Zərdüşt Əlizadədən İLGİNC FAKTLAR: - “Vasif Talıbov “havalandı”

28-12-2022, 17:13           
Zərdüşt Əlizadədən İLGİNC FAKTLAR: -
“Sherg.az” tanınmış politoloq Zərdüşt Əlizadə ilə ölkə gündəmini müzakirə edib.

TEREF.AZ söhbəti təqdim edir:

-Öncə, cənub qonşumuzdan başlayaq. Bir müddət öncə İran dövlət kanalları və rəsmiləri Azərbaycan əleyhinə bəyanatlar verdilər, “qulağımızın dibi”ndə hərbi təlimlər keçirdilər. Molla rejimi niyə və nədən narahatdır?

- İran daha təlim keçirmir. O təlimdən sonra Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri, doktor Əliəkbər Vilayəti Vilayəti dedi ki, Azərbaycan xalqı gözümüzün nurudur. Bu sözdən sonra hesab eləmək olar ki, gərginlik sovuşdu.

-Ötənlərdə Qarabadakı erməni separatçılarına təlim keçməyə gedən 12 nəfər İran xüsusi təyinatlısı saxlanılıb. Buna nə ad verək?

- Həmin təlimçilərlə bağlı qiymətləndirmə aparmalıyıq. Onların hərbi gücü nədən ibarətdir? 12 nəfərdirlər. Lap gəlib, ermənilərə təlim keçsinlər. 12 təlimçi 200 separatçıya təlim keçsin. Qarabağda 2min 500 erməni silahlısı var. Qoy, onların arasında 200-ü təlim keçsin, döyüş qabiliyyətini artırsın. Bunun hərbi balansa təsiri varmı? Qarabağda 50 minlik ordumuz var, onlar qüvvələr nisbətinə təsir edə bilməyəcəklər. Bu mənada əndişəyə ehtiyac yoxdur.

-Millət vəkili Qüdrət Həsənquliyev təklif irəli sürmüşdü ki, ölkəmizin adını dəyişib, “Şimali Azərbaycan” qoyaq. Bu realdırmı?

- Ölkə adının dəyişdirilməsini təklif edən adamın Azərbaycanın məfkurə dünyasında hansısa bir xidmətləri olubmu? Bu təklifin əhəmiyyəti yoxdur. “Mən də varam”dan başqa bir şey deyil. İranın dağılacağı , Güneyin, İrandan qopub, quzeyə birləşəcəyinə dair “peyğəmbərlik” edənlər var. Belə adamlara sual verirəm: -İran dövlətinin neçə yaşı var? Şahın dövründə İranın 2 min 500 illiyini qeyd etdilər. Ondan sonra inqilab oldu. İran nüfuzunu Yəmən, İraq, Suriya və başqa ölkələrə yaya bildi, amma son illər daxildəki qüsurları aradan qaldıra bilmədilər. Bu qüsurların ucbatından ölkə daxilində gərginliki yarandı. Həm də etiraf edək ki, Amerikanın tətbiq etdiyi sanksiyalar da İranın neft və qaza söykənən layihələrini çökdürdü. İran iqtisadiyyatında problemlər yarandı. Əhali artımı baş verdi, iqtisadiyyat zəiflədi. Üstəgəl, rejimin bəzi mənasız qadağaları var. Bunlar kommunistlərin qadağalarına bənzəyir. O vaxt kommunistlərə deyirdilər ki, qadağaları aradan qaldırın. Etmədilər. Buna görə də dövr onları götürüb tarixin zibilliyinə atdı. İran rejimi də qadağalar tətbiq edir və bu da camaatı qəzəbləndirir. İnsanlar küçələrə axın edib, aksiya keçirirlər.

-Fikirlərinizdə İrana loyallıq elementləri sezilir...

- İrana münasibətim müsbətdir. Din, qan, mədəniyyət baxımından bizə yaxın dövlətdir. Eyni zamanda bu dövlətin mənasız yasaqlarını qəbul etmirəm. Qadınlardan zorla baş örtüyü tələb edirlər. Mənasızdır. İslam baş örtüyü ilə deyil, insanın qəlbinin saflığı ilə ölçülür. Bununla yanaşı, düşünürəm ki, İranın çökəcəyini, o taylı, bu taylı “Böyük Azərbaycan”ın qurulacağını xəyal edənlər, gedib, “Böyük Ermənistan” deyənlərin aqibətinə baxsınlar. İndi hansı vəziyyətə düşüblər? Bu, Azərbaycana lazım deyil. Əlbəttə, İrandakı Azərbaycan əhalisi ilə sıx əlaqələr saxlamaq istəyirlərsə, bunun yeganə həlli Avropa yoludur.

