. Bununla yanaşı, texnoloji dövrdə metallurgiya, sənaye mühəndisliyi kimi sahələr də daha çox tövsiyə edilir.
- Hazırkı dövrdə peşə təhsili əmək bazarı üçün vacib amildir. Bizim ölkəmizdə bu sahənin inkişafı diqqət mərkəzindədir. Bəs Türkiyədə bu sahə müasir əmək bazarı ilə uzlaşırmı?
- 1996-97-ci illərdə İmam Hatib liseylərini bağlamaq bəhanəsi ilə Avropa İttifaqı ölkələrinin Türkiyənin peşə təhsilinin keyfiyyətindən narahatlıqları bu sahəni zəiflətdi. O dönəmdəki təsirlərdən sonra son 20 ildə peşə təhsili ilə bağlı hökumətimiz lazımlı işlər həyata keçirir. Türkiyənin təhsil naziri peşə təhsilinə xüsusi diqqət göstərir. Peşə təhsil mərkəzlərində oxuyanların sayı 60 minə qədər enmişdi. Bu gün isə peşə təhsili mərkəzlərində 1 milyon 200 minə qədər tələbə təhsil alır. Eyni zamanda 20-ə yaxın bölgədə fəaliyyət göstərən texniki universitetlər var ki, onlar da peşə təhsili tədris edir. Peşə təhsilində zamana uyğun dəyişikliklərdən müntəzəm istifadə edilməsi, işsiz qalan gənclərin peşə təhsilinə yönləndirilməsi istiqamətində işlər daha da genişləndirilməlidir. Bu bilikləri verən universitetlərimizdən istifadə etmək istəyən azərbaycanlı tələbələr üçün heç bir sərhəd yoxdur. Yetər ki, bu sahədə də təhsil almaq istəsinlər.
Keçmişdə yaxşı olmayan bacarıqlar
- Azərbaycanda da təhsil alan türk tələbələr kifayət qədərdir. Onlar əsasən hansı sahələrdə oxuyurlar?
- Türkiyədən gəlib Azərbaycanda təhsil alan tələbələrin 90 faizə yaxını tibb, əczaçılıq, stomatologiya sahələrində oxuyurlar. Buna səbəb Türkiyədə bu ixtisaslar üzrə tələbə qəbulunda rəqabətin çox yüksək olmasıdır. Bəzi tələbələr var ki, tibb üzrə təhsil almaq istəyirlər, amma balları az olduğundan buna nail ola bilmirlər. Dövlətin dəstəyi ilə onların bir qismi Azərbaycanda, bir qismi Balkanlardakı bəzi ölkələrdə təhsil alırlar. Azərbaycanda təhsil alan tələbələrimizin sayı 3100 nəfərə yaxınlaşıb. Onların bir qismi Azərbaycan Tibb Universitetində, Gəncə və Naxçıvan universitetlərində əczaçılıq və diş həkimliyi sahələri üzrə təhsil alırlar. Təəssüf ki, əvvəl Azərbaycanda təhsil alan tələbələrimizin bir çoxu diplom təsdiqini almaqda çətinliklə üzləşirlər. Çünki Türkiyə dövləti dünyanın harasında olursa-olsun, tibb təhsili alan vətəndaşlarının ölkəyə qayıtdıqdan sonra mütləq diplomlarının təsdiqini həyata keçirir. Bunun üçün imtahan təşkil edilir. İmtahandan keçənlərin diplomu tanınır, keçməyənlərə fərqli dərslər, klinik təcrübə keçmə və ya dərs tamamlama kimi proseduralardan keçmələri ilə bağlı sənəd verilir. Təəssüf ki, bu mövzuda keçmişdə problemlər var idi. Amma bu yaxınlarda Tibb Universitetinin rəhbəri ilə görüşümdə o, bu təhsil ocağında təhsil səviyyəsini dünya standartlarına çatdırma istiqamətində çalışdıqlarını böyük bir sevinclə bildirdi. Bunlar həyata keçirildikdə bizim tələbələrin də həmin bacarıqlara yiyələnəcəyini düşünürəm.
- Türkiyədə təhsil almaq istəyən tələbələri Türkiyə dövlətinin verdiyi tələbə təqaüdü (burslar) da çox maraqlandırır. Bu təqaüdü qazanmağın şərtləri hansılardlr?
- Bizdə Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi fəaliyyət göstərir. Başda Azərbaycan olmaqla dünyanın dörd bir yanında bizə yaxın olan cəmiyyətlər var. Oradakı tələbələrə də Türkiyə Cümhuriyyəti dövlətinin imkanları çərçivəsində təqaüd verilməkdədir. Təqaüd verilməsi üzrə hər sahədə bəlli saylar müəyyənləşir. Amma hər müraciət edənə də təqaüd verilməsindən söhbət gedə bilməz.
Müsafir tələbələr də yataqxanada qalacaq
- Vətəndaşlarımızın Türkiyə təhsilindən məmnunluğu öz yerində, amma valideynlərin və tələbələrin narazı qaldıqları məqamlar da var ki, zaman-zaman eşidilir. Məsələn, təhsil haqqının artması, yataqxana (yurd) yerlərinin çatışmaması, nəqliyyat xərclərinin yüksək olması və s. Türkiyədə təhsil alan və bu arzuda olan gənclərimiz “Daha hansı güzəştlər ola bilər”, - deyə maraqlanırlar.
