“Tərtər işi”: Ölkə rəhbərliyi seçim qarşısında (MÜSAHİBƏ)

23-12-2022, 08:29           
“Tərtər işi”: Ölkə rəhbərliyi seçim qarşısında (MÜSAHİBƏ)
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin cümə günü keçirilən plenar iclasında çıxışı zamanı “Tərtər işi” məsələsinə toxunub. O deyib ki, Respublika Baş prokurorluğunun qərarı ilə Ermənistana casusluq adı ilə məhkum edilən 19 şəxsə bəraət verilməsi, nəhayət, ədalətin qələbəsidir. Zahid Oruc bu işdə adı keçən məmurları tənqid edib. Deputat deyib ki, bu işdə əli olan şəxslərin hər biri məsuliyyət daşıyırlar. Deputat Hərbi prokurorluğu ləğv etməyi də təklif edib.

Deputat Qənirə Paşayeva da Tərtər hadisələri ilə əlaqədar aparılan istintaq nəticəsində bəraət alanlardan bəhs edib və vaxtilə hərbçilərimizlə bağlı saxta qərarlar çıxaranları ittiham edib. Bildirib ki, günahsız insanlarla bağlı cəsusluq ittihamı ilə qərar çıxaranlar, bu prosesdə iştirak edənlər təkcə o hərbçilərin özlərindən, ailə üzvlərindən deyil, həm də deputatlardan üzr istəməlidirlər.

“Tərtər işi” barədə parlament tribunasından fikirlər eşitmək, bu hadisəni törədənlərin tənqid olunması nadir sayıla biləcək hadisədir. Burdan belə nəticə çıxarmaq olar ki, artıq deputatlar da bu barədə danışırlarsa, demək ki, yaxın vaxtlarda bu əməli törədənlər barəsində hansısa ciddi qərarlar alına bilər.

Təhlükəsizlik məsələləri üzrə ekspert, siyasi şərhçi Ərəstun Oruclu bu barədə ASTNA-nın suallarını cavablandırıb.

* * *

Sual: Ərəstun bəy, parlamentdə “Tərtər işi” ilə bağlı fikirlərin, çağırışların, bu işdə əli olan məmurlara qarşı tənqidlərin səslənməsi nədən xəbər verir?

Cavab: İlk növbədə onu qeyd etmək istərdim ki, Tərtər qətliamı nəticəsində dövlətə xəyanət ittihamı ilə şərlənərək həbs olunmuş 40-dan yuxarı hərbçimizin üzərindən bu ittihamın götürülməsi və onların mütləq əksəriyyətinin bəraət alması Azərbaycan tarixində olmamış bir hadisədir. Hərçənd ki, cinayətin özü də eynilə nadir bir təxribat idi. Nəinki biz bu qəddar cinayəti ictimailəşdirməyə başlayanda, yəni 4-5 il əvvəl və ya 1 il əvvəl təkrar istintaq təyin olunanda və hətta bir ay əvvəl belə bunun olacağına az qala heç kəs inanmırdı. Elə o zaman da cinayətlə bağlı ilk yazımda onun açılmasının və hüquq müstəvisində araşdırılmasının siyasi iradədən asılı olacağını göstərmişdim. Artıq bu gün əminliklə demək olar ki, Tərtər qətliamına hüquqi qiymət verilməsi istiqamətində atılmış addımlar birmənalı olaraq siyasi iradənin nəticəsidir. Parlamentdə səslənən çağırışlar da həmin siyasi iradənin ifadəsinin əlamətləri idi. Bu yerdə ədalət naminə deməliyəm ki, əvvəllər də bir neçə deputat bu cinayət barədə danışmışdı, amma bu dəfə olduğu qədər açıq ünvanlar göstərməklə yalnız Fazil Mustafa və Vahid Əhmədov danışmışdılar. Son çıxışlar isə daha çox anons xarakterli idi, baxmayaraq ki, həmin çıxışlarda nədənsə tez-tez cinayəti törədənlərə xitabən “üzr istəsinlər” kimi çağırışlar səsləndirilirdi.

Sual: Ola bilərmi biz yaxın vaxtlarda həmin məmurlardan kimlərinsə vəzifədən azad olunduğunu və ya həbs olunduğunun şahidi olaq? Yoxsa, sadəcə bir üzrlə qənaətlənəcəklər?

