Sankt-Peterburqda “qeyri-rəsmi Qarabağ”... - vasitəçisiz Azərbaycan-Ermənistan danışıqları başlaya bilərmi?
29-12-2022, 09:15
Politoloq: “Ermənistan bu qədər asılı olmasaydı və müstəqil qərar qəbul etmək imkanında dövlət olsaydı, bəlkə sülh sazişi də imzalanmış olardı”
Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının Sankt-Peterburqdakı qeyri-formal sammiti çərçivəsində Əliyev-Putin-Paşinyan görüşü keçirilib. Hansı ki, əvvəlcədən belə bir təmas olacağı gözlənilmirdi, Kremlin sözçüsü Dmitri Peskov üştərəfli görüşün nəzərdə tutulmadığını bildirmişdi. Hətta Kreml təmsilçiləri onu da etiraf etmişdilər ki, üçtərəfli görüşə Ermənistan razı deyil. Niyə, nə üçün - bunu Ermənistan tərəfi açıqlamamışdı. Ancaq sammit çərçivəsində qeyri-rəsmi olsa da Əliyev-Putin-Paşinyan arasında danışıq olub. Bu barədə Putin Paşinyanla görüşündə açıqlama verib. Lakin tərəflərdən heç biri bu haqda rəsmi açıqlama ilə çıxış etməyib, detallar açıqlanmayıb.
Politoloq Asif Nərimanlı hesab edir ki, Putinin açıqlaması “Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərində vasitəçiliyini davam etdirdiyini” göstərməyə hesablanıb: “Görüşdə Putinin dediyi kimi, Cənubi Qafqazdakı vəziyyət, Bakı-İrəvan münasibətləri müzakirə edilir. Lakin əsas mövzunun Laçın yolu ilə bağlı olduğu ehtimalı böyükdür. Və bəllidir ki, Əliyev öz mövqeyindən geri çəkilməyib: Birincisi, Laçın yolunda aksiya davam edir və sülhməramlıların "mülki ermənilər"dən istədiyi iki gün vaxt başa çatdı: mümkündür ki, Əliyevin Sankt-Peterburq səfərində məsələnin həll ediləcəyini düşündükləri üçün belə bir vədlə çıxış ediblərmiş; İkincisi, Paşinyanın Putinlə görüşdə dediyi “belə çıxır ki, sülhməramlılar Laçın dəhlizinə nəzarət etmir” sözləri üçtərəfli görüşdə İrəvanın istədiyini almadığını göstərir".
Hər halda, bu görüşdə hansısa bir nəticə olması, yaxud gələcək proseslərə hansısa təkan veriləcək müzakirələrin olduğunu düşünmək sadəlövhlük olardı. Faktiki olaraq Ermənistan özünü “küsmüş”, heç nə və heç kimlə razılaşmayacaq görkəmində aparır. Paşinyanın son davranışları bunun sübutudur. Mümkündür ki, Ermənistan Fransadan belə təlimat alıb.
Bəs bundan sonra nə olacaq? Hansı formatda görüş keçirilməlidir ki, bir nəticəyə nail olunsun? Faktiki olaraq Rusiya Ermənistana heç bir təsir göstərə bilmir, İrəvanda da anti-Rusiya prosesi başlayıb. Ümid Avropayadırmı? Danışıqların canlanması üçün hansı addımlar atılmalıdır və bunu hansı qütb edə bilər? Və ən vacib bir məqam: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə belə təklif irəli sürmüşdü ki, Azrbaycan və Ermənistan vasitəçisiz danışıqlarda konkret nəticələrə nail ola bilər. Bu variantda Türkiyənin də töhfələri ola bilər, o baxımdan ki, Ankara-İrəvan münasibətlərində paralel irəliləyişlər həyata keçirilə bilər. Güman etmək olarmı ki, ikitərəfli təmaslar, danışıqlar baş tutacaq? Rusiya, Qərb buna imkan verərmi?
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Sankt-Peterburq görüşündən əvvəl mətbuatda Dmitri Peskova istinadən üçtərəfli görüşün olmayacağı xəbəri yayılmışdı: "Belə bir açıqlamanın olmasına baxmayaraq qeyri-formal da olsa üçtərəfli görüşün keçirilməsi maraqlıdır. Orada müzakirə olunan məsələlərin çərçivəsi bəllidir. Xüsusilə son dövrlər Laçın yolunda keçirilən aksiya ilə bağlı məsələnin Nikol Paşinyan tərəfindən qaldırılacağı şübhəsiz idi. Belə də oldu. Ancaq məsələ burasındadır ki, Paşinyan bu məsələni qaldırsa da belə, görünür, istədiyinə nail ola bilməyib. İkinci müzakirə olunan məsələnin isə Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması və Zəngəzur dəhlizinin açılması olduğunu söyləmək mümkündür. Ermənistanın son dövrlər sülh prosesindən faktiki olaraq imtina etməsi və danışıqlardan yayınması isə gözlənilən idi. Çünki Ermənistan müstəqil qərar qəbul etmək iqtidarında olan dövlət deyil. O, gah Rusiyanın, gah Fransanın, gah da ABŞ-ın, həmçinin İranın sifarişi ilə hərəkət edir, qərarlarını verilən sifarişlərə uyğun qəbul edir. Əgər Ermənistan bu qədər asılı olmasaydı və müstəqil qərar qəbul etmək imkanında dövlət olsaydı, bəlkə sülh sazişi də imzalanmış olardı, yaxud da Azərbaycanla heç bir vasitəçi olmadan sülh danışıqları aparardı və konkret qərarlara gəlinərdi. Vasitəçilərin iştirakı ilə sülh danışıqlarında bütün formatlar faktiki olaraq sınanıb. Rusiya-Azərbaycan-Ermənistan formatı, Avropa İttifaqı-Azərbaycan-Ermənistan formatı və ABŞ-ın təşəbbüsü ilə keçirilən görüşlər olub. Lakin hələ heç biri sülh sazişinin imzalanmasına gətirib çıxarmayıb. Qərbin vasitəçiliyi ilə keçirilən görüşlərdə prosesdə müəyyən irəliləyişlər müşahidə olunmuşdu, amma oktyabr ayından etibarən Ermənistan bəhanələrlə bu prosesi də pozmağa başladı. Rusiyanın vasitəçiliyini isə son bir ayda Ermənistanla Rusiya arasında açıq-aşkar soyuqluğun müşahidə olunması sual altına qoyub. Son dövrlər Ermənistan tərəfindən Rusiyaya qarşı sərt tənqidlər, hətta şantajlar artıq Rusiya tərəfindən cavabsız qalmır. Bu isə onu göstərir ki, tərəflər arasında münasibətlər kifayət qədər gərgindir və gərginlik açıq müstəviyə keçməkdədir. Belə vəziyyətdə isə təbii ki, Moskvanın vasitəçiliyi də sual altına düşür”.
Politoloq qeyd etdi ki, ən optimal yolu Türkiyə Prezidenti təklif edir: “Təklif edilir ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli təmaslar, danışıqlar reallaşdırılsın. Yuxarıda qeyd etdiyimiz kimi, əgər Ermənistan müstəqil qərarlar qəbul etmək imkanında olan dövlət olsaydı, vasitəçisiz ikitərəfli danışıqlar prosesi başlaya və bu prosesin müsbət nəticələri ola bilərdi. Sadəcə olaraq, Ermənistana Azərbaycanla ikilikdə danışıqlar aparmağa imkan, icazə verilmir. Ermənistan əslində sülhə deyil, revanşa hazırlaşır. Hərbi büdcəsini artırır, müxtəlif ölkələrdən silahlar almaq üçün danışıqlar aparır, müqavilələr bağlayır. Ermənistan hakimiyyətinin təmsilçiləri, müxalifət, siyasətçilərinin əksəriyyəti revanşist əhval-ruhiyyədə yaşayırlar. Ermənistanın iki yolu var. Ya savaşda yenidən ağır zərbə alır və masaya oturur, ya da revanş istəklərindən əl çəkib konstruktiv yol seçərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkir və sülh müqaviləsini imzalayır. Amma mən düşünürəm ki, Ermənistan buna getməyəcək. Ermənistan bu gün iki hadisənin nəticələrini gözləməkdədir ki, buna uyğun siyasətini müəyyən eləsin. Bunlardan biri Rusiya-Ukrayna müharibəsinin nəticələri, ikincisi isə Türkiyədə gələn il keçiriləcək prezident seçkilərinin nəticələridir”.