- Biz Türkiyədə təhsil alan bütün tələbələri “əcnəbi” yox, “müsafir tələbələr” (qonaq) adlandırırıq. Diqqət etsəniz, dövlət başçımız da belə deyir. Yataqxanalarla bağlı problem pandemiyadan sonra tələbələrimizin bir çoxunun dövlət yataqxanalarına müraciət etməsi ilə bağlı yarandı. Bizdə 8 milyona yaxın tələbə var. Onların çoxu yataqxanada qalmaq istədikdə, xaricdən gələn tələbələr üçün həmin il problem yaşandı. Onu da deyim ki, Türkiyə tələbə yataqxanalarının tutumuna görə dünyada birincidir. Dövlətimiz 400 minə yaxın tələbəyə ev sahibliyi edə bildi. Kimini yataqxanalara yerləşdirdi, kiminin problemini binaları kirayəyə götürüb yataqxanalara çevirməklə həll etdi. İstər Türkiyə vətəndaşı, istər müsafir tələbə olsun, müraciət edənlərin demək olar ki hamısını yataqxanalara qəbul etdilər. Bəzi regionlarda tədris ilinin əvvəlində yataqxana problemi çözülə bilmədi. Hazırda onlar da tədricən həll edilir. Bundan sonra inanıram ki, müsafir tələbələrimizin də hamısını qonaq edəcəyik. Təhsil haqlarının yüksək olması ilə bağlı fikirlərə gəlincə, qiymətlərdə dollarla müqayisədə artım olmayıb. Amma türk lirəsinin dollar qarşısında dəyər itirməsi ilə bağlı problem yaşanır.
- Azərbaycanla Türkiyə arasında təhsil sahəsində daha hansı yeniliklər gözlənilir?
- Azərbaycana iki aydır gəlmişəm. Düşünürəm ki, iki qardaş ölkə başda təhsil olmaqla sonuna qədər bir-birinə yardım etməlidir. Bizim ölkəmizdə də, burada da xaricilərin açdığı məktəblər var. Eyni zamanda, Türkiyə dövlətinin açdığı Bakı Anadolu Liseyi və açılması planlaşdırılan ortaq universitet layihəsi var. Mən bu layihəni həyata keçirən dövlət başçılarımıza müdrik və strateji düşünmələri üçün təşəkkür edirəm! Amma məmurlarımızın da bu layihələrə dəstək verməli olduqlarını düşünürəm. Bu universitet qurulmuş olsaydı, bir çox azərbaycanlı gənc Türkiyəyə getmək ehtiyacı hiss etməyəcəkdi. Bu universitetin bir an öncə qurulması üçün nə lazımdırsa, etməliyik.
Təhsilin təməl hədəfi
- Təkcə bilikli yox, həm də bacarıqlı, düşünə bilən insan yetişdirmək müasir təhsilin əsas məqsədlərindən biridir. Təhsil mühitimiz buna nail ola bilirmi?
- Olmalıdır… Çünki hikmət, düşünmə elmdə ən önəmli irfan qaynağıdır. Mənə görə təhsilin ən təməl hədəflərindən biri bu olmalıdır. Amma bunu nə qədər bacara bilirik? Təkcə Türkiyə üçün yox, dünya üçün deyirəm: əgər bu hikməti yaxalaya bilsəydik, bu qədər problem yaranmazdı. Dünyada mənfəətə, pul qazanmağa söykənən, iqtisadi istiqamətli sahələr inkişaf edir, amma sosial elmlərdə bunu görmürük. Cəmiyyətlər bir-birinə qarşı qərəzli hala gəldi, dünyada münaqişələr çoxaldı. Sosial mediada qeyri-insanı, qeyri-əxlaqi, elmdən, hikmətdən uzaq davranışların daha çox olduğunu müşahidə edirik. Bunun dünya üçün bir problem olduğunu düşünürəm. İnsanlıq bir ailədir. İnsan olaraq rənglərimizin fərqli olması bir-birimizi aşağılamağa və ya məhv etməyə haqq vermir. Qapı və ya ölkə qonşumuz, ümumən insanlıq yardıma, köməyə möhtacdırsa, onlara mütləq dəstək olan, hörmət göstərən gənclik yetişməlidir. Gələcək belə olmalıdır. Amma bu mövzuda təhsilin bütün dünyada uğurlu olmadığını görürük.
- Texnologiyaların təsiridirmi?
- Bu fikri qəbul etmirəm. Məncə, problem verdiyimiz təhsilin sosioloji anlamdakı problemlərin həlli məntiqində olmamasındadır. Və ya irqçiliyə dayanan təhsilin verildiyi qənaətindəyəm. Bu iki məqam güclü olanın haqlı olduğu bir dünya düzəni yaşamağımıza səbəb olub. Bu, bir təhsil problemidir. Bu, qətiyyən texnologiyalarla əlaqələndirilməli bir problem deyil. Texnologiya bizim istifadə etdiyimiz alətdir. Təəssüf ki, istər sağlıqla bağlı, istər təbii fəlakətlərdə ölkələr insana və insani dəyərlərə yatırım etmirlər. Savaş texnologiyası isə sürətlə inkişaf edir. İqtisadi anlamda dünyanın qanını içmək istəyənlərin zərurət olmayan bir çox istiqamətlərdə fəaliyyətləri həyata keçirilir. Peyğəmbərin bir hədisi-şərifi var: “Savaşlarda məscidlərə, heyvanlara, ağaclara, bitkilərə, yaşlılara, qadınlara, uşaqlara zərər verilməməlidir”. Təəssüf ki, bu gün dünyanı idarə edənlər buna fikir vermirlər. Ukraynadakı savaşa, ermənilərin Qarabağda törətdiklərinə baxdıqda bunu aydın görürük. Başda təhsil olmaqla insanlığın bu istiqamətdə formalaşması gərəkdir.