“Dövlətin pulunu sağa-sola xərcləyir, kef edir” - Xalq artistinə ağır ittiham
9-01-2023, 16:09
Xalq artisti Şəfiqə Məmmədovanın bir neçə nəfərin iştirakı ilə keçirilən ümumi yığıncaqda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsindən sonra bu qurumun ətrafında yaranan qalmaqal səngimək bilmir.
TEREF.AZ bildirir ki, ARKİ üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov “Yeni Sabah”a açıqlamasında məsələnin hələ də həll olunmadığını deyib:
“Üzvü olduğum Kinematoqrafçılar İttifaqında keçirilən qurultay təxribatdır, yalançı qurultaydır. Ümumiyyətlə, elə bir qurultay olmayıb. Həmin saxta qurultayda iştirak edənlər ittifaqın 300 nəfər üzvündən üzrxahlıq etməlidirlər. Artıq onlar legitim deyillər, çünki hər 5 ildən bir qurultay çağırılmalı, seçki keçirilməlidir. Orada yeni proqramlar, layihələr müəyyən olunmalıdır. 12 ildir ki, burada heç bir seçki aparılmır. Niyə?! Bu kimin marağına xidmət edir? İttifaqı da özəlləşdirib vermişik beş-üç nəfərin ixtiyarına, onlar da özləri üçün iş yeri açıb kef edirlər, dövlət büdcəsini sağa-sola xərcləyirlər. Beş ildən bir seçki keçirməyən idarə heyəti də, onların sədri də qeyri-legitimdir. Təcili surətdə bu məsələ dövlət tərəfindən yoxlanılmalıdır və qurultay keçirilməlidir. Əks təqdirdə baş verənlər xəyanətdir, cinayətdir, mədəniyyətimizə qarşı törədilən növbəti təxribatdır.
Ən qısa zamanda qurultay keçirilməsi, demokratik seçki yolu ilə rəhbər seçilməlidir. Ondan sonra şəffaf şəkildə kim seçilərsə, Allah işini avand eləsin. Ondan sonra fəaliyyətini müzakirə edərik. Bu nə oyundur, bu nə tayfabazlıq, nə yerlibazlıqdır?! Hərə özü üçün bir yer təşkil edib işləyir. Hansını dindirsən deyir ki, filankəs bizim arxamızdadır. Kimdir o filankəs ki, bu ölkəni dağıdıb parçalayır? O prezidentə qarşı çıxır, şəxsi qruplarını yaradır. Bu qrupların ölkəni hara sürüklədiyini hamımız yaxşı bilirik!”
Tanınmış kinorejissor bizimlə söhbətində bildirdi ki, bu gün Azərbaycanda iki kinematoqrafiya ictmai təşkilatının fəaliyyətinə ehtiyac yoxdur:
“Bu təxribatı törədənlər üzr istəməlidirlər. İttifaqda qanun mütləq bərqarar olmalıdır. Biz şəxsi maraqlara heç nəyi qurban verə bilmərik. İttifaqdakı söz-söhbət qurtarmalı, hər iki kino ittifaqı bir araya gəlməlidir və qurultay keçirilməlidir.
Artıq içəridən, bütün sahələrdə islahatlar aparılmalıdır. İdarəçilik strukturları yoxlanmalıdır, şəxsi münasibətlər, alış-veriş, qohum əqrəba, bacanaq, tayfa söhbətləri bizi bura gətirib çıxarıb. Bu, faciədir. Bu bizə, xalqa hansı faciələri yaşadır hər gün şahidi oluruq, məsələ kökündən həll olunmalıdır”.