Ermənistan-Azərbaycan arasında vasitəçilikdə yeni dönəm: Qərb, yoxsa Rusiya?
7-01-2023, 09:45
“Ermənistan-Azərbaycan arasında müşahidə edilən gərginlik mərhələsi aşıldıqdan sonra danışıqlar prosesində ABŞ və Avropa ölkələrinin daha təşəbbüskar formada meydana girişəcəklərini güman edirəm. Rusiyanın ümumiyyətlə geosiyasi və strateji baxımdan zəifləməsi Cənubi Qafqazdakı mövqelərinə də ciddi təsir edəcək və gücdən düşməsinə səbəb olacaq. Onun bu bölgədəki vasitəçilik səyləri və modferatorluq istəkləri öz hədəfinə çatacaq. Beləcə də təşəbbüsün Qərb dünyanın əlinə keçəcəyini desəm yanılmaram”.
Bu sözləri Teleqraf.com-a sabiq dövlət müşaviri, professor Qabil Hüseynli bundan sonra Ermənistan-Azərbaycan arasında danışıqlarda vasitəçi kimi hansı güc mərkəzlərinin qabağa düşəcəyinə dair proqnozunu açıqlayarkən deyib.
Qabil Hüseynli əlavə edib ki, Qərb o zaman uğur əldə edəcək ki, problemlərin səbəb və nəticə əlaqələrini dürüst təhlil etsin, buna uyğun qərarlar qəbul etsin.
Onun sözlərinə görə,Azərbaycanın uzun illər Ermənistanın təcavüzünə məruz qalması, torpaqlarının 20 faizinin işğal altında saxlanılması və bunun doğurduğu qanlı nəticələrini nəzərə almadan problemlərə texniki müdaxilə etməyə çalışacaqlarsa, Qərbin də səyləri uğurlu olmayacaq:
“Azərbaycan qalib dövlət kimi istənilən vasitəçinin ədalətli olmasını, onun ərazi bütövlüyünə hörmət göstərməsini istəyir. Eləcə də onun ərazi bütövlüyü çərçivəsində suverenliyinə tam və qəti hörmət edilməsini gözləyir. Bu hörmət müqabilində Azərbaycan öz ərazisində yaşamağa qərar verən ermənilərin insan haqları və digər hüquqlarına qarant durmasına, problemlərin həllini öz üzərinə götürməyə hazırdır”.
Professor xatırladıb ki, Azərbaycan beynəlxalq təşkilatlardan və digər əlaqədar qurumlardan uzun müddətdir ki, qanı axan, indisə sabit regiona çevrilməyə çalışılmasını istəyir:
“Azərbaycan bu istiqamətdə atılan addımları da normal qarşılayır. Yalnız bu halda bölgədə dayanıqlı sülhə və ədalətə çatmaq mümkündür”.