-Məsələn?

- Mehribanlıq və inteqrasiya yolu. Sərhədlər şəffafdır, gediş-gəliş sərbəstdir. Cənubi Azərbaycanda yaşayan azərbaycanlılarla əlaqə qurmaq istəyirsinizsə, ticarət, qohumluq əlaqəsi yaradın. İranla dost olun, sərhədləri açsın, vizanı götürsün. Bir neçə dəfə bu ölkəyə gedib-gəlmişəm. Gedin, Təbriz, Qəzvin, Urmiya, Ərzincanda gəzin, dolaşın. Azərbaycanlılarla danışın, müştərək iş qurun. Bunun üçün dövləti dağıtmaq fikrindən uzaq durun, xeyir gətirməz. İranın dağılmasını hansı ölkə istəyir? ABŞ. Amerika müsəlman xalqlarının dostudur? O cümlədən, Azərbaycanın dostudur? Xeyir. ABŞ istəyir, İran da onlara tabe olsun. Səüdiyyə Ərəbistanı kimi onların diktəsini qəbul etsin. Səüdiyyənin ABŞ yanında hörməti onun neft və qazının həcminə bərabərdir.

-İran Qafanda konsulluq yaratdı, Azərbaycan isə İsraildə səfirlik açdı. Bu siyasi gedişin qlobal “kod”larını açardınız. Yəni məlum prosesdə xarici qüvvələrin “əli” varmı, yoxsa bu, iki ölkənin bir-birinə əzələ nümayişidir?

-Azərbaycan hakimiyyəti rəsmi Tehranın İsraillə həssas münasibətini nəzərə alaraq, rəsmi Təl-Əvivlə iqtisadi, ticari əlaqələr qurmuşdu, amma diplomatik münasibətlər formalaşdırmamışdı. Buna rəğmən İsrailin Bakıda səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan dövləti İranın mövqeyini nəzərə alıb, həssaslıq nümayiş etdirirdi. İran isə bu jestə hörmət etmədi və Ermənistana silahlı dəstək verdi, erməni separatçılara təlim keçdi, Azərbaycanı hədələdi. Sonra Qafanda konsulluq açdı. Hərçənd ki, bu konsulluğa ehtiyac yox idi. Çünki orada heç bir İran vətəndaşı yaşamır. Konsulluq o yerdə açılır ki, həmin ərazidə ölkə vətəndaşlarının hansısa ciddi təmsilçiliyi olur. Qafanda isə iranlı yoxdur. Onlar orada konsulluq açıb, bizi hiddətləndirdilər, bununla da mesaj vermək istədilər ki, Qafanı Ermənistan ərasizi kimi tanıyırlar. Onlar bizim siyasətimizə hörmət etmədilər, Azərbaycan hökuməti də gedib, İsraildə səfirlik açdı. Dünya dağılmadı ki?! Sadəcə münasibətlərə aydınlıq gətirildi. Biz də siqnal ötürdük ki, siz bu cür davam etsəniz, biz də öz addımlarımızı atacağıq. Bizə hörmət etmədilər, biz də hörmət etmədik, vəssalam.

- Bir yandan İranın ölkəmizə təzyiqi, digər yandan rus sülməramlıların Azərbaycan toponimlərini tanımamaları, öz missiyalarını ləyaqətlə yerinə yetirməmələri, ərazilərimizdə ekoloji terror törətmələri, sərvətlərimizi talamaları, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmələri, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair rəsmi İrəvanın çabaları var. Bütün bu prosesdə Türkiyənin yeri və rolu nədən ibarətdir?

- Türkiyə xırda işlərə baş qoşmur. Rəsmi Ankara strateji olaraq Azərbaycana deyib ki, sənin yanındayam. Biz də heç bir ölkədən ehtiyat etmirik. Bilirik ki, Türkiyə kimi güclü müttəfiqimiz var. Türkiyə regional dövlətdir. NATO ölkəsidir, oturuşmuş dövlətdir. Onun regionda böyük nüfuz sahibi olmasını dostları da, bədxahları da etiraf edir. Türkiyə kimi böyük dövlətin xırda məsələlərə qarışmağa ehtiyacı yoxdur.

