“Bəlkə kimsə çəkib, xəbərim yoxdur?!”

23-12-2022, 09:55           
“Bəlkə kimsə çəkib, xəbərim yoxdur?!”
“Çox istərdim ki, sosial şəbəkələrə dövlət nəzarəti olsun. Ələxsus da tik-toka. Mənim də tik-tokda profilim var, amma mən orada öz işlərimdən, öz sahəm haqda paylaşımlar edirəm. Əlimdə səlahiyyət olsaydı böyük məmnuniyyətlə tik-toku bağlayardım. Ora sözün əsl mənasında zibilxanadır. Siz də bağışlayın, qadınlar çılpaq fotolarını qoyub, nömrələrini yazırlar. Min oyundan çıxırlar. Belə şey olar?! Bu düzgündür?! Böyüyən uşaqlar, müasir gənclik onlardan hansı tərbiyəni götürəcək?!”

TEREF.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında “Qaraca qız” filminin Xədicəsi Leyli Axundova deyib.

“Üzdəniraqları ortalığa çıxarıb, bizə nümunə çəkirlər. Onların evlərini, maşınlarını reklam edirlər. Dolayısı yolla da olsa uşaqlara demək istəyirlər ki, siz də belə olun. Bu biabırçılıqdır. O bunu söyür, bu onu. Bu ona pozğun deyir, o buna. Efirlərə çıxmamağımın da səbəbi bu cür hallardır. Mən utanıram, o efirə necə çıxım? Çıxım nə danışım?! Müğənnilər efirə çıxıb plastik əməliyyatlarından danışır. Açıq-açığına deyir ki, filan yerimi kəsdirib, filan yerimə calamışam. Böyük-kiçik yoxdur! Bir dəfə mənə də demişdilər ki, dodağın silikondur. Götürüb 4 yaşındakı şəkilimi onlara göstərdim. Dedim ki, 4 yaşında da dodaqlarım silikon idi?! Mən indiyə qədər əməliyyat etdirməmişəm, sadəcə olaraq bəzən alnıma qırışlara görə botoks vurdururam. Sosial verilişləri aparan aparıcılar da özlərini elə göstərirlər ki, elə bil bu ölkədə hər şeyi onlar həll edir. Bütün qurumları bağlasınlar, versinlər həmin aparıcılara. Madam ki, problemləri onlar həll edə bilirlər” deyə Leyli Axundova bildirib.

Leyli Axundova uşaq filmlərinin olmamasından da gileylənib.

“İndi uşaq filmləri var ki? Bəlkə kimsə çəkib, xəbərim yoxdur?! Qaldı o illərdə! Rejissorlarda həvəs yoxdur, yaxud da onlar bu cür işlərə pul xərcləmək istəmirlər. Otel tikirlər, restoran açırlar, amma film çəkmirlər. Başa düşmürəm ki, onlar bu gün nəyə qiymət verirlər?! Bu hal məni çox üzür, nəinki məni, hamını üzür. Uşaqlar da bütün günü qalıblar telefonda. Gözləri artıq kor olub. O vaxt hansı uşaq eynək taxırdı ki?! 100 nəfərdən biri eynək taxa bilərdi. Bu gün hamısının gözü zəifləyib” deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.