“Şövkət xanım dedi ki, Bəxtiyar Vahabzadə bizə qonaq gələcək, yanında rus dilində danışma...”

7-01-2023, 12:55           
“Şövkət xanım dedi ki, Bəxtiyar Vahabzadə bizə qonaq gələcək, yanında rus dilində danışma...”
“Şövkət xanım heç vaxt pul ilə toylara gedib oxumayıb. Çox yaxın qohumlarının, rəfiqəsinin məclisinə gedərdi. Ora müğənni kimi yox, qohum, yaxın adam kimi gedirdi, hətta iştirak edib, pul da yazdırırdı. Ola bilsin ki, ondan xahiş edərdilər ki, bir ağız oxu, o da heç kimin qəlbinə toxunmazdı, oxuyardı. Toylardan maddiyat qazanmayıb. Sovet dövründə hamı necə yaşayırdısa, biz də elə yaşayırdıq. Şövkət xanımın qazancı sırf təqaüdü və müəllimlik məvacibi idi”.

TERERF.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova deyib.

“15 ildir ki, Tofiq Quliyevin adını daşıyan musiqi məktəbinin direktoruyam. Mənə elə gəlir ki, bu təsadüf deyil. Bəzən mənə sual verirlər ki, siz niyə bu qədər tədbirlər keçirirsiniz, bu qədər çalışırsınız?! Başqa cür ola bilməz axı! Mənim çiynimdə iki ad var-biri Şövkət xanım Ələkbərova, digər isə Tofiq Quliyev. Mən böyük bir məktəb keçmişəm. Bunu heç bir universitetdə, konservatoriyada görmək mümkün deyil. O vaxt texnika yox idi, olsaydı, biz bunları lentə alsaydıq çox gözəl kadrlar ərsəyə gələrdi. Tez-tez də olmasa anım və doğum günlərində Şövkət xanımın ocağına yığışırıq. Bizim hər zaman yığışdığımız ev Şövkət xanımın həyat yoldaşı, görkəmli kinorejissor Lətif Səfərovun evidir. Şövkət xanıma hər zaman deyərdilər ki, niyə istəmirsən ki, dövlət sənə ev versin?! O da həmişə deyərdi ki, mənim evim var, bax bu mənim evimdir. Bu çox maraqlı evdir. Stolun üstü hər zaman açıq idi, süfrə yığışdırılmazdı. Təsəvvür edin, Tofiq Quliyev, Cahangir Cahangirov, Emin Sabitoğlu və s. görkəmli insanlar bizim evimizə gələrdilər. Cahangir Cahangirov da bizim binada yaşayırdı. Şövkət xanım bir gün mənə dedi ki, Cahangir gözəl bir əsər yazıb, məşq etməyə gələcək. Bu da “Fizuli kantatası” əsəri idi. Bir dəfə də mənə dedi ki, bizə Bəxtiyar Vahabzadə gələcək, amma onun yanında rus dilində danışma, mən də rus sektorunu bitirmişəm. Dedim ki, yaxşı, danışmaram” deyə sənətkarın gəlini bildirib.

Gülnarə Səfərova Şövkət xanımın yaşadığı ağır hadisəni də bizimlə bölüşüb.

“Şövkət xanım çox çətin günlər yaşayıb. Buna görə də bütün insanlara, ələxsus da tələbələrinə hər zaman əl tuturdu. İkinci dünya müharibəsi zamanı cəbhədə konsert proqramı ilə çıxış edəndə yanında bomba partlamışdı, kontuziya almışdı. Bu hadisə ona stress yaşatmışdı. O hər zaman özü danışırdı ki, müharibə bitəndən sonra Azərbaycanın bütün kəndlərini qarış-qarış gəzirdik” deyə Gülnarə Səfərova deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.