-Niyə sülməramlılar Azərbaycana qarşı terrorməramlı addımlar atırlar?

-Onlar Qarabağda qalmaq istəyirlər. Qarabağda qalmaları üçün zəmin və səbəb olmalıdır. Onların qalma səbəbləri Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat verməkdir. Rusların Qarabağda qalmasına ehtiyacın qalmadığını göstərmək üçün bizə barış lazımdır. Erməni xalqı, dövləti və Qarabağın erməni əhalisi ilə barışmalıyıq.

- Axı biz dəfələrlə “barış əli” uzatmışıq, əlimizə əl vermirlər...

-Barışın əsas yolu bundan keçir ki, sadə ermənilərlə danışmalıyıq. Onlara başa salmalıyıq ki, barışığa gəlsələr, vəziyyətləri indikindən dəfələrlə yaxşı olacaq. Vədlər vermək lazımdır.

-Nə kimi vədlər?

-Açıq deməliyik ki, sizə bu qədər maaş, müavinət veriləcək. Azərbaycanın pulu çoxdur. Vaxtilə Azərbaycanda yaşamış ermənilərə deyin ki, bu illər ərzində cinayətkar rejimin əsiri idiniz, amma indi Azərbaycan vətəndaşlığını qəbul etsəniz, illər ərzində yığılıb qalan müavinət və ya təqaüdlər özünüzə qaytarılacaq. Azərbayana qayıdan kimi biz onu sizə ödəyəcəyik. Bu da ermənilər üçün xeyli vəsait edir. Bunu eşidən erməni razılaşacaq. Orada camaat çox kasıbdır. Varlılar da var, amma azdır. Ermənilər yoxsul yaşayırlar. Belə olan halda ermənilər Araikin yaxasından yapışıb deyəcəklər ki, imkan ver, pulumuz gəlsin. Hesab edirəm ki, Azərbaycan hökuməti savaş potensialından istifadə etdiyi kimi, barış potensialından da istifadə etməlidir.

-Bəs Fransa bizdən nə istəyir?

-Azərbaycan Fransa prezidenti Emmanuel Makronun hər sayıqlamasına fikir verməli deyil. Rəsmi Parisin gücü olsa idi, Mərkəzi Afrika ölkələrində öz nüfuzunu qoruyub saxlayardı. Saxlaya bilmədi, bilmir. Mərkəzi Afrika ölkələri onları qovurlar. Fransız əsgərlər oradan qaçırlar. İndi Fransa ordusu gəlib, Azərbaycanda nə edə bilər ki? Qoy danışsın da. Makron kimi siyasətçiyə yarım qəpiklik də hörmət etmirəm. Fransanı sevirəm, fransız xalqına hörmətim var. Amma Makrona rəğbətim yoxdur. Nə vaxt xalqın arasına çıxır, camaat şillələyir. Qoy, şillələsinlər qollarına qüvvət.

-Son günlər ölkə gündəmini zəbt edən məsələlərdən biri də Naxçıvanda və keçmiş “xan” Vasif Talıbov ətrafında baş verən proseslərdir. Həmçinin muxtar vilayətin ləğvi aktuallaşıb...

- Vasif Talıbov özünü dik aparırdı. O həm xalqı əzirdi, həm də Bakıdakı hakimiyyəti tanımırdı. 1995 -ci ildə konsitutsiyaya Naxçıvan Müxtar Respublikası “dövlətdir” sözü əlavə olundu. Halbuki dövlət içində dövlət olmaz. Vasif Talıbov da bu sözdən havalandı. İndi ona başa salırlar ki, sən dövlət başçısı deyildin, muxtar respubikanın rəhbəri idin, əndazəni, həddini bil. Bu dövlətin bir başçısı, bir qanunu, bir paytaxı var. Sən də o qanunlara tabe olmalı idin. Kim əndazəni aşır, onu var-yoxdan çıxarırlar və nəticədə işlər qaydasına düşür.

-Naxçıvanın muxtariyyəti ləğv oluna bilərmi?

- Xeyr, Naxçıvanın muxtariyyəti beynəlxalq müqavilələrlə təsbit edilib. Onu Türkiyə, Rusiya və Azərbaycan respublikasının özü tanıyıb. Muxtariyyəti ləğv etməyəcəklər, amma rəhbərlikdə və strukturda ciddi dəyişikliklər aparılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.