İranı dəyişəcək son zərbə: Molla rejimi üçün geri sayım başladı – Müsahibə

7-01-2023, 10:18           
İranı dəyişəcək son zərbə:
Politoloq Qabil Hüseynli Teleqraf.com-a müsahibə verib.

Teref.az onunla müsahibəni təqdim edir.

- Separatçı Ruben Vardanyan Xankəndi (Xocalı) hava limanının açılması təklifi ilə çıxış edib. Sizcə, separatçılar Azərbaycanın icazəsi olmadan buna əl atarlarmı və bunu etsələr, onlara cavabımız necə ola bilər?

- Əvvəla, bu aeroport Azərbaycan ərazisindədir və yalnız bizim icazəmizlə fəaliyyətə başlaya bilər. Yəni Azərbaycanın icazəsi olmadan bunu həyata keçirmək mümkün deyil.

Separatçıların xülyasına gəldikdə, Xocalı hava limanından təyyarə qaldıra bilməyəcəklər. Yalnız vertolyotlardan istifadə edə bilərlər. İndi bununla bağlı verdikləri açıqlamalar sırf “psixoloji müharibə” xarakteri daşıyır. Amma bu yöndə belə bir avantüraya əl atsalar, o zaman aeroportdan qalxan və ya ora enən vasitələr Azərbaycan ordusu tərəfindən anındaca məhv ediləcək. Artıq Azərbaycan bununla bağlı xəbərdarlıq edib. Xocalı aeroportu Azərbaycan ordusunun yerləşdiyi yüksəkliklərdən ovuc içi kimi görünür.

- Ermənistan hökumətinin Qarabağdakı Rusiya sülhməramlılarına “BMT mandatı”nın verilməsi yönündə işə başladığı haqda məlumat yayılıb. Rus hərbçilərinə beynəlxalq mandatın verilməsi ehtimalı nə qədərdir? Azərbaycan buna razı olarmı?

- Bunu zənn etmirəm, mümkünsüzdür. Sülhməramlılara BMT mandatının verilməsi üçün Azərbaycanın razılığı lazımdır. Çünki sülhməramlılar Azərbaycan ərazisində yerləşir. Bu məsələnin Ermənistana heç bir aidiyyəti yoxdur. Mandatın verilməsinə gəldikdə, Azərbaycanla bununla bağlı razılıq yoxdur. Yəni Azərbaycan BMT-yə müraciət etməyib və etməyəcək.

Üstəgəl, BMT və digər beynəlxalq təşkilatlarda Rusiyaya etimadın tam itdiyi və onun ciddi şəkildə təcrid edildiyi bu dövrdə hansı cəhd edilir-edilsin, həmin qüvvələrə sülhməramlı mandatı verilməyəcək.

Nəzərə almaq lazımdır ki, Rusiya ətrafındakı halqalar daralır. Rusiya ilə bağlı kritik təkliflər var. Məsələn, “terroru maliyyələşdirən ölkə”, “dünyanın təhlükəsizlik sistemi üçün təhdid yaradan ölkə” və sair kimi tanınması ilə bağlı. Yəni Rusiyanın beynəlxalq münasibətlər sistemindən sıxışdırılması prosesi gedir. Bütün bunları nəzərə aldıqda, Rusiya sülhməramlılarına BMT mandatının verilməsi xəyaldan başqa heç nə ola bilməz.

- Gündəmin başqa bir mövzusu yenidən İrandan Azərbaycana artan hədyanlarla bağlıdır. Bu dəfə SEPAH-ın Əlirza Tənhayi adlı generalı ölkəmizin ünvanına hədələyici açıqlama verdi, rejimin kanallarında “Artsax” sayıqlamasından danışılır. Bu fonda İranın Azərbaycandakı səfirinin Tehrana çağırılması diqqətdən yayınmadı. Üstəgəl, onun Tehranda erməni kilsəsində bir tədbirə qatılması. Sizcə, iki ölkə arasındakı bu gərginlik necə başa çata bilər?

