“Qızdan həm bakirəlik, həm cehiz, həm uşaq, bir sözlə, hər şey tələb olunur”
4-01-2023, 00:02
Günümüzün ən aktual problemlərindən biri ailə məsələsidir. Müşahidə və faktlar göstərir ki, son illər yeni qurulmuş ailələrin bəzilərində xoşagəlməz hadisələr baş verir, boşanma-ayrılma halları gün-gündən artır.
Ailələrin dağılması tək bir ailənin yox, bütövlükdə cəmiyyətin narahatlığına səbəb olur. Bəziləri boşanmaları dəstəkləsə də, bir qisim insanlar bunun cəmiyyətin əsrlərdir formalaşmış milli-mənəvi dəyərlərinə zərbə vurduğunu iddia edir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bu gün bir çox gəncin başqalarının acığına, yaxud ailədən canını qurtarmaq üçün ailə qurduğunu bildirib:
“İndiki gənclər, ümumiyyətlə, nə iş görürsə, özünü sübut etmək üçün sanki yarışa çıxıb. Evlənmək məsələsi bura aiddir. Bir-birinin bəhsinə, qonşuya, qohuma sübut etmək üçün, bir çox halda da ailədən qurtulmaq, azad olmaq üçün evlənənlər var. Ata anaların tez-tez dediyi "Ərə gedərsən, özün bilərsən, ərin bilər, mənim evimdə olmaz" kimi cümlələr bəzən düşünülməmiş evliliklərə səbəb olur.
Hazırda xanımların böyük qismi azad olmaq üçün ərə gedir. Amma ailə böhranı deyilən məsələ var. Bu, bütün evkiliklərdə baş verir. Evliliyin 1.5 ilindən, 5-7-10-15-20 ta ki təqaüdə çıxana qədər cütlüklər böyük böhranlar yaşayır. Sevgi ilə evlənib ailə dəyərlərinin nə olduğunu anlayanlar bu böhranları arxada qoyur,ailəni qoruyub saxlaya bilir, bu da çox az rast gəlinir. Başını qurtarmaq üçün evlənənlər yenə qurtuluş üçün münasibəti bitirir”.
Psixoloqun sözlərinə görə, evlilik haqqında qanunda müəyyən dəyişikliklərin edilməsi vacibdir:
“Bu yaxınlarda bir ana qızı ilə gəlib. Qızın döyülməkdən üzündə salamat yer qalmayıb. Döyülməsinə səbəb isə yorğunluqdan şikayət etməsi olub. Ana deyir ki,əcəb olub döyülüb, ərinə şikayət etməsin.
Anaya sual verirəm, qızınızdan bezmisiniz? Deyir, o nə sözdür, yox. Problem həmişə olub, sadəcə əvvəl cəsarət yox idi, indi isə hamı özünü başqaları ilə müqayisə edir və “niyə dözməliyəm”, - deyir.
Ümumiyyətlə, düşünürəm ki, evlilik qanun-qaydalarında da boşluqlar var. Evlilik öncəsi ciddi qaydalar tətbiq olunsa, insanlar nəyə addım atdıqlarını və sonra nəyi itirdiklərinin fərqində olarlar.
Ailəyə ən çox ziyan vuran səbəb isə müdaxilələr, xəyanətlər və yersiz qadağalardır.
Asanlıqla əldə olunan hər şeyin dəyəri olmaz. Düşünürəm ki, bizim ölkədə lap biabırçı vəziyyətdir. Qızdan həm bakirəlik, həm cehiz, həm uşaq, həm gəlinlik, həm qulluqçuluq, bir sözlə, hər şey tələb olunur. Boşayanda isə əlinə ər evində qazandığı uşaqları verirlər ki, di get.
"Gəlin" sözünün mənası nədir? Getdiyi digər evə uyğunlaşana qədər onun qonaq olması deməkdir. Ola bilər ki, bu uyğunlaşma 2 il çəksin, ola bilər heç vaxt uyğunlaşmasın. Bu, qonağa necə baxmaqdan aslıdır. Fikrimcə, evliliklə bağlı qanunlar birmənalı şəkildə dəyişməlidir”.