Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi və Ali Məclisin sədri: İki fərqli idarəetmə institutu?
28-12-2022, 08:17
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Bu barədə dövlət başçısı İlham Əliyev dekabrın 22-də fərman imzalayıb.
İlham Əliyev bu gün Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqda sərəncam imzalayıb. Fuad Nəcəfli “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasının üzvü olub, həmçinin “Pasha Holding”də də çalışıb. 47 yaşlı Fuad Nəcəfli əslən Naxçıvan MR-in Şahbuz rayonunun Kolanı kəndindəndir. İndiyədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ölkədə “Xan”, “Naxçıvan xanı” adlandırılırdı. O, dekabrın 21-də öz vəzifəsindən istefa verib.
Naxçıvan Muxtar Respublikasına qanunvericiliyə görə Ali Məclisin sədri rəhbərlik etməlidir. İndi səlahiyyətli nümayəndəlik institutunun təsis edilməsi və səlahiyyətli nümayəndə təyin olunması bir sıra suallar ortaya çıxarır. Belə ki, Ali Məclisin sədri istefa verdikdən sonra Ali Məclis özünə yeni sədr seçməlidir. Belə olduğu halda idarəetmə kimdə olacaq? Ali Məclisin sədrində, yoxsa səlahiyyətli nümayəndədə?
Teref.az yazır ki, bu məsələlərə aydınlıq gətirmək üçün ASTNA hüquqşünas, Huqüq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənova suallar ünvanlayıb.
* * *
Sual: Hafiz bəy, Naxçıvan Muxtar Respublikasına prezident özünün səlahiyyətli nümayəndəsini təyin etdi. Nümayəndəliyin yaranması üçün fərman verdi, daha sonra şəxs təyin etdi. Qanunvericilik, Konstitusiya buna imkan verirmi?
Cavab: Prezidentin bu fərmanı Konstitusiyanın Prezidentin səlahiyyətlərini müəyyən edən 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq verilib. Həmin bənddə Prezidentin qanunverici və məhkəmə hakimiyyətinin səlahiyyətlərinə aid edilməyən digər məsələlərin icra qaydasında həll edlməsi nəzərdə tutulur. İndiki halda adıçəkilən fərmanda nəzərdə tutulan məsələlərin heç də hamısı icra qaydasında həll edilən məsələlər deyil. Burada Naxçıvan MR-in Ali vəzifəli şəxsinin səlahiyyətləri, funksiyaları ilə toqquşan məsələlər yer alıb. Bunlar isə, 109-cu maddənin 32-ci maddəsində nəzərdə tutulan qanunverici və məhkəmə hakimiyyətinin səlahiyyətlərinə aid edilməyən digər məsələlərin icra qaydasında həll ediləcək məsələlər deyil.
Bundan başqa, Konstitusiyada idarəetmə forması kimi səlahiyyətli nümayəndəlik institutu Konstitusiyada nəzərdə tutulmayıb. Konstitusiyaya görə hakimiyyətlər bölgüsü sistemində icra hakimiyyətinin sturukturu ali icra hakimiyyəti, yuxarı icra hakimiyyəti, mərkəzi icra hakimiyyəti və yerli icra hakimiyyəti orqanları kimi nəzərdə tutulub. Yəni, Konstitusiyada nə regional icra hakimiyyəti orqanı, nə də regional idarəetmə orqanı nəzərdə tutulub. Prezidentin bu fərmanı ilə isə, Konstitusiyada nəzərdə tutulmayan regional icra hakimiyyəti də yox, regional idarəetmə orqanı (strukturu) yaradılıb. Belə ki, səlahiyyətli nümayəndəlik özünün səlahiyyətləri və funksiyaları baxımından regional idarəetmə orqanıdır (regional icra hakimiyyəti orqanı yox).
Digər tərəfdən səlahiyyətli nümayəndəliyin Əsasnaməsinə görə bu qurum Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsi hesab edilir. Regional idarəetmənin ali icra hakimiyyəti orqanı tərəfindən birbaşa həyata keçirilməsi Konstitusiyaya uyğun hesab edilə bilməz.
Bununla bağlı onu da qeyd edək ki, deyilə bilər ki, Konstitusiyada səlahiyyətli nümayəndəliklə bağlı normaların olmaması o demək deyildir ki, belə struktur yarada biməz, yaxud qanunla qadağan edilməyən hərəkətlər edə bilər.
Hesab edirəm ki, belə yanaşma da bu məsələdə düzgün hesab edilə bilməz. Çünki, Konstitusiyanın 71-ci maddəsinin IX-cu hissəsinə görə “hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər” prinsipi vətəndaşlara aid edilib, dövlət orqanlarına yox. Eyni zamanda, həmin maddənin X-cu hissəsində deyilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. İndiki halda səlahiyyətli nümayəndəliyin səlahiyyətləri və funksiyaları yalnız icra hakimiyyətinin səlahiyyət və funksiyalarından ibarət deyil.
Bunlardan əlavə, Naxçıvan MR-in Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edilib. Bu da adıçəkilən fərmanın Konstitusiya Qanunu ilə təsdiq edilmiş Naxçıvan MR Konstitusiyasına uyğunuğu məsələsəni gündəmə gətirir.
Həmçinin, onu da qeyd edim ki, Konstitusiyaya görə dövlət hakimiyyəti orqanları arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr Konstitusiya Məhkəməsi tərəfindən həll edilməlidir. Hesab edirəm ki, bu cür məsələlərə Konstitusiya Məhkəməsi tərəfindən münasibət bildirilməlidir.
