“Vəzifəyə təyin olunan məmurları əvvəl psixoloji dispanserə göndərib, yoxlatmaq lazımdır ki…”
28-12-2022, 00:06
“Təbii ki, vəzifəyə gələn adamlar xalqı düşünən, ağılı başında olan və özündən əvvəlkilərin aqibətindən nəticə çıxaran adamlar olmalıdır”.
Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq şairi Vahid Əziz deyib.
Onun sözlərinə görə, vəzifəyə təyin olunan məmurları əvvəlcə psixoloji dispanserə göndərib, yoxlatmaq lazımdır:
“Çünki bir adam ki, özündən əvvəlkilərin bada getdiyini görür, amma buna rəğmən onun etdiklərini təkrar edirsə, deməli, o, normal insan deyil. Əgər, sənə etibar edilirsə, bu inamı doğrultmalısan”.
“Bizim insanlar elə bilirlər ki, onları vəzifəyə ona görə qoyurlar ki, onlar hamıdan ağıllıdır. Halbuki, onları vəzifəyə ona görə qoyurlar ki, vaxtıykən orada olub. Yəni, kimisə vəzifəyə qoymaq xalqa xidmət üçündür. Xarici ölkələrdə kimisə vəzifəyə qoyanda, bunu özlərinə şərəf bilirlər ki, xalqa, vətəndaşa xidmət etmək imkanı əldə ediblər. Amma bizdə bəzi insanlar vəzifəyə qoyanda, bunu yanlış anlayırlar”-xalq şairi vurğulayıb.
Vahid Əziz əlavə edib ki, elə işləmək lazımdır ki, vəzifədən uzaqlaşanda xalq üzünə tüpürməsin, hörmətlə yanaşsın:
“Mənə elə gəlir ki, vəzifəyə təyin olunan adamların tamah dişlərini çıxarıb, sonra vəzifəyə qoymaq lazımdır. Çünki onlar bir şey bilmlədir ki, ölkənin dəmir yumruqlu sahibi var. O dəmir yumruq isə təkcə düşmənin başına yox, yoldan çıxan istənilən adamın başına dəyə bilər”.