- Belə görünür ki, İranın siyasi elitasında, dövləti idarə edən komandada ciddi parçalanma var. İkili, üçlü şəkildə parçalanmış dövlət strukturları mövcuddur. SEPAH dağıdıcı prosesdə əsas missiyanı üzərinə götürərək, ön plana çıxıb. Azərbaycana münasibətlə bağlı bütün sərəncamları və tədbirləri həyata keçirən SEPAH-ın intellektdən uzaq, başıboş generallarıdır. Amma dövlət – prezident və xarici işlər naziri səviyyəsində Azərbaycanla münasibətlərin yaxşılaşdırılması istiqamətində danışıqlar gedir.

Məncə, səfirin Tehrana çağırılmasında əsas məqsəd onu təlimatlandırmaq və bu çərçivədə onun Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün görəcəyi işlər önə çıxmalıdır. Hər halda etibarlı mənbələr bunu deyir ki, aranı qızışdıran SEPAH-dan fərqli olaraq, ölkənin əsas siyasi dairələri Azərbaycanla münasibətlərin korlanmasını İran üçün ciddi risk kimi dəyərləndirirlər. Bu baxımdan, İran tərəfindən Azərbaycanla münasibətlərin normallaşdırılması ilə əlaqəli addımların atılacağı ehtimalı kifayət qədər ciddi görünür.

- Artıq İranda dörd aydan çoxdur molla rejimi əleyhinə kütləvi nümayişlər davam edir. Sizcə, bu proses İranda hansı dəyişikliklərə yol açacaq?

- Artıq İranda baş verən hadisələr ayaqlanma və üsyan mərhələsini keçərək, inqilab və ya dəyişikliklər mərhələsinə qədəm qoyub. Bu proses fasiləsiz inqilablar sinfinə daxildir. Belə inqilablar heç vaxt dayanmır, müəyyən dövrdə özünün pik həddinə qalxır, bəzən səngimələr olur, amma yenidən toparlanaraq əsas hədəfi yönündə yenidən mübarizəyə başlayır.

İranda baş verən inqilab orada yaşayan bütün xalqların və millətlərin ümummilli mübarizəsidir. Bu xalqların hamısı rejimə qarşı eyni mövqedən mübarizə aparırlar.

Ötən ilin son günlərində bütün xalqların, hətta azsaylı etniklərin siyasi firqələrinin iştirakı ilə böyük bir forum keçirildi. Həmin forumda İranda rejim dəyişikliyi və bu ölkənin yeni dönəmə daxil olması ilə bağlı dəyişikliklər platforması müzakirə olundu və elan edildi. Bunlar onu göstərir ki, İranda bütün kəskinliyi ilə molla rejiminə qarşı mübarizə inqilabçıların gündəmində dayanan əsas prosesdir.

Artıq İran daxilindəki bu prosesə kənar dəstək də görünməyə başlayıb. Bu dəstək də müxtəlif kanallar vasitəsilə edilir. Hələlik bu, ruhi-mənəvi, siyasi dəstək verilir, üstəgəl, onların beynəlxalq müstəvilərdə mövqelərinin qorunması işi həyata keçirilir. Zamanla kənar dəstək başqa formalarda da özünü göstərə bilər.

Artıq bu çərçivədə ABŞ-ın təkidi ilə İranla nüvə danışıqları tamamilə gündəmdən çıxarılıb. Avropa Birliyi İrana qarşı yeni sanksiyalar paketi hazırlayıb, işləmə qoyub. Bundan başqa, molla rejiminin etirazçılara qarşı zorakılığı, barbar hərəkətləri, ən xırda məsələlərə görə insanları edam etməsi başda BMT olmaqla, digər beynəlxalq təşkilatlar tərəfindən hər gün qətiyyətlə pislənilir.

Belə görünür ki, molla rejimini dəyişmək üçün daxili amillərlə xarici faktorlar birləşməyə başlayıb.

Müəllif: Mənsur Rəğbətoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.