Sual: Konstitusiyaya görə Naxçıvana rəhbərlik edən şəxs Muxtar Respublikasının Ali vəzifəli şəxsidir və bu, Naxçıvan Ali Məclisinin sədridir. Doğrudur hələlik bu post boşdur. Amma bu vəzifəyə yeni seçkilərdən sonra idarəetmədə qarışıqlıq yaranmayacaqmı? Yəni iki fərqli idarəetmə institutunun olması idarəetmədə qarışıqlıq yaratmayacaqmı?
Cavab: Proseslərin gedişi Naxçıvan MR Ali vəzifəli şəxsi postunun yaxın vaxtlarda tutulacağını deməyə əsas vermir. Ancaq bütün hallarda bu post həm AR Konstitusiyası, həm də Naxçıvan MR Konstitusiyasında təsbit olunub və gec-tez tutulmalıdır. Təbii ki, bu vəzifə tutulacağı halda, Ali vəzifəli şəxsin və səlahiyyətli nümayəndənin səlahiyyət və funksiyalarının həyata keçirilməsində müəyyən qarışıqlıq yaranacaq.
Sual: Təxminən ötən ilin əvvəlində biz Prezidentin xüsusi səlahiyyətli nümayəndəlik institutunun yaradılmasının şahidiyik. O vaxtlar belə fikirlər vardı ki, yaxın vaxtlar Kostitusiya dəyişiklikləri olacaq və bunun nəticəsində islahatlar aparılacaq. Köhnə idarəetmə institutu sayılan İcra hakimiyyətləri ləğv olunacaq və bu yeni idarəetmə üsulu tətbiq olunacaq. Ancaq bunun Naxçıvan Muxtar Respublikasına şamil olunması suallar doğurur. Çünki Naxçıvanın idarəetməsi iki Konstitusiya ilə tənzimlənir. Həm Azərbaycan Respublikasının, həm də Muxtar Respublikanın. İndi necə olacaq? Hakimiyyət idarəetməni dəyişmək üçün yaxın vaxtlarda Konstitusiya dəyişikliklərinə gedə bilərmi?
Cavab: Əvvəlcə onu qeyd edim ki, bundan əvvəl regionlarda yaradılan qurumlar Prezidentin xüsusi nümayəndəlikləridir. Hazırda Naxçıvan MR-də yaraılan qurum isə, xüsusi nümayəndəliyi deyil, Prezidentin səlahiyyətli nümayəndəliyidir. Səlahiyyətli nümayəndəlik səlahiyyətlər və funksiyalar baxımından xüsusi nümayəndəliklərdən daha çox statusa malikdir. Proseslərin gedişi göstərir ki, hazırda idarəetmə daha çox mərkəzləşdirilmə prinsipi üzrə qurulur. Yəni, regional idarəetmə, bir sıra hallarda isə yerli idarəetmə ali icra hakimiyyəti tərəfindən həyata keçirilir. Bu isə, demokratik hüquqi dövlətin prinsiplərindən olan idaəetmənin əks-mərkəzləşməsi prinsipi ilə uyğunluq təşkil etmir. Bu tendensiya onu deməyə imkan verir ki, ola bilər ki, gələcəkdə idarəetmədə ciddi islahatlar həyata keçirilsin. Ancaq indiki halda, bunun hansı qaydada ediləcəyini proqnozlaşdırmaq mümkün olmur.
Sual: Sizcə, bu dəyişiklik idarəetmədə hansısa müsbət nəticələr gətirə bilərmi? Təcrübə nə deyir? Bundan əvvəlki işğaldan azad olunmuş rayonlara tətbiq olunan bu yeni idarəetmə institutunun hansısa müsbət işartıları varmı?
Cavab: Müsbət təcrübə kimi idarəetmənin operativliyini göstərə bilərəm. Yəni bu cür idaəetmə daha çevik və birbaşa idarəetməyə imkan verir ki, bu da problemləri daha tez həll etməyə imkan yaradır. Ancaq bu cür idarəetmənin dayanıqlı, təkmil və demokratik idarəetməyə gətirib çıxara biləcəyi sual altındadır. İndiki halda artıq müəyyən müddət tətbiq olunan xüsusi nümayəndəlik institutlarının səmərəliliyi barədə də ictimai açıqlamalar verilməyib.
Sual: Təklifləriniz nədir?
Cavab: Öncə onu qeyd edim ki, Naxçıvan MR-də idarəetmə və mərkəzi hakimiyyətin bu bölgə ilə münasibətləri ilə bağlı həm AR Konstistusiyasında, həm də Naxçıvan MR Konstitusiyasında dəyişikliklər aparılmalıdır.
Eyni zamanda hesab edirəm ki, ölkədə idarəetmə sahəsində dərin islahatlar aparılmalıdır. İdarəetmədəki paralellik aradan qaldırılmalı, icra strukturlarında ciddi ixtisarlar aparılmalıdır. İcra hakimiyyəti institutları regionalı əhatə etməli və yerli idarəetmə bütövlükdə insanlara daha yaxın olan yerli özünüidarə orqanlarına verilməlidir. İdarəetmədə hesabatlılıq daha çox xalq qarşısında olmalı və kadrlar ədalətli rəqabət əsasında bacarıqlarına uyğun seçilməlidir. Bütün bunların fövqündə isə, qanunun aliliyi və hamının qanın qarşısında bərabərliyi təmin edilməlidir.