"Xalqımız bilmədi ki, düşmənlə mübarizə aparsın, yoxsa xəstəliklə..."

4-01-2023, 12:08           
"Xalqımız bilmədi ki, düşmənlə mübarizə aparsın, yoxsa xəstəliklə..."
“2-3 il əvvəl bir çox stresslər yaşadıq. Müharibə bir yandan başladı, pandemiya bir yandan. Xalqımız bilmədi ki, düşmənlə mübarizə aparsın, yoxsa xəstəliklə. 2022-ci ildə nisbətən rahat nəfəs aldıq. Təkcə öz şəxsi həyatımdan bəhs etmək istəmirəm, çünki elə bir dövrə gəlmişik ki, cəmiyyətdə nə hadisələr baş verirsə insanın şəxsi həyatına da təsir edir. İctimai həyatla şəxsi həyatımız da bir-birindən ayrılmaz olub. Ukraynada olan müharibə də mənə çox pis təsir göstərdi. Çünki bizim özümüz də müharibə dövrünü yaşamışıq. Mən yaşda olan insanlar iki müharibə görüb. Hələ ki, biz qalib ölkə olsaq da əxlaqsız qonşumuzun əlindən arxayın nəfəs ala bilmirik. Bir insanın ki, qonşusu axmaq olar, o sizcə rahat yaşaya bilər?! Hal-hazırda sərhəddə baş verən hadisələr də bizi narahat edir. İnşallah ki, 2023-cü ildə hər şey yolunda gedər”

TEREF.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Naibə Allahverdiyeva deyib.

“Sənət həyatımda hər şey olduğu kimi öz yolunda getdi. Qeyri-adi bir şey baş vermədi. Uzun illərdir ki, Gənc Tamaşaçılar Teatrında işləyirəm. Teatrımızın baş rejissoru Mehriban Ələkbərzadə bu günlərdə “VXA” (“Vətən xainlərinin arvadları”) adlı tamaşanı təhvil verdi. 70 nəfərdən ibarət olan tamaşada mən də iştirak edirdim. Çox gözəl, möhtəşəm tamaşa idi. Dünya o qədər rəngini dəyişib, boz rəng alıb ki, insan nədənsə zövq ala bilmir. Arzu edirəm ki, 2023-cü il bütün dünyanın insanları üçün düşərli il olsun. Dünyamıza sülh, ölkəmizə toy-bayram arzu edirəm. 2023-cü il mənim yubileyimə təsadüf edir. Özüm də dovşan iliyəm. Düzdür, bu il boz dovşan ilidir, mən ağ dovşan iliyəm (gülür). Özümə də can sağlığı arzu edirəm. Gözəl bir filmdə, yaxud da serialda, həmçinin də tamaşada rol almaq istəyirəm” deyə aktrisa bildirib.

Xalq artisti bildirib ki, artıq gələn dəvətləri dəyərləndirəcək.

“Bir-iki dəfə filmə və seriala dəvət etmişdilər. Çəkilməməyimin səbəbi qonorar oldu. İndiyə qədər gözləyirdim, seçirdim ki, peşəkar rejissorların işlərində çəkilim. İnsanların məni gözəl bir işdə görməklərini istəyirdim. Bizim artıq istedadlı gənc rejissorlarımız yetişməkdədir. Yəqin ki, mən də çəkilərəm. Gözəl bir tarixi serialda çəkilmək istəyirəm” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, məşhur və parıldayan simaları bu aləmdə çox sevmirlər.

“İndiyə qədər özüm öz ayaqlarım üzərində dayanmışam. Bizim sənət çətindir. Zamanında görürlər ki, parıldayırsan, başlayırlar sənin üçün ssenari yazıb, səni sənətdən uzaqlaşdırmağa, unutdurmağa. Görün vaxtilə bizim nə qədər sənətkarlarımız sənətdən uzaqlaşdılar. Halbuki onlar bizə bu gün lazım idilər. Sənəti kimdənsə öyrənirsən, sənət məktəb tələb edir. Bizim sənətimiz də zərgər dəqiqliyini sevir. Küçədən adam tapıb seriallara çəkməklə sənət olmur” deyə xalq artisti bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.