Cavab: Tərtər qətliamı Azərbaycan dövlətinə və xalqına qarşı törədilmiş ağır cinayətdir, ölkəmizə qarşı aparılan hibrid müharibənin tərkib hissəsidir, o, dövlətin və xalqın mövcudluğunu təhlükə altına atan xaricdən planlaşdırılaraq həyata keçirilmiş məkrli təxribatdır. Və buna görə üzrlə kifayətlənmək? Nə deyim?! Elə deputatların bu tipli çağırışları da insanlarda xeyli çaşqınlıq və sərt reaksiyalar doğurdu. Çünki bir tərəfdən “indi göründü dövlətə xəyanət edən kimdir” söyləyib, digər tərəfdən də “üzr istəyin!” deyə çağırış etmək bir qədər qəribə görünür. Bəli, Tərtər cinayətini törədənlər dövlətə xəyanət ediblər və buna görə də cəzalarını ölkə qanunvericiliyində nəzərdə tutulmuş şəkildə almalıdırlar. Odur ki, təkcə vəzifədən azad edilənlər deyil, həbs olunanlar və uzun müddətə həbs cəzası alanlar da olacaq. Ən azı belə olmalıdır. Bunun nə zaman olacağını demək isə asan deyil, amma düşünürəm ki, nə qədər tez olarsa bir o qədər də ölkə üçün az ağrılı olar.

Sual: Bu addımlar qurulmuş ssenari üzrə sadəcə insanları sakitləşdirmək üçün atılan addım ola bilərmi?

Cavab: Bu cür ssenari mənə inandırıcı görünmür. Yuxarıda qeyd etdiyim kimi, bugünkü nəticənin olacağına çox az insan inanırdı, amma nəticədə 40-dan yuxarı insanın üzərindən ağır ittihamlar götürüldü və əksəriyyəti də bəraətverici əsaslarla. Belə bir qərar da məntiqli suallar doğurur. İlk və ən əsas suallar isə bunlardır: – 6 ilə yaxın həbsdə qalan onlarla və işgəncələrə məruz qalan yüzlərlə, nəhayət vəhşicəsinə öldürülən 14 insana, onların özlərinin və ailə üzvlərinin keçməli olduqları ağır mənəvi, maddi və fiziki iztirablara görə kim cavab verəcək? Nəhayət, dövlətə vurulan ziyana, xalqa yaxılan çirkin böhtana görə kim məsuliyyət daşıyacaq? Cavab isə aydındır: cinayətin sifarişçiləri, təşkilatçıları və icraçıları. Onların kimlər olduğu isə aparılan davamlı ictimai müzakirələrin sayəsində artıq az qala hər kəsə adbaad bəllidir. Aparılmış hərtərəfli istintaq isə əminəm ki, həmin şəxslərin hər birinin cinayətdə iştirak və buna görə məsuliyyət payını asanlıqla müəyyən edəcək. Nəhayət, əgər sakitləşdirmək üçün atılmış addım olsaydı onda ən azı bu sayda bəraət qərarı olmazdı. Məsələ əfv sərəncamı və ya başqa bir yolla həll olunardı.

Sual: Sizcə, bu işin tam açılması üçün hakimiyyətin siyasi iradəsi varmı?

Cavab: Bu mərhələyə qədər baş verənlər dediyim kimi, məhz siyasi iradənin nəticəsidir və məncə növbəti addımlar üçün də artıq zəmin yaradılıb. Amma bunu da qəbul etməliyik ki, hər şey bizim istədiyimiz kimi sadə və birmənalı deyil.Bir tərəfdən Azərbaycan ətrafında yaranan geosiyasi durum bu işin tam açılmasını diqtə edir, digər tərəfdən isə həmin amil həm də müəyyən risklər yaradır. Bu halda da hakimiyyət seçim etməlidir: ya Tərtər cinayətini törədənlər təcili zərərsizləşdiriləcək və hakimiyyət xalqdan birmənalı geniş dəstək qazanacaq, ya da ona (hakimiyyətə) yaranmış etimad və inam itəcək. Odur ki, burda qərar verən hakimiyyətin özü olacaq. Məncə hakimiyyətdə məsələni tam da olmasa, xeyli dərəcədə çözmək üçün siyasi iradə var və əgər o varsa deməli, yaxın zamanlarda görünəcək. Amma bir həqiqət artıq tam aydındır ki, Tərtərdə hərbçilərimizə qarşı törədilmiş qeyri-insani vəhşiliklər və dövlətə qarşı xəyanət artıq hər kəsə bəllidir. Bu isə hakimiyyət üçün ciddi qərar vermək baxımından seçim anı deməkdir. Aydındır ki, son qərarlardan narazı olan cinayətkar dəstə hakimiyyətə diş qıcayır və bunu görməmək mümkün deyil. Amma bir şey daha aydındır: hər kəsin gözlədiyi ədalətli qərarı verən hakimiyyət bütövlükdə xalqın dəstəyini qazanacaq. Belə dəstəyi olan hakimiyyətə isə diş qıcayanların aqibəti bəllidir.

Sual: Sualı belə də qoya bilərdik. Sizcə, bu iş yaxın vaxtlarda tam açıqlığı ilə gün üzünə çıxacaqmı?

Cavab: Bəli, yaxın vaxtarda tam açıqlığı ilə gün üzünə çıxacaq və bunun üçün zəruri olan bütün addımlar da artıq atılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.