Qarabağda vəziyyət dəyişir: “Silaha əl atmalı olacağıq” - Başqa yolu YOXDUR!
27-12-2022, 09:56
Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.
Teref.Az onunla müsahibəni təqdim edir:
- Separatçılar Xankəndidə növbəti mitinq keçirdilər. Mitinqdə çıxış edən separatçı Ruben Vardanyan Azərbaycana “savaş” elan etdi, hədəflərinin “müstəqillik” olduğunu dedi. Hadisələr bundan sonra hansı məcrada davam edə və Azərbaycanın ona cavabı necə ola bilər?
- Bu mitinq və oradakı radikal ab-havadakı çıxışlar, üstəgəl, Vardanyanın “son nəfəsinə qədər Azərbaycana qarşı mübarizə” aparacağı ilə bağlı fikirləri vəziyyəti kifayət qədər gərginləşdirir. Azərbaycan indiyədək məsələləri siyasi yolla, diplomatik müstəvidə çözməyə çalışırdı. Çünki bütün dünya və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etmək səyləri və vətəndaşlarımızın Xankəndi-Şuşa yolundakı dinc aksiyalarına tamam başqa münasibət görürük və bu da vəziyyəti dəyişir.
Vəziyyətin dəyişməsi onunla bağlıdır ki, separatçılara dəstək verən və onları ruhlandıran dövlətlərin sayı artıb. Əlbəttə, burada ilk yerləri Rusiya, Fransa və Ermənistan tutur. Ermənistan bu məsələ ilə bağlı Azərbaycana müəyyən vədlər verməsinə baxmayaraq, separatçıların hərəkətə keçmələri üçün zəmin yaratmağa çalışır. Bu durumda Laçın yolunun separatçı və təxribatçı məqsədlərə xidmət edəcək səviyyədə açılmasından söhbət gedə bilməz, yol humanitar məqsədlər üçün açıqdır.
Azərbaycan Laçın yoluna nəzarəti gücləndirmək üçün burada sərhəd və gömrük məntəqələrinin qoyulmasına ciddi ehtiyac var. Paralel olaraq, bu ərazilərdə hələ də qalmaqda davam edən Ermənistan ordusunun tör-töküntülərinə qarşı antiterror tədbirlərinə başlanılmalıdır. Həmin qüvvələrin yerləşdirildikləri ərazilərdə demək olar ki, Rusiya sülhməramlıları yox dərəcəsindədir. Bu məqamdan istifadə edərək, həmin ərazilərimizdə suverenliyimizi bərpa və torpaqlarımıza soxulmuş terrorçu dəstələri yox etmək üçün bütün imkanlardan istifadə edilməlidir. İrəvana da Qarabağdakı durumla bağlı xəbərdarlıq edilməlidir ki, burada vəziyyətin gərginləşməsi Ermənistan-Azərbaycan münasibətlərinə də təsir edir, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını ləngidir.
Beynəlxalq təşkilatlarla, ilk növbədə BMT ilə ciddi iş aparılmalıdır. Çünki məlum oldu ki, BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı reallıqla uzlaşmayan xeyli məsələlər gündəmə gətirilib. Bu saxta məlumatlar əsasında da Azərbaycana qarşı ittihamlar səsləndirilib. Bunları nəzərə alaraq, bütün kanallar vasitəsilə bu yöndə ciddi iş aparılmalıdır və bölgədəki durumun səhih və düzgün şəkildə BMT və digər beynəlxalq təşkilatlara çatdırılmasına səy göstərilməlidir.
Son mitinqdən və oradakı çıxışlardan sonra Ruben Vardanyan və Araik Arutyunyanı dayandırmaq üçün mütləq silaha, lokal xarakterli olsa da hərbi əməliyyatlara ehtiyac olacaq. Azərbaycan bunu etməkdən çəkinməməli, hətta beynəlxalq təşkilatların birtərəfli qınaqlarını bir kənara qoyaraq, öz ərazi bütövlüyünün tam bərpası istiqamətində praktiki addımlar atmalıdır.
- Brüsseldə gedən danışıqlar ilin sonunadək sülh müqaviləsinin imzalanacağına ümid yaratmışdı, ABŞ da bu yöndə səy göstərirdi. Amma hadisələr birdən-birə bu yerə gəlib çatdı. Sizcə, bu prosesi kim pozdu?
- Bu haqda danışarkən, iki ölkənin adını cəsarətlə çəkmək olar. Onların birinci və ya ikinci yerə qoyulmasına da ehtiyac yoxdur. Məsələn, Fransa Prezidenti Makron diplomatik nəzakət gözləmədən, açıq şəkildə Azərbaycanı ittiham edirsə, Rusiyanın siyasi dairələri bunu kamuflyaj edərək və ya gizli formada edir. Rusiya üzdə bir söz, arxada başqa söz deyir, sülhməramlılarına isə tamam başqa tapşırıqlar verir.
BMT də bu məsələdə çox destruktiv mövqe tutur. BMT-nin Azərbaycanda qaçqınlar üzrə xüsusi missiyası var. Amma onlardan müəyyən məlumatları almaq əziyyətini çəkmək istəmirlər. Eləcə də Azərbaycanın rəsmi qurumlarına müraciət edərək, onların mövqelərini də öyrənməyə həvəs göstərmirlər.
Azərbaycanın BMT-dəki nümayəndəsi bu qurumun Təhlükəsizlik Şurasının son iclasında baş verənlərlə bağlı ətraflı məlumatları təqdim etsə də, şuranın daimi və qeyri-daimi üzvləri buna önəm vermədilər. BMT Təhlükəsizlik Şurasının toplanmasında Fransanın fəal rolu oldu.
Azərbaycana qarşı mənfur planlar quran bəlli dairələr ölkəmizin əleyhinə apardıqları qaralama kampaniyasını daha da genişləndirmək fikrindədirlər. Bununla da bu nüfuzlu beynəlxalq təşkilata və onun erməni işğalı ilə bağlı məlum qətnamələrinə kölgə salmağa çalışırlar. Bir sözlə, müəyyən dövlətlər Qarabağ məsələsi ətrafındakı münasibətləri gərginləşdirməklə, bu bölgədə özlərini qorumaq üçün təminat axtarırlar, yaxud Cənubi Qafqaza soxularaq, dominat rola sahib olmaq istəyirlər.
Böyük dövlətlərin bölgə uğrunda rəqabəti ciddi qarşıdurmaya gətirib çıxarır. Bölgədə yeni, ilk mərhələdə lokal, ikinci mərhələdə geniş antiterror əməliyyatlarının əlamətləri özünü açıq şəkildə göstərir.
- Sizə görə, ehtimal olunan bu savaş Ermənistanla Azərbaycana arasında olacaq, yoxsa Ukraynaya bənzər qlobal bir prosesdən söhbət gedir?
- Ukraynaya bənzər bir durumun yarana biləcəyi qənaətinə deyiləm. Amma Ermənistanın Azərbaycanın öz suverenliyini bərpa etmək üçün başlayacağı mümkün antiterror əməliyyatlarına öz qüvvələri ilə müdaxilə ehtimalı var. Rusiya sülhməramlıları isə əvvəldən ikibaşlı oynayırlar, sırf ermənipərəst mövqe tutublar. Bundan sonra da onların hansı mövqedə dayanacaqlarını proqnozlaşdırmaq o qədər də çətin deyil.
Birinci mərhələdə Rusiyadan hədələrin və beynəlxalq təşkilatlardan həyasız bəyanat və dəyərləndirmələrin arta biləcəyini proqnozlaşdırmaq olar. Zənnimcə, Azərbaycan onlara qarşı obyektiv və təsiredici izahat işi qurmaqla bu işdə çəkingən davranmamalıdır, hücum diplomatiyası həyata keçirməlidir.
Vardanyan kimi dələduz, quldur, Qarabağda doğulmayan bir nadürüstün Azərbaycana meydan oxumasına imkan verməməliyik. Ya özü ərazilərimizdən çıxıb getməlidir, ya da xüsusi əməliyyatla onun zərərsizləşdirməyə nail olmalıyıq. Qaradan başqa rəng yoxdur.
Laçın yoluna nəzarətimizi daha da gücləndirməliyik. İndiyədək ictimaiyyət nümayəndələri burada dinc aksiya keçirirdilərsə, bundan sonra Azərbaycanın müvafiq strukturları da bu işə cəlb edilməlidir. Bununla Laçın yolu tam nəzarətə götürülməli, daha sonra isə Qarabağın qalan ərazilərində də Azərbaycanın suverenliyinin tam bərpa edilməsinə çalışılmalıdır.