"Ölkəmizdə qanunçuluğun vəziyyəti ürəkaçan deyil" - "Məhkəmə islahatları aparılmadan iqtisadi təşəbbüslər nəticə verməyəcək"

3-01-2023, 09:54           
"Ölkəmizdə qanunçuluğun vəziyyəti ürəkaçan deyil" -
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib. Həmin müsahibəni təqsim edirik:

- Qüdrət bəy, ölkəmiz üçün 2022-ci ilin ən əlamətdar hadisəsi nəyi hesab edirsiniz?

- Naxçıvanın Azərbaycanın yurisdiksiyasına qaytarılmasını və yerli sakinlərin azadlığını.

- 2023-cü ildən gözləntiləriniz nədir?

- Ümid edirəm, 2023-cü ildə vəziyyət bütün istiqamətlərdə yaxşıya doğru inkişaf edəcək. Böyük uğurlara da imza ata bilərik, amma bu, regiondakı geosiyasi vəziyyətdən asılı olacaq.

- Böyük uğular deyəndə nələri nəzərdə tutursunuz?

- Birincisi, Qarabağda dövlət suverenliyinin və ərazi bütövlüyümüzün tam bərpa edilməsini. İkincisi, dövlət quruculuğu və iqtisadi sahədə ciddi islahatların həyata keçirilməsini.

- Geosiyasi vəziyyət islahatların həyata keçirilməsinə nədə mane olur?

- Xatırlayırsınızsa, bir dəfə İlham Əliyev çıxışlarının birində demişdi ki, hərdən düşünürəm ki, bəlkə bir az yavaşlayaq. O zaman çoxları öz ağıllarına, bəziləri isə öz mövqelərinə uyğun bu açıqlamanı şərh etməyə başladı. Əgər bizim ərazi bütövlüyümüzlə bağlı problemimiz varsa və islahatlar Qarabağın hüquqi baxımdan da bizdən qoparılmasına, ölkə daxilində xaosa, siyasi qarşıdurmalara yol aça bilərsə, deməli, bir az tələsməmək başa düşüləndi. Gürcüstan, Ukrayna və Ermənistan nümunələri göz önündədir. O da nəzərə alınmalıdır ki, biz müsəlman ölkəsiyik. Qərb bu ölkələri müdafiə etdiyi kimi bizi müdafiə etmir və etməyəcək, ərazi bütövlüyümüzün bərpasında da maraqlı deyil.

- Əlverişli şərait yaranarsa, islahatlar istiqamətində ilk növbədə hansı addımlar atılmalıdır?

- İlk növbədə dövlətin idarə olunmasında hakimiyyət bölgüsü prinsipinə real məzmun verilməlidir. Dövlət idarəetməsində "checks and balances" adlanan bu prinsipin mahiyyəti ondan ibarətdir ki, hakimiyyətin qanadları (qanunverici, icra və məhkəmə) qarşılıqlı nəzarət və balanslaşdırma əsasında fəaliyyət göstərirlər. Bizdə parlamentin hökumət üzərində nəzarəti yoxdur. 2002-ci ildə "Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanunu qəbul etmişik, amma qanunla müəyyən edilmir ki, Milli Məclis Nazirlər Kabinetinə etimadsızlıq göstərsə bu hansı hüquqi nəticə doğurur. Yaxud, məhkəmələrin özünüidarə orqanı olan Məhkəmə Hüquq Şurasının (MHŞ) başında hökumətin üzvü, ədliyyə naziri dayanır. O isə təqribən bir il öncə mətbuata verdiyi açıqlamada bildirmişdi ki, MHŞ fəaliyyəti dövründə 13 hakimi vəzifəsindən kənarlaşdırıb, 104 hakimə isə töhmət verilib. Bu rəqəmlər 2022-ci ildə bir qədər də böyüyüb. Sanki uşaq tərbiyə edirlər. Bu gün mövcud qanunvericiliyə görə, prezident ağır cinayət törətdikdə impiçment qaydasında vəzifəsindən kənarlaşdırıla bilər. Bu prosesdə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Milli Məclis iştirak edir. Hakimiyyətin digər qanadlarının təmsilçilərini isə intizam məsuliyyətinə cəlb etməklə vəzifəsindən kənarlaşdırmaq olar. Müqayisə üçün bir misal çəkim: Məsələn, ABŞ-da federal hakimlər Senatın razılığı ilə Prezident tərəfindən ömürlük hakim vəzifəsinə təyin olunur. Onlar impiçment qaydasında vəzifələrindən kənarlaşdırıla bilər. Əvvəl Nümayəndələr palatası qərar qəbul etməli və həmin qərar Senatda 2/3 ( üçdə iki ) səs çoxluğu ilə təsdiq olunmalıdır. Onların maliyyə müstəqilliyi üçün aldığı maaş isə ayda 20 min dollardan çoxdur. Bir məqamı da xüsusi olaraq qeyd etmək istəyirəm: ABŞ-da 200 ildən artıq zaman kəsiyində cəmi 7 hakim impiçment qaydasında vəzifəsindən kənarlaşdırılıb.

Ölkədə qanunun aliliyini yalnız müstəqil və güclü məhkəmə hakimiyyəti təmin edə bilər. Güclü məhkəmə hakimiyyətinin olmadığı ölkələrə xarici investorlar böyük məbləğdə maliyyə yatırmırlar və mülkiyyətə təminat olmadığı üçün yerli iş adamları valyutanı ölkədən müxtəlif yollarla çıxarırlar.

İkinci istiqamət iqtisadi islahatlardır. Bu gün vergi və gömük orqanlarında şəffaflıq artırılıb, inzibatçılıq təkmilləşdirilib. Bu səbəbdən, büdcə daxilolmaları artıb. 2023-cü ildə 30.72 milyardlıq büdcə gəlirlərinin 6.4 milyar manatını mənfəət vergisi kimi hüquqi şəxslər ödəcəyək. Amma dövlətin nəzarətində olan iqtisadiyyatın əsas sahələrinin (istehsal və xidmət sahəsində fəaliyyət göstərən dövlət müəssiələrinin) birlikdə nə qədər mənfəət vergisi ödəməsi büdcə zərfində birbaşa göstərilmir. Çünki onlar ya rentabelli deyillər, ya da az gəlirlə işləyirlər. Bir çox dövlət müəssisələrinin borcu büdcə vəsaitləri hesabına qaytarılır, onlar müxtəlif vergi və rüsumlardan azad olunurlar. Bəzən kömək məqsədilə onlara, hətta dövlət büdcəsindən də vəsait ayrılır. Vəziyyəti dəyişmək üçün həmin müəssiələri özəlləşdirib ədalətli rəqabət mühitinə əsaslanan bazar iqtisadiyyatına keçid təmin edilməlidir. İqtisadi inkişaf naziri hakimiyyət daxilindəki nüfuzundan istifadə edib Prezidenti həm buna, həm də məhkəmə islahatlarına inandırmalıdır. Məhkəmə islahatları aparılmadan iqtisadi sahədəki istənilən təşəbbüs ciddi nəticələr verməyəcək. Mikayıl Cabbarov savadlı hüquqşünas kimi bunu bilməmiş deyil. Mən "İqtisadi məhkəmələrin" adının dəyişdirilib "kommersiya məhkəməsi" qoyulması, yaxud 3 illik sınaq müddəti başa çatan təcrübəsiz hakimlərin yuxarı instansiya məhkəmələrinə hakim təyin edilməsini "məhkəmə islahatları" kimi təqdim etməkdən danışmıram.

Yeri gəlmişkən, 10 milyon insanın qeydiyyatda olduğu ölkədə 1 milyon 200 min məhkəmə qərarı bir il ərzində icraya yönəldilirsə və latent cinayətkarlığı (yəni mövcud olub qeydə alınmayan) da nəzərə alsaq deməli, ölkəmizdə qanunçuluğun vəziyyəti ürəkaçan deyil. Bu barədə də ciddi müzakirələrin açılmasına ehtiyac var.

- İqtidar belə bir islahatları həyata keçirə bilərmi?

- Geosiyasi reallıqlar imkan versə və siyasi iradə olarsa, bu mümkündür. İslahatların gözlənilən nəticələri verməsi üçün bir neçə amil vacibdir. İqtisadi baza, xalqın qismən də olsa islahatlara hazır olması və sabitliyi təmin edə biləcək güclü iqtidar olmalıdır. Şükür Allaha ki, bizdə bunların